EN

Deputat: Bələdiyyə sistemində köklü islahatlar davam etdirilməlidir

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Bələdiyyə sistemində hökmən əsaslı və köklü islahatlar davam etdirilməlidir, amma təəssüf ki, müəyyən problemlər qalmaqdadır".

Oxu.Az xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deputat Kamran Bayramov deyib.

"Bu problemlərə bələdiyyə xəritələrinin və mülkiyyət sənədlərinin verilməsi problemi aiddir ki, bu məsələ artıq dəfələrlə səsləndirilib. Amma qeyd edim ki, bu məsələ bələdiyyələrin inkişafına və maliyyə baxımından güclənməsinə ən böyük maneədir. Digər problem bələdiyyələrin borcları ilə bağlıdır. Birləşmiş bələdiyyələrin təxminən 100-nün hesabı sosial müdafiə ödənişləri üzrə yaranmış borclardan bağlıdır. Sual olunur ki, onlar necə fəaliyyət göstərirlər, nə iş görürlər, vətəndaşlara necə xidmət göstərirlər? Elə məruzədə də bu problemli məsələ qabardılmır, onun həlli yolları göstərilmir, müvafiq təkliflər verilmir. Dotasiyaların və subvensiyaların ayrılması problemi ilə bağlı qeyd edim ki, onların verilməsi mexanizmində və meyarlarında müəyyən dəyişikliklərə ehtiyac var. Dotasiyaların bölüşdürülməsi əsasən əhalinin sayına görə həyata keçirilir, amma burada borcu olan bələdiyyələrə daha böyük üstünlük verilməlidir ki, borcları ödəsinlər və normal qaydada işləyə bilsinlər. Təəssüf ki, subvensiyalarla bağlı vəziyyət daha acınacaqlıdır, çünki son iki ildə subvensiyalar ayrılmadı, halbuki subvensiyalar bələdiyyə müəssislərinin və xidmət sahələrinin yaradılmasına yönəldilə bilərdi", - deputat vurğulayıb.

Onun sözlərinə görə, bələdiyyə müəssisələri problemi də aktualdır:

"Yeri gəlmişkən, məruzədə 4 bələdiyyə müəssisəsinin yaradılması qeyd olunur, amma onların yaradılması tarixi, fəaliyyəti, rentabelliyi və səmərəliliyi barədə məlumat verilmir. Sosial şəbəkə profillərində də bu barədə heç bir məlumat yoxdur. Müəssisələr varsa, fəaliyyət göstərirsə, onların fəaliyyəti təbliğ olunmalıdır, ictimailəşdirilməlidir, əgər bu edilmirsə, deməli onlar fəaliyyətsizdir və heç bir gəlir gətirmir. Ümumiyyətlə, bələdiyyə müəssisələri haqqında qanun qəbul olunmalıdır, vahid bir yanaşma tətbiq olunmalıdır, statusu, fəaliyyəti, üstünlükləri müəyyən edilməlidir. Bununla yanaşı, son zamanlar qəbiristanlıqların salınması və idarə olunması ilə bağlı təsdiq olunmuş qaydaların icrasında da müəyyən çətinliklər var. Belə ki, qaydaların bir çox müddəaları onların qüvvəyə minməsindən əvvəl mövcud olan qəbiristanlıqlara şamil edilmir. Bəzi mövcud qəbiristanlıqlar isə bələdiyyələrə təhvil verilib. Nə əsasla, hansı məntiqlə bunu edirlər? Bu gün heç bilinmir ki, bu və ya digər qəbiristanlıq hansı qurum tərəfindən idarə olunur. Bələdiyyələr üçün əlavə yükdür, maliyyə tələb edir. Ya hamısı təhvil verilməlidir, ya da ümumiyyətlə verilməməlidir. Düşünürəm ki, Ədliyyə Nazirliyi bu məsələ ilə bağlı müəyyən araşdırma apara bilər".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
56
oxu.az

1Sources