Macarıstanın baş naziri xəbərdarlıq edir: Aİ-ni ən çətin və təhlükəli dövrlər gözləyir...
Poliqon xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban Avropada baş verən proseslərin qitəni getdikcə müharibəyə yaxınlaşdırdığını bəyan edib. O, X sosial şəbəkəsində paylaşımında qeyd edib ki, demək olar hər həftə Avropanı müharibəyə bir addım da yaxınlaşdıran yeni hadisələr baş verir və qarşıda Avropa İttifaqını “ən təhlükəli zamanlar” gözləyir.
“Demək olar ki, hər həftə Avropanı müharibəyə yaxınlaşdıran yeni hadisələr baş verir. Qarşıda bizi ən təhlükəli dövrlər gözləyir. Macarıstan bu dəliliyin içinə çəkilməməlidir”, – deyə Orban vurğulayıb.
Baş nazir xatırladıb ki, NATO-nun baş katibi Mark Rütte fevralın 3-də Ukrayna ərazisində xarici qoşunların yerləşdirilməsi imkanından danışıb. Eyni zamanda, Avropa Parlamentinin deputatı Manfred Veberin Ukraynada “Avropa bayrağı olan formada” əsgərləri görmək istədiyini söyləməsi də Orban tərəfindən narahatlıqla qeyd olunub.
Viktor Orban daha əvvəl bildirmişdi ki, Rüttenin Avropa qoşunlarının Ukraynada yerləşdirilməsi ilə bağlı planlarının reallaşması kollektiv Qərblə Rusiya arasında birbaşa müharibə demək olacaq. O, eyni zamanda Macarıstanın Avropa ölkələrinin Ukraynaya hərbi kontingent göndərməsi təşəbbüsündə iştirak etməyəcəyini dəfələrlə bəyan edib.
Macarıstanın baş naziri əlavə edib ki, Avropada müharibə ilə bağlı müzakirələr aparılarkən açıq şəkildə etiraf edilməlidir: əvvəlcə Ukraynaya Budapeştin maliyyə vəsaitləri göndərilə bilər, daha sonra isə bu proses gənc macarların həyatına və təhlükəsizliyinə birbaşa təsir göstərə bilər.
Poliqon.info