EN

Notariat və qeydiyyat sahəsində yeni Fərman — Səlahiyyətlər bölündü

Notariat və qeydiyyat sahəsində yeni Fərman — Səlahiyyətlər bölündü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda edilmiş dəyişikliklərin tətbiqi ilə bağlı Fərman imzalayıb. Bu fərman dövlət qurumlarının rəqəmsal məlumat mübadiləsi və qeydiyyat proseslərindəki səlahiyyətlərini dəqiqləşdirir.

Fərmana əsasən, qanunvericilikdə qeyd olunan “müvafiq icra hakimiyyəti orqanı” ifadəsinin konkret hansı dövlət qurumlarını əhatə etdiyi müəyyənləşdirilib:

Səlahiyyətli qurumların bölgüsü:

İqtisadiyyat Nazirliyi (Dövlət Vergi Xidməti): Notariat fəaliyyəti və hüquqi şəxslərin reyestri ilə bağlı bir sıra tənzimləmə səlahiyyətlərini icra edəcək;

Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti: Hüquqi şəxslərin qeydiyyatı zamanı tələb olunan müvafiq məlumatların təmin edilməsi və yoxlanılmasına məsul olacaq;

Ədliyyə Nazirliyi: Müvafiq məlumat bazaları və notariat sənədləri ilə bağlı xüsusi səlahiyyətləri həyata keçirəcək.

Bu dəyişikliklər dövlət reyestrindəki məlumatların dürüstlüyünü artırmaq, qurumlararası inteqrasiyanı sürətləndirmək və hüquqi şəxslərin qeydiyyatı prosesində bürokratik maneələri minimuma endirmək məqsədi daşıyır.

Nazirlər Kabinetinə və İqtisadiyyat Nazirliyinə sənəddən irəli gələn məsələlərin həlli tapşırılıb.

Fərmanın tam mətnini təqdim edirik:

“Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 336-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 336-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin on dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 32-ci maddəsinin on dördüncü hissəsində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.3. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-2-ci (ikinci halda) maddəsində, 9.2-5-ci maddəsinin birinci abzasında və 9.5-ci (hər iki halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.4. həmin Qanunun 9.2-2-ci maddəsində “orqan (qurum)” dedikdə həmin Qanunun 9.2-1.2-ci maddəsində qeyd olunan məlumatlara münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, həmin Qanunun 9.2-5-ci maddəsində qeyd olunan məlumatlara münasibətdə isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Qanunun 9.5-ci (birinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Qanunun 9.2-5-ci maddəsinin birinci abzasında və 9.5-ci (ikinci halda) maddəsində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 336-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsinlər.

3. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 40 (Cild I); 2024, № 2, maddə 141; 2025, № 2, maddə 125) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3.1-ci bəndə “Qanununun” sözündən sonra “32-ci maddəsinin on dördüncü hissəsində,” sözləri əlavə edilsin;

3.2. 3.16-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.17-ci bənd əlavə edilsin:

“3.17. həmin Qanunun 32-ci maddəsinin on dördüncü hissəsində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.”.

4. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 228 (Cild I); 2024, № 7, maddə 789, № 12 (I kitab), maddə 1292; 2025, № 5, maddə 454, № 7, maddə 650, № 11, maddə 1018) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bəndə “8-1.2-ci” sözlərindən sonra “, 9.2-2-ci (ikinci halda) maddələrində, 9.2-5-ci maddəsinin birinci abzasında, 9.5-ci (hər iki halda)” sözləri əlavə edilsin;

4.2. 2.5-1-ci bənddə “13.3-1-ci maddəsində” sözləri “9.2-5-ci maddəsinin birinci abzasında, 9.5-ci (ikinci halda) və 13.3-1-ci maddələrində” sözləri ilə əvəz edilsin;

4.3. 2.11-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.11. həmin Qanunun 9.2-2-ci maddəsində “orqan (qurum)” dedikdə həmin Qanunun 9.2-1.2-ci maddəsində qeyd olunan məlumatlara münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, həmin Qanunun 9.2-5-ci maddəsində qeyd olunan məlumatlara münasibətdə isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;”;

4.4. aşağıdakı məzmunda 2.14-3-cü bənd əlavə edilsin:

“2.14-3. həmin Qanunun 9.5-ci (birinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 fevral 2026-cı il

Chosen
38
3
afn.az

5Sources