Braziliya alimlərinin araşdırmasına görə, qısa, lakin intensiv fiziki məşqlər panik pozuntularının simptomlarını ənənəvi rahatlama texnikalarından daha effektiv şəkildə azalda bilər.
Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Frontiers in Psychiatry" jurnalında dərc olunub.
Panik hücumlar gözlənilmədən yaranan, səbəbi məlum olmayan güclü qorxu epizodlarıdır. Həyatında ən azı bir dəfə bu təcrübəni yaşayan insanların sayı təxminən 10%-dir. Onların 2–3%-ində hücumlar kifayət qədər tez-tez və şiddətli olur ki, nəticədə panik pozuntular formalaşır. Ənənəvi müalicə üsulu olaraq kognitiv-davranış terapiyası (KDT), bəzən isə antidepressantlarla birlikdə tətbiq olunur.
KDT-nin əsas elementlərindən biri interoseptiv ekspozisiyadır. Bu metodla xəstələr panik hücum zamanı baş verən fiziki simptomlarla sürətlənmiş ürək döyüntüsü, nəfəs darlığı, tərləmə tanış edilir və göstərilir ki, bu simptomlar öz-özlüyündə təhlükəli deyil.
Adətən ekspozisiya psixoterapevt kabinetində süni üsullarla hiper-ventilyasiya və ya stulda fırlanma kimi məşqlərlə aparılır. Lakin yeni tədqiqat göstərib ki, daha real və intensiv fiziki məşqlər daha effektiv ola bilər.
Araşdırmanın rəhbəri, San-Paulu Universitetinin Tibb Fakültəsinin alimlərindən Rikardo Uilyam Muotri bildirib:
“Biz göstərdik ki, 12 həftəlik qısa intensiv interval məşqləri proqramı panik pozuntusu olan xəstələr üçün interoseptiv ekspozisiya strategiyası kimi istifadə edilə bilər”.
Tədqiqatda 102 yetkin iştirakçı iştirak edib. Onlar 12 həftə ərzində həftədə üç dəfə ya intensiv interval məşqləri, ya da KDT-də istifadə olunan standart rahatlama məşqlərini yerinə yetiriblər. Həmin dövrdə iştirakçılara dərman verilməyib.
Eksperimental qrup yüksək intensivlikli qısa qaçışlardan ibarət məşqlər edib, kontrol qrupu isə əzələlərin gərilməsi və rahatlaması üzrə məşqlər yerinə yetirib. Bütün iştirakçılar biometrik cihazlarla izlənilib, nəticələri isə iştirakçının hansı qrupa aid olduğunu bilməyən psixiatr qiymətləndirib.
Hər iki metod simptomların azalmasına səbəb olsa da, intensiv məşqlər qrupunda effekt daha güclü olub. Bu qrupda panik və aqorafobiya göstəriciləri daha çox azalıb, panik hücumların tezliyi və şiddəti isə nəzərəçarpacaq dərəcədə düşüb. Müsbət effekt ən azı altı ay müddətində saxlanıb.
Alimlər qeyd edirlər ki, iştirakçılar fiziki məşqlərdən daha çox zövq alıblar, bu da terapiyaya sadiqliyi artırır.
Muotri əlavə edib: “Qısa intensiv məşqlər təbii və ucuz interoseptiv ekspozisiya üsuludur. Onları klinika xaricində də yerinə yetirmək olar, bu da terapiyanı xəstənin gündəlik həyatına yaxınlaşdırır”.
Tədqiqatçılar hesab edirlər ki, bu yanaşma yalnız panik pozuntularında deyil, digər narahatlıq və depressiv vəziyyətlərin müalicəsində də faydalı ola bilər.
Nuriyyə NATİQQIZI