EN

Nəcməddin Sadıkovun müavini olmuş general məhkəməyə verildi

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini-Əməliyyat Baş İdarəsinin rəisi olmuş general-leytenant Ayaz Həsənovla bağlı məhkəməyə müraciət olunub. APA-nın əldə etdiyi məlumata görə, onunla bağlı mülki iddia qaldırılıb. İddiaya Bakıda məhkəmələrin birində baxılacaq. İddia icraata götürülüb. Məhkəmənin hazırlıq iclası fevralın 13-nə təyin edilib. Sabiq Baş Qərargah rəisinin müavini Ayaz Həsənovun ev alqı-satqısı ilə bağlı verdiyi sözə əməl etmədiyi iddia olunur. Belə ki, o, Novxanıda yerləşən bağ evini satarkən evi təmir edəcəyini desə də, verdiyi sözə əməl etməyib. Alıcı Ayaz Həsənova bununla bağlı bir neçə dəfə müraciət etsə də, müsbət cavab ala bilməyib. Ona görə də alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət edilib. Hazırlıq iclasında general-leytenantın əmlaklarına həbs qoyulması ilə bağlı vəsatətin veriləcəyi gözlənilir. Qeyd edək ki, general-leytenant Ayaz Həsənov 2017-2021-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il iyulun 23-də vəzifəsindən azad edilib. O, Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı kimi tanınır.
Chosen
30
18
7news.az

10Sources