ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
Avropa İttifaqı Ukraynanın üzvlüyünü sürətləndirmək məqsədilə fəal şəkildə yeni plan hazırlayır.
Bizimyol.info xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb. Mənbələrin “əksinə genişlənmə” adlandırdığı bu plan Aİ-nin mövcud qəbul mexanizmlərini çevikləşdirməyi nəzərdə tutur.
Aİ-nin ilk addımı Ukraynaya üzvlüyə gedən yolda hüquqi tədbirlərlə bağlı danışıqlar zamanı “ilkin dəstək” göstərmək olacaq. Bu dəstək qeyri-rəsmi tövsiyə və istiqamətlər şəklində təqdim ediləcək. Aİ və Ukrayna nümayəndələri artıq bu cür altı tədbirdən üçü üzrə müzakirələr aparıblar və mart ayında keçiriləcək qeyri-rəsmi görüşdə danışıqları davam etdirməyi planlaşdırırlar. "Politico" qeyd edir ki, Avropa İttifaqı islahatların keyfiyyəti məsələsində güzəştə getmək niyyətində deyil.
İkinci addım kimi Aİ-yə üzvlüyün sadələşdirilmiş modelinin yaradılması nəzərdən keçirilir. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu çərçivədə bir sıra variantlar irəli sürüb. Onların arasında “əksinə genişlənmə” modeli də var ki, bu yanaşma üzvlük üçün müəyyən edilmiş mövcud meyarları dəyişə bilər. Mənbənin sözlərinə görə, “ölkə əvvəlcə ittifaqa qoşulur, daha sonra ona hüquq və öhdəliklər tədricən verilir”. Aİ rəsmiləri bildiriblər ki, bu yanaşma münaqişələr və ya Aİ üzvlərinin müqaviməti səbəbindən qəbul prosesi ləngiyən ölkələrə siyasi siqnal göndərmək məqsədi daşıyır.
Növbəti addım Avropa İttifaqı daxilində Macarıstanın mövqeyinin neytrallaşdırılması ilə bağlıdır. Bəzi avropalı siyasətçilər gələcək seçkilərdə ölkənin baş naziri Viktor Orbanın məğlub olacağına ümid edirlər. Bu halda Macarıstanın başına Ukraynaya daha loyal bir siyasətçinin gələcəyi ehtimal olunur.
Dördüncü addım Orban üzərinə Vaşinqtonun vasitəsilə təzyiq göstərmək cəhdi ola bilər. Aİ nümayəndəsinin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyaya qarşı sanksiyaların müzakirəsi zamanı artıq Macarıstanın baş nazirinə təsir göstərib.
Beşinci və ən sərt addım kimi isə Avropa diplomatları Avropa İttifaqı müqaviləsinin 7-ci maddəsinin tətbiqi yolu ilə Macarıstanın səsvermə hüququndan məhrum edilməsini müzakirə edirlər. Bu maddə Aİ-də ən ciddi siyasi sanksiya sayılır və ittifaq dəyərlərinin pozulması şübhəsi yarandıqda tətbiq oluna bilər. Hazırda Aİ Budapeştə qarşı bu maddəni işə salmağı planlaşdırmır, lakin Orbanın seçkilərdə yenidən qalib gələcəyi təqdirdə məsələyə qayıdıla biləcəyi istisna edilmir.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.