"Dövlət siyasətimizin nəticəsidir ki, regionda sülh yaranır. Bu sülhün dayanıqlı və davamlı olması üçün digər mühüm addımlarla şərtlərlə yanaşı, ən birinci atılan addımlardan biri də hərbi cinayətkarların cəzalandırılmasıdır, qatillərin cəzalandırılmasıdır".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Aydın Hüseynov bildirdi.
O əlavə etdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin bu cinayət işi üzrə çıxardığı hökm tamamilə ədalətlidir:
"Azərbaycan qanunlarına və beynəlxalq qanunlara uyğundur. Məhkəmənin hökmü hüquqi, tarixi, siyasi və mənəvi baxımdan ədalətli hökmdür. Separatçı rejimin liderləri onilliklər boyu beynəlxalq hüququn bütün norma və prinsiplərini tapdalayıb, Azərbaycan Respublikasının suverenliyinə qarşı silahlı qiyamlar keçirib, mülki əhaliyə qarşı ağır cinayətlər törədib, minlərlə insanların həyatına son qoyub, yüz minlərlə vətəndaşlarımızı doğma yurd-yuvasından didərgin salıblar. Bu cəlladlar illərlə özlərini siyasi fiqur kimi təqdim edirdilər, əslində beynəlxalq hüquq baxımından cinayətkar olaraq qalırdılar. Onlar mütləq yol verdikləri insanlıq əleyhinə cinayətlərin hüquqi cəzasını almalıdırlar. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra başlayan hüquqi proseslər göstərir ki, dövlət yalnız hərbi sahədə deyil, hüquq müstəvisində də prinsipial və qətiyyətlidir. Məhkəmə prosesi açıq, şəffaf və hüquqi prosedurlara uyğun aparılır. Bu da separatçı liderlərin və onların havadarlarının bu qərarları siyasi sifariş kimi iddialarını tam şəkildə boşa çıxarır. Ömürlük həbs hökmü bir daha onu göstərdi ki, ağır hərbi cinayətlər, insanlığa qarşı əməllər və dövlətə qarşı silahlı qiyam cəzasız qalmır. Bu qərar eyni zamanda gələcək üçün ciddi mesajdır: Azərbaycan Respublikasına qarşı istənilən separatçı cəhd hüquqi müstəvidə ciddi şəkildə cavab alacaqdır".
Nuriyyə NATİQQIZI