"Bu gün tariximizdə mühüm bir gün olaraq yadda qalacaq. Çünki Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Bakıya səfər edir. Xalqımız və dövlətimiz bu səfərin uğurlu olmasını arzu edir və ümid edirik ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasındakı münasibətlər, xüsusilə də iqtisadi-ticari əlaqələr yeni bir müstəviyə qalxacaqdır".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Qüdrət Həsənquliyev bildirdi.
Deputat xatırlatdı ki, Azərbaycan 2022-ci ildə Çinlə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb:
"Həmin vaxt cəmiyyətdə müəyyən gözləntilər yaranmışdı ki, Çin tərəfindən ölkəmizə böyük investisiyalar daxil olacaq. Lakin təəssüf ki, bu gözləntilər tam reallaşmadı. İndi isə görürük ki, Amerika Birləşmiş Ştatları ölkəmizə 18 milyard dollar, Çin isə cəmi 3 milyard dollar həcmində investisiya qoyub. Cənab Prezident də görüşdə çox mühüm bir bəyanatla çıxış etdi və qeyd etdi ki, Azərbaycan qarşıdurma deyil, əməkdaşlıq məkanı olmalıdır. Hesab edirəm ki, ölkəmizdə bir çox sahələrə ciddi investisiyanın yatırılmasına ehtiyac var. Bunlardan biri kənd təsərrüfatıdır. Baxmayaraq ki, işğaldan azad edilmiş 147-200 min hektar torpaq sahəsini fermerlərimizin istifadəsinə qaytarmışıq, 2023-cü ildən bu yana kənd təsərrüfatı məhsullarının istehsalında azalma müşahidə olunur: 2024-cü ildə 1.5%, 2025-ci ildə isə 0.9% azalma olub. Ərzaq məhsullarının idxal həcmi isə ildən-ilə artır.Ona görə də kənd təsərrüfatı və maşınqayırma sahələrinə xarici mütəxəssislərin və texnologiyaların cəlb edilməsi vacibdir. Xüsusilə bölgələrdə yeni iş yerlərinin açılmasına böyük ehtiyac var. Ümid edirəm ki, bu səfər ölkəmiz üçün hər cəhətdən faydalı olacaqdır".
Nuriyyə NATİQQIZI