ABŞ-nin Merilend ştatında baş verən silahlı hücum nəticəsində 1 şagirdin yaralandığı, şübhəlinin isə saxlanıldığı açıqlanıb.
"Cebheinfo.az" xəbər verir ki, Montqomeri dairə polisinin verdiyi məlumata görə, Rockvill bölgəsində yerləşən Thomas S. Vootton liseyində baş verən insident zamanı bir şagird qarın nahiyəsindən güllə yarası alıb və xəstəxanaya çatdırılıb.
Dərs saatları ərzində baş verən hücumdan sonra əraziyə çoxlu sayda təhlükəsizlik qüvvəsi cəlb edilib. Açıqlamada məktəbə aparan bütün yolların saatlarla nəqliyyatın hərəkətinə bağlandığı qeyd olunub.
Polisin məlumatında silahlı hücumu həyata keçirən şəxsin həmin məktəbdə oxuyan şagird olduğu bildirilib. Şübhəli şagird hadisədən qısa müddət sonra məktəbin yaxınlığında saxlanılıb.
Eyni zamanda, təhlükəsizlik qüvvələri mümkün başqa hücum riskinin olmadığından əmin olana qədər şagirdlərin sinif otaqlarından çıxmasına icazə verməyib.
Bu müddət ərzində valideynlərin məktəb ətrafında narahat gözlənti içində olduğu bildirilib.