“Direktorların işə qəbulu üçün müsahibə mərhələsi artıq başa çatıb”.
Redaktor.az xəbər verir ki, bunu MÜTDA-nın şöbə müdiri Nurlan İsmayılbəyli Təhsil TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda həm Bakı şəhərində, həm də regionlarda fəaliyyət göstərən təhsil müəssisələri üzrə müsahibədən uğurla keçmiş namizədlərin vakant vəzifələrə yerləşdirilməsi istiqamətində işlər davam etdirilir. İlkin nəticələrə əsasən, yüzə yaxın namizədin vakant vəzifələrə yerləşdirilməsi təmin olunacaq.
İsmayılbəyli deyib ki, oktyabr-noyabr aylarında şagird sayı 500-dən çox olan təhsil müəssisələrində mövcud vakant vəzifələr üçün əlavə müsahibə elan olunub. Bu istiqamət üzrə müraciətlərin qəbulu və emalı artıq tamamlanıb və müsahibə mərhələsini uğurla başa vuran namizədlərə bu barədə məlumat təqdim edilib.
Cari yerləşdirmə mərhələsi başa çatdıqdan sonra həmin namizədlər üçün müsahibələrə start veriləcək. Bu müsahibələrin nəticələrinə əsasən daha 70-dən artıq vakansiya üzrə təyinatın həyata keçirilməsi nəzərdə tutulur.