EN

İnsanı bağışlamaq üçün nə etmək lazımdır? Psixoloqdan addım addım izah

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Bağışlamaq birinə qarşı hiss edilən qəzəb, kin və intiqam duyğularından şüurlu şəkildə imtina edərək qarşı tərəfə anlayış və mərhəmətlə yanaşmaq kimi izah olunur. 

Psixoloqların fikrincə, insan bağışladığı zaman özünü “qurban” rolundan çıxarır və mənəvi baxımdan yüngülləşir. Mütəxəssislər bağışlamanı həm psixoloji, həm sosial, həm də mənəvi azadlığa aparan bir proses kimi dəyərləndirirlər. 

Ancaq bəzən insanlar “bağışladım” desələr də, daxili rahatlıq tapmadıqlarını etiraf edirlər. Bu halda sual yaranır, əslində bağışlama prosesi necə olmalıdır? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin psixoloqu Samirə İsmayılova bildirib ki, bağışlamaqla sağalmaq eyni proses deyil.

O qeyd edib ki, bağışlama insanın daxilindəki ağrını hər zaman aradan qaldırmır:

“Çox adam bir cümləni tez-tez deyir: “Mən bağışladım, artıq problem yoxdur”. Amma gecələr yenə ağrı qayıdır, bədən gərginləşir. Eyni mövzular təkrar-təkrar içdə canlanır və insan özünə sual verir: “Mən axı bağışlamışdım, bəs niyə hələ də acıyır?”

Çünki bağışlamaqla sağalmaq eyni proses deyil. Bağışlama çox vaxt zehni qərardır. İnsan başa düşür, analiz edir, hətta qarşı tərəfi haqlı çıxarmağa çalışır. “O da bilmirdi”, “onun da uşaqlığı çətin olub”, “hamı səhv edir” deyir. 

Bu cümlələr insanı sakitləşdirə bilər. Amma sakitləşmək sağalmaq demək deyil. Sağalma daha dərin bir yerdə baş verir. O, təkcə düşüncədə yox, bədəndə və emosiyada olur. Travma keçmişdə baş verən hadisə deyil, travma həmin hadisədən sonra bədəndə qalan reaksiyadır. Siz bağışlaya bilərsiniz, amma bədən hələ də təhlükədə olduğunu düşünə bilər”. 

Psixoloq əlavə edib ki, çox vaxt insan yükdən qurtulmaq üçün bağışlayır: 

“İnsan ağrıdan, yükdən qaçmaq üçün “Bağışladım” deyir. Düşünür ki, bağışlamasa, ağır olacaq. Amma bu zaman bağışlama özünü qoruma forması yox, özünü susdurma forması olur. Bəzən isə bağışlama cəmiyyətin təzyiqi ilə gəlir. “Bağışla, rahatla”, “Bağışlamasan, irəli gedə bilməzsən” və s. kimi cümlələr yaxşı niyyətli səslənsə də, insanı tələsdirir.

Halbuki sağalma tələsmir. Sağalmaq o deməkdir ki, hadisəni xatırlayanda, bədəniniz sıxılmır, özünüzü günahlandırmırsınız, sərhəd qoymaqdan qorxmursunuz, eyni davranışı yenidən qəbul etmirsiniz”. 

Samirə İsmayılova vurğulayıb ki, bağışlayıb, amma hələ sağalmamış insanlar adətən eyni münasibətləri təkrar yaşayırlar:

“Bağışlama çox vaxt şəxsi sərhədlər bərpa olunmadan edilir. Sağalma məhz oradan başlayır: “Bu mənə zərər verdi və mən buna bir daha icazə verməyəcəyəm”. Ən vacib həqiqət budur ki, bağışlama məcburi deyil. Bəzən insanın sağalması üçün kimisə bağışlamağa yox, yaşananı anlamağa, ona düzgün ad qoymağa və məsuliyyəti öz üzərindən götürməyə ehtiyacı var. Sağalma səssiz prosesdir. 

Onu elan etməyə ehtiyac olmur. “Sağaldım” demək yox, davranışların dəyişməsi bunu göstərir. Əgər artıq hər kəsə dözmürsünüzsə, özünüzü izah etmək məcburiyyəti hiss etmirsinizsə və eyni ağrının içində ilişib qalmırsınızsa, deməli, sağalma başlayıb. Bağışlama ola da, olmaya da bilər. Amma sağalma həmişə insanın özündən başlayır”. 

Əfsanə Rəcəb 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
131
1
cebheinfo.az

2Sources