“Kubinka”da yeni binalar tikmək üçün söküntü işləri aparan “RR Constructions” MTK həmin ərazidəki evinə görə 2 milyon manat təzminat istəyən Fidan Süleymanlını xüsusi ittiham qaydasında məhkəməyə verib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, buna səbəb F.Süleymanlının şirkətinin qanuni təmsilçisi Nadir Abdullayevlə bağlı “TikTok”da səsləndirdiyi fikirlərdir.
Belə ki, N.Abdullayev iddia ərizəsində qeyd edib ki, F.Süleymanlı özünə aid “TikTok” hesablarında onun şəxsiyyətini təhqir edib, barəsində “ermənilər”, “terrorçular”, “türmədə yatan və cinayətkar” və digər ifadələri işlədib.
Nadir Abdullayev bildirib ki, Fidan Süleymanlının hərəkətləri onu mənəvi-psixoloji baxımdan ağır vəziyyətə salıb.
İddiaçı F.Süleymanlının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində 3 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məhkəmədən xahiş edib.