ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Türkiyənin keçmiş MİT rəhbəri Ali Burak Darıcalının açıqlamaları bölgədə gedən proseslərin Ankara tərəfindən daha geniş təhlükəsizlik prizmasından izlənildiyini göstərir. Onun İranın da gec-tez Suriyaya bənzər sarsıntılarla üzləşə biləcəyi fikri regionda mövcud status-kvonun dayanıqlı olmadığına dair mesaj kimi oxunur. Xüsusilə Güney Azərbaycanın mümkün geosiyasi “fırtınadan” qorunacağına dair vurğu Türkiyənin bu bölgəyə münasibətdə həssas və selektiv yanaşmasını ortaya qoyur. Bu yanaşma Ankaranın İranın gələcəyini yalnız regional deyil, həm də etnik və təhlükəsizlik kontekstində dəyərləndirdiyini göstərir.
Türkiyəli politoloq Hüsamettin İnanç Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran və Türkiyə arasındakı münasibətlər heç vaxt müsbət məcrada inkişaf etməyib, xüsusilə 1979-cu il qondarma İslam İnqilabından sonra yaranan molla rejimi həmişə Türkiyəni düşmən kimi görüb: “Türkiyənin Yaxın Şərqdə qazandığı hər hansı bir qazancın İran üçün itki olduğu prinsipi ilə hərəkət edirdi. İran Türkiyədəki terror təşkilatlarını, əsasən PKK-nı dəstəkləyir və Türkiyəni parçalamaq və bölmək üçün hər şeyi edirdi, o cümlədən ideologiya idxal və ixrac edirdi. Buna görə də, o gündən bu günə qədər Türkiyə uzun müddətdir qonşumuz olaraq İranla güclü münasibətlər saxlamağa çalışarkən, eyni zamanda İranın ərazi bütövlüyünü qorumağa çalışarkən, eyni zamanda İrana qarşı mübarizəsini davam etdirir”.
Hüsamettin İnanç
Hüsamettin İnanç qeyd edib ki, bu prosesdə ən çox təsirlənənlər İrandakı türklər olub: “Onları Cənubi Azərbaycanlılar adlandırırıq. İran İslam İnqilabını ən çox dəstəkləyən və Xomeyni ilə birlikdə hərəkət edən qrup olmasına baxmayaraq, İrandakı türklər tədricən əzilir, hüquqları əllərindən alınır və onlara məhəl qoyulmur. Lakin oradakı türklər həmişə özlərini İranın ayrılmaz bir hissəsi kimi görüblər. Yəni, onlar heç vaxt rejimə qarşı etiraz etməyiblər və ya başqa bir müxalifət formasında iştirak etməyiblər. Türkiyə bunun əhəmiyyətli bir üstünlük olduğunu bilir”.
Hüsamettin İnanç vurğulayıb ki, son dövrlərdə, xüsusən də 2020-ci ildə Qarabağ müharibəsi zamanı İranın Ermənistana birbaşa dəstəyi, xüsusən də lojistik dəstəyi və bu qüvvələri Cənubi Azərbaycandakı türklərin yaşadığı bölgə, yəni Urmiya bölgəsi vasitəsilə daşıması ciddi problemlərə səbəb olmuşdu: “Xüsusilə son beş-altı ildə Türk Dövlətləri Təşkilatının varlığını göstərməsi, Ermənistan-Azərbaycan müharibəsində və Qarabağ müharibəsində, bir günlük lokal antiterror əməliyyatında Azərbaycanın uğuru bütün türklər arasında böyük sevinc, sinerji və özünəinam yaratdı. Buna görə də, son zamanlar, xüsusən də Azərbaycanda, İrandakı türk soydaşlarımız onlara edilən ədalətsizliklərdən daha çox xəbərdar oldular və daha ayıq və şüurlu şəkildə hərəkət etməyə başladılar. Bu baxımdan, bu, həqiqətən yeni bir vəziyyət, yeni bir konyukturadır. Buna görə də, bu kontekstdə yeni addımlar atılmalıdır. Türkiyə daim müdafiə mövqeyini qoruyarkən, indi İrana qarşı fərqli bir siyasət yürüdə bilər”.
Politoloqun fikrincə, son zamanlar gördüyümüz ən vacib vəziyyətlərdən biri İranın ABŞ tərəfindən hücuma məruz qalma ehtimalıdır: “Əgər bu hücum baş verərsə, İraqdakı şiə milislər və xüsusilə də Kataib Hizbullahı birbaşa Amerika bazalarına və İsrailə hücum edə bilər. Bu, həm də Türkiyənin qarşı çıxdığı PKK, YPG və xüsusilə də Şimali Suriyadakı Peşmərgənin yenidən güclənə biləcəyi deməkdir. Buna görə də, bu baxımdan İran Türkiyə üçün problemli bir qüvvə olaraq qalır. Bu irəliləyiş davam edərsə, hətta müvafiq kəşfiyyat mütəxəssisinin də dediyi kimi, Cənubi Azərbaycandakı qohumlarını səfərbər edə və onu fərqli bir dövlət quruluşuna çevirməkdə fəal rol oynaya bilər. Buna görə də, inanıram ki, Türkiyə gələcəkdə mütləq bunun üçün planlar hazırlayıb”.
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.