"Şamaxı" Misli premyer-liqasının 19-cu turunda evdə "Qarabağ"a uduzdu - 1:2.
"Football-plus.az" xəbər verir ki, "şirlər"in baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
- Üzücü məğlubiyyət oldu. Hava şəraitini nəzərə alsaq, meydanda xarakter göstərmək lazım idi. İlk hissə daha çətin keçdi. İkinci yarıda hava düzəldi. Ümumən, pis mübarizə aparmadıq. Rəqib "Qarabağ"dı. Ən böyük problem oyunun sonlarında qollar buraxmaqdı. Futbolçulara bununla bağlı xəbərdarlıq edirik. Orda elə böyük epizod da yox idi. Təəssüf ki, boşluq verdik. Yenə də mübarizələrinə görə uşaqlara təşəkkür edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq.
- "Qarabağ"la kubokun cavab matçında da üz-üzə gələcəksiz. Mərhələ adlamaq şanslarınızı necə dəyərləndirirsiz?
- Oynadıqca bir-birimizi daha yaxşı tanıyırıq. "Qarabağ"a qarşı aqressiyasız oynamaq mümkünsüzdü. Bütün oyunlarda bu formada olmaq istəyirik. Bəzi matçlarda alınmır. Aqressivlik kubokun cavab oyununda bundan çox olmalıdı.
- Son dəqiqələrdə edilən dəyişikliklərin səhv olduğunu düşünmürsüz?
- Səhv deməzdim. Oruc Məmmədov özü əvəzlənmək istədi. Karim Rossi yorulmuşdu. Oyuna girən futbolçuların səhvi yox idi. Səhv müdafiədə idi. Gördüz ki, müdafiə xəttinə əl dəymədik.
- Bəhlul Mustafazadəyə verilməyən ikinci sarı vərəqə epizodu var. Siz necə düşünürsüz?
- Məncə, ikinci sarı vərəqə verilməli idi. Hətta dirsək epizodu oldu. O da müzakirə oluna bilər.