EN

Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələ: Strateji Tərəfdaşlıq Xartiyasının geosiyasi və iqtisadi əhəmiyyəti

Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər yeni və keyfiyyətcə fərqli mərhələyə qədəm qoyur.

Paytaxt.org bildirir ki, ABŞ-nin vitse-prezidenti Jey Di Vensin 10 fevral tarixində ölkəmizə səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya” iki dövlət arasında əlaqələri rəsmi şəkildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.

Bu sənəd Prezident İlham Əliyev və Prezident Donald Tramp tərəfindən 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanmış və Strateji İşçi Qrupunun yaradılmasını nəzərdə tutan Anlaşma Memorandumuna əsasən hazırlanıb. Xartiya AzərbaycanABŞ münasibətlərinin institusional çərçivəsini formalaşdırmaqla yanaşı, tərəfdaşlığın uzunmüddətli və sistemli xarakter daşıdığını təsdiqləyir.

Suverenlik və etimad üzərində qurulan tərəfdaşlıq

Xartiyada tərəflərin bir-birinin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət göstərməsi fundamental prinsip kimi xüsusi vurğulanır. Bu yanaşma sənədin təkcə ikitərəfli münasibətlər üçün deyil, həm də regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsi baxımından strateji əhəmiyyət daşıdığını göstərir.

Regional bağlantılar və nəqliyyat-logistika gündəliyi

Strateji Tərəfdaşlıq Xartiyasında regional bağlantılar xüsusi yer tutur. Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edəcək, eyni zamanda beynəlxalq ticarət və tranzit imkanlarını genişləndirəcək multimodal layihələr diqqət mərkəzindədir. Bu kontekstdə Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) və Transxəzər Nəqliyyat Dəhlizi – Orta Dəhliz xüsusi olaraq qeyd edilir.

Quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantıları, gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi, beynəlxalq multimodal logistika sahəsində əməkdaşlıq Xartiyanın əsas istiqamətləri sırasındadır. Sənəddə həmçinin enerji və nəqliyyat sektorlarına, eləcə də rəqəmsal infrastrukturun inkişafına dövlət və özəl sektor sərmayələrinin cəlb edilməsi, mülki nüvə və nadir mineralların tranziti sahəsində əməkdaşlıq imkanları əksini tapır.

Enerji təhlükəsizliyi və iqtisadi sərmayələr

Xartiyada Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyində oynadığı strateji rol ayrıca vurğulanır. Bununla yanaşı, süni intellekt (AI) və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayələr bölməsi gələcək əməkdaşlığın ən perspektivli sahələrindən biri kimi önə çıxır.

Azərbaycanın enerji, ticarət, data, maliyyə, nəqliyyat və logistika mərkəzi kimi mövqeyinin gücləndirilməsi səyləri ABŞ tərəfindən alqışlanır. İkitərəfli ticarət və investisiyaların artırılması, AI data mərkəzlərinin yaradılması, kosmik sənaye, kibertəhlükəsizlik və innovasiya platformaları üzrə birgə tədqiqat və inkişaf mexanizmlərinin qurulması mühüm prioritetlər kimi müəyyən edilir.
Eyni zamanda, inkişafda olan texnologiyalar və biznes təcrübələri sahəsində mübadilə, texniki yardım, insan kapitalının inkişafı və ixtisaslı işçi qüvvəsinin formalaşdırılması üzrə tərəfdaşlığın gücləndirilməsi niyyəti ifadə olunur.

Təhlükəsizlik və müdafiə əməkdaşlığı

Xartiyanın üçüncü əsas istiqaməti təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı əhatə edir. Azərbaycanın beynəlxalq sülhməramlı missiyalara verdiyi töhfələr yüksək qiymətləndirilir. Müdafiə məhsullarının satışı, terrorçuluğa qarşı mübarizə, kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahəsində əməkdaşlığın genişləndirilməsi prioritet kimi göstərilir.

Sənəddə, həmçinin, Azərbaycanın üzləşdiyi mina problemi xüsusi qeyd olunur və humanitar minatəmizləmə sahəsində maliyyə dəstəyi və texnologiyaların ötürülməsi yolu ilə əməkdaşlığın inkişaf etdirilməsi niyyəti vurğulanır.

İcra mexanizmləri və gələcək yol xəritəsi

Xartiyanın imzalanmasından sonra üç ay ərzində prioritet istiqamətlər üzrə layihələrin siyahısının hazırlanması və onların icrası üçün yol xəritələrinin müəyyənləşdirilməsi məqsədilə İşçi Qruplarının yaradılması nəzərdə tutulur. Bununla yanaşı, iqtisadi və ticarət sahələri də daxil olmaqla, müntəzəm dialoq mexanizmləri və platformaların formalaşdırılması planlaşdırılır.

Strateji baxışın simvolu olan bu sənəd Azərbaycanla ABŞ arasında münasibətlərin yeni mərhələyə keçdiyini açıq şəkildə nümayiş etdirir. Qarşılıqlı maraqlar və ortaq məqsədlər üzərində qurulan bu tərəfdaşlıq, regional sabitliyin möhkəmləndirilməsi, qlobal çağırışlara birgə cavab verilməsi və davamlı sülhün təmininə töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır.

Musavat.com

Chosen
150
1
paytaxt.org

2Sources