EN

Malıbəyli, Quşçular və Qaradağlı qətliamı

Birinci Qarabağ müharibəsi zamanı 10-12 fevral 1992-ci il tarixləri arasında erməni quldur dəstələri tərəfindən Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə eyni zamanda edilən hücum nəticəsində təxminən 50-yə yaxın dinc etnik azərbaycanlı qətlə yetirilib 

Ermənistan 38 il öncə - 1988-ci ilin fevralından Qarabağ iddiası ilə Azərbaycana qarşı növbəti təcavüzkar siyasətə başladı. Ermənilərin separatçılıq hərəkətləri, torpaq iddiaları insan ölümləri, yanğınlar, tez-tez törədilən terror hadisələri ilə müşayiət olunurdu. Beləliklə, 1991-ci il oktyabrın 30-da Tuğ və Səlakətin kəndləri işğal edildi. Qəsbkarlar noyabrın 19-da Xocavənd kəndini də zəbt etdilər. 1992-ci il yanvarın 10-da Axullu kəndi də düşmən tapdağına çevrildi.

Dəhşət dolu gecə..

Qarabağın ən iri yaşayış məskənlərindən olan Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndləri Şuşa rayonunda, Qarabağ silsiləsinin dağətəyi ərazisində, rayon mərkəzindən 14 kilometr şimal-şərqdə, Xankəndi şəhərinin 2,5 kilometrliyində, Ağdam-Şuşa avtomobil yolundan 2 km aralıda yerləşirdi. İşğal ərəfəsində bu kəndlərin 4 min nəfərə yaxın əhalisi var idi. Ermənistandan zorla çıxarılmış 1500-ə yaxın sakin də bu kəndlərdə məskunlaşmışdı. Qarabağ müharibəsi başlayandan ermənilərin ilk hədəfi də bu kəndlər idi. Erməni terrorçuları Xocalını işğal etmək üçün ilk növbədə Malıbəyli və Quşçular kəndlərini zəbt etdilər. Belə ki, 1992-ci il fevralın 10-da erməni birləşmiş hərbi hissələri Malıbəyli kəndinə üç tərəfdən hücuma keçdilər. Həmin vaxtadək ara-sıra hücumlar, həmlələr olsa da, vəziyyət budəfəki qədər gərgin olmamışdı. Səhər tezdən kənd artilleriya qurğularından və iriçaplı pulemyotlardan atəşə tutuldu. Malıbəyli və Quşçular kəndlərinin kişiləri mərdliklə müdafiə olunaraq düşməni kəndə girməyə, camaatı girov götürməyə imkan vermirdilər. Vəziyyət hər an gərginləşirdi, qadınların, qocaların, uşaqların kənddə qalması böyük faciələrə səbəb ola bilərdi. Gecə ikən Malıbəylinin dinc əhalisi qonşu Quşçular kəndinə gətirilir. Ancaq kəndin kişilərinin silah-sursatı, ov tüfəngi belə olmadığından düşmənin mühasirə dalğası daralır, saatlar ötdükcə Quşçular kəndini də ağuşuna alırdı. Malıbəyli və Quşçular kəndlərinin əhalisi düşmən əlinə keçməmək üçün ya Xocalıya, ya da Ağdama doğru hərəkət etməli idi. Düşmən Xocalı istiqamətində əhalini qırmaq və girov götürmək üçün güclü hazırlıq işləri görmüşdü. Odur ki, Malıbəyli əhalisi soyuq fevral gecəsində Abdal və Gülablı kəndləri istiqamətində 16 km yolu keçib Ağdama tərəf gəlməyə qərar verdi. 1992-ci il fevralın 11-də Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndlərinin camaatı dağları, meşələri aşıb keçərək çətin bir yol qət etdi. Ağbulaq və Pircamal kəndləri yaxınlığındakı zirvələrdə mövqe tutan ermənilər əhalinin keçə biləcəyi yolu nəzarətə götürmüşdülər. Əhalinin salamat çıxarılmasını cəmi 60 nəfər müdafiəçi öz üzərinə götürmüşdü. Ermənilər təpələrin başında yüksək mövqe tutmalarına baxmayaraq, hücumun qarşısı alındı. Həmin gün Malıbəyli və Quşçular əhalisindən 8 nəfər şəhid oldu, 3 nəfər girov götürüldü, 20 nəfər ağır yaralanaraq bədən xəsarətləri aldı. Fevralın 11-də 18.00-da Malıbəyli-Quşçular camaatı min bir müsibətlə Ağdamın Abdal və Gülablı kəndlərinə yetişdi. Hər iki qədim kənd fevralın 11-dən 12-nə keçən gecə işğal olundu.

 

Növbəti hədəf Qaradağlı idi

Malıbəyli və Quşçular kəndlərinin işğalından bir neçə gün sonra - 1992-ci il fevralın 17-də ermənilər Qarabağın ən qədim və iri yaşayış məskənlərindən olan Qaradağlını mühasirəyə aldılar. Xatırladaq ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli 279-XII nömrəli Qanununa əsasən ləğv olunmuşdu. Həmin qanunla Martuni və Hadrut rayonlarının əsasında Xocavənd rayonu yaradılmış və Qaradağlı kəndi də bu rayonun inzibati ərazisinə daxil edilmişdi. Qaradağlı kəndi ermənilər yaşayan Ağkənd, Aşan, Baravatun, Qovaxan, Dağdağan, Kəndxord, Mirikənd, Mısmına, Muşqabad, Ningi, Harov kəndləri ilə əhatələnmişdi. Qarabağda münaqişə başlayan zamandan Qaradağlı kəndinin camaatı dəfələrlə ermənilərin dəhşətli hücumlarına sinə gərmişdi. İşğal gününə qədər onlarca kənd sakini erməni hücumları zamanı canlarını qurban vermiş, şəhid olmuşdular. Verilən qurbanların çoxluğuna baxmayaraq, qaradağlılar bütün erməni hücumlarının qarşısını çətinliklə də olsa ala bilirdilər. Lakin bu müdafiə kənd camaatının, xüsusən cavanların özünümüdafiə postu kimi kolxoz və ya başqa inzibati binalarda yaratdıqları istehkamlardan o tərəfə keçə bilmirdi. Onların da əlindəki gizləyib saxladıqları üç-beş ədəd ov tüfəngindən ibarət idi. Ermənilər azərbaycanlıların əlində silah olmadığını bilib asanlıqla yaşayış məntəqələrini işğal edirdilər. Qaradağlı da belə bir cinayətkar hərəkətin, o vaxtkı ölkə rəhbərliyinin laqeyd münasibətinin qurbanı oldu.

1992-ci il fevralın 15-də təpədən-dırnağadək silahlanmış ermənilər Qaradağlıya güclü basqın edirlər. Həmin gün qurbanlar bahasına olsa da, qaradağlılar düşməni kəndə girməyə qoymadılar. Lakin fevralın 16-da səhər tezdən erməni terrorçuları daha böyük qüvvə ilə Qaradağlı kəndinə güclü hücuma keçdilər. Fevralın 17-nə keçən gecə səhərə qədər döyüş getdi, yenə də camaat necə olursa-olsun kəndi qorudular. Bundan sonra erməni hərbi birləşmələri Rusiya ordusunun 23-cü diviziyasının 366-cı motoatıcı alayının əsgər və zabit heyəti və xarici ölkələrdən gətirilmiş muzdlu qatillərlə birlikdə müxtəlif istiqamətlərdən Qaradağlı kəndinə güclü hücuma keçdilər. Fevralın 17-də axşama yaxın müdafiəçilərin istehkam kimi seçdikləri kənd sovetinin binası da ermənilər tərəfindən tutuldu. Sursatları tükənən kənd müdafiəçiləri çoxlu şəhid verdi. Dörd ilə yaxın düşmənlə üz-üzə əliyalın mübarizə aparan Qaradağlı kəndi ermənilər tərəfindən zəbt olundu.

Sevinc Azadi, “İki sahil”

Chosen
33
ikisahil.az

1Sources