EN

Sadə şərt, ancaq yüksək faiz - Lombard nə qədər etibarlıdır?

Son zamanlar lombard və Bank Olmayan Kredit Təşkilatlarının fəaliyyəti ilə bağlı şikayətlər artmaqdadır. Maddi sıxıntı səbəbindən vətəndaşların üz tutduğu lombard kredit şirkətlərinin təqdim etdiyi şərtlər və faiz dərəcələri müzakirə mövzusuna çevrilib.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, lombard tipli kredit şirkətləri banklara alternativ kimi fəaliyyət göstərir. O bildirib ki, əsas üstünlükləri isə sürət və sadə şərtlərdir: “Adətən sənədləşmə az olur, kredit girov qarşılığında verildiyi üçün gəlir arayışı və uzun yoxlamalar tələb edilmir. Amma bu rahatlığın qarşılığında faizlər xeyli yüksək olur və risk də artır. Bu cür şirkətlərin güvənirliyi birbaşa onların rəsmi statusundan asılıdır. Lisenziyası olan, dövlət qurumları tərəfindən qeydiyyata alınmış və uzun müddətdir bazarda fəaliyyət göstərən lombardlar nisbətən daha etibarlıdır. Problem əsasən qeyri-rəsmi, şəffaf olmayan, müqavilə şərtlərini açıq izah etməyən şirkətlərdə ortaya çıxır. Dolandırıcılıq halları da daha çox bu tip yerlərdə olur. Əsas risklər faizlərin realda gözləniləndən daha yüksək çıxması, cərimə və əlavə ödənişlərin əvvəlcədən aydın göstərilməməsi, həmçinin girovun dəyərindən aşağı qiymətləndirilib itirilməsi ehtimalıdır. Müqaviləni diqqətlə oxumadan imzalamaq bu riskləri daha da artırır. Nəticə olaraq, lombardlar tam güvənilməz deyil, amma banklarla müqayisədə daha risklidir. Məcbur qalmadıqda və şərtləri tam başa düşmədən bu tip kreditlərə girmək məsləhət deyil. Xüsusilə rəsmi qeydiyyatı olmayan, “həddindən artıq asan” vədlər verən şirkətlərdən uzaq durmaq daha təhlükəsizdir”.

 

Şəhanə Quliyeva

Tarix: 11 Fevral 2026, 08:23   
Chosen
13
pravda.az

1Sources