EN

Araqçi: İran sülhməramlı nüvə fəaliyyətinə zəmanət verən saziş təklifi üzərində işləyir...

Tehran həm nüvə silahının olmamasına, həm də dinc nüvə texnologiyalarından istifadəyə təminat vermək niyyətindədir...

İran sülhməramlı atom enerjisindən istifadəni təmin edən razılaşma üzrə təklif hazırlayır.

Poliqon xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi RT telekanalına müsahibəsində açıqlama verib.

Nazirin sözlərinə görə, o artıq öz komandasına həyata keçirilə bilən plan və ya təklif üzərində işləmək tapşırığı verib. Araqçi bildirib ki, sözügedən sənəd bir tərəfdən İranın nüvə silahı əldə etməyəcəyinə dair real zəmanət verməli, digər tərəfdən isə ölkənin nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə hüququnu təmin etməlidir.

Bundan əvvəl İranın vitse-prezidenti Məhəmməd Eslami bəyan etmişdi ki, əgər ABŞ respublikaya qarşı tətbiq edilən bütün sanksiyaları ləğv edərsə, Tehran uranın zənginləşdirilməsi səviyyəsini aşağı salmağa hazırdır. Onun sözlərinə görə, bu addım qarşılıqlı etimadın bərpasına və nüvə proqramı ətrafında gərginliyin azaldılmasına xidmət edə bilər.

Xatırladaq ki, fevralın 6-da Omanın paytaxtında İran və ABŞ arasında İranın nüvə proqramı üzrə danışıqlar keçirilib. Görüş 2025-ci ilin iyununda İran–İsrail qarşıdurmasının kəskinləşməsindən sonra yaranmış uzun fasilədən sonra baş tutan ilk təmas olub. Həmin vaxta qədər İslam Respublikası ilə ABŞ arasında nüvə mövzusu üzrə ümumilikdə beş raund məsləhətləşmə aparılmışdı.

Poliqon.info

Chosen
87
poliqon.info

1Sources