EN

ABŞ Vitse-prezidentinin Bakıya səfəri Cənubi Qafqazda geosiyasi proseslərin intensivləşdiyi bir dövrə təsadüf edir - ŞƏRH

Bakı, 11 fevral, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin Bakıya rəsmi səfəri Cənubi Qafqaz regionunda geosiyasi proseslərin intensivləşdiyi bir dövrə təsadüf edir və bu baxımdan mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər həm Azərbaycan-ABŞ münasibətlərinin perspektivləri, həm regional təhlükəsizlik məsələləri, həm də böyük güclər arasında rəqabətin fonunda Bakının artan strateji rolunun göstəricisi kimi diqqət çəkir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, bu səfər Prezident İlham Əliyevin son illərdə apardığı balanslı və çoxvektorlu xarici siyasətin nəticəsi kimi qiymətləndirilə bilər.

“Azərbaycan həm Qərb, həm region ölkələri, həm də digər qlobal güc mərkəzləri ilə paralel əməkdaşlıq modelini qorumağa çalışaraq öz strateji mövqeyini möhkəmləndirib. 2008-ci ildən sonra ABŞ Vitse-prezidentinin Azərbaycana ilk səfəri olması faktı münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi şərh olunur. Bu, Vaşinqtonun Cənubi Qafqaz siyasətində fəallaşmaq niyyətini və Azərbaycanı regionda əsas tərəfdaşlardan biri kimi gördüyünü göstərir. Son illərdə enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri və regional sabitlik məsələlərində Azərbaycanın artan rolu ABŞ üçün strateji əhəmiyyət kəsb edir. Xüsusilə Avropanın enerji təchizatının şaxələndirilməsi fonunda Azərbaycanın enerji resursları və tranzit imkanları Vaşinqtonun diqqət mərkəzində qalır”, - deyə Arzu Nağıyev əlavə edib.

Arzu Nağıyev qeyd edib ki, Cənubi Qafqaz hazırda ABŞ, Rusiya, İran, eləcə də digər qlobal aktorların maraqlarının kəsişdiyi həssas geosiyasi məkan hesab olunur: “Belə şəraitdə ABŞ-Azərbaycan münasibətlərinin intensivləşməsi Moskva və Tehran tərəfindən diqqətlə izlənilir. Bununla belə, Azərbaycanın xarici siyasət strategiyası hər hansı blok qarşıdurmasına qoşulmaqdan çox balanslı əməkdaşlıq modelinə əsaslanır. Bakı həm Qərb ölkələri ilə strateji tərəfdaşlığı inkişaf etdirir, həm də qonşu dövlətlərlə münasibətlərin sabit saxlanmasına çalışır. Bu yanaşma Azərbaycanın regional sabitlikdə vasitəçi və dialoq platforması rolunu gücləndirir. Səfər çərçivəsində təhlükəsizlik məsələlərinin xüsusi yer tutması gözlənilən idi. ABŞ tərəfindən Azərbaycanın ərazi sularının mühafizəsi üçün patrul gəmilərinin verilməsi ilə bağlı planların müzakirəsi Xəzər dənizində təhlükəsizlik məsələlərinə yeni dinamika gətirə bilər. Bu addım yalnız hərbi-texniki əməkdaşlıq deyil, həm də enerji infrastrukturu və nəqliyyat marşrutlarının təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, NATO standartlarına uyğunlaşma istiqamətində əməkdaşlığın genişlənməsi ehtimalı Azərbaycanın müdafiə sisteminin modernləşdirilməsinə əlavə töhfə verə bilər”.

Komitə sədri qeyd edib ki, Cey. Di. Vensin regiona səfərinin Ermənistanı da əhatə etməsi ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində aktiv rol oynamaq niyyətini göstərir. Regional kommunikasiyaların açılması, nəqliyyat dəhlizləri, iqtisadi inteqrasiya və təhlükəsizlik məsələləri bu kontekstdə mühüm mövzulardandır. Onun sözlərinə görə, Azərbaycan üçün kommunikasiyaların bərpası yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır. Ölkə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının əsas həlqələrindən biri kimi çıxış edir və bu mövqenin güclənməsi beynəlxalq tərəfdaşların marağını artırır.

“Strateji sənədlərdə iqtisadi əməkdaşlıqla yanaşı innovasiya, rəqəmsal transformasiya və süni intellekt sahələrinin qeyd olunması münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Bu istiqamətlər yalnız iqtisadi deyil, həm də texnoloji təhlükəsizlik və rəqabət qabiliyyəti baxımından mühüm hesab olunur. Azərbaycanın enerji ölkəsindən innovasiya və logistika mərkəzinə çevrilmək strategiyası ABŞ kimi texnoloji liderlə əməkdaşlığı daha aktual edir. Bu, həm investisiya axını, həm də texnologiya transferi baxımından perspektiv vəd edir. Ümumilikdə, ABŞ Vitse-prezidentinin Bakıya səfəri Azərbaycanın beynəlxalq siyasətdə artan rolunun və diplomatik imkanlarının göstəricisi kimi qiymətləndirilə bilər. Bu səfər regionda yeni siyasi dinamika yarada, iqtisadi və təhlükəsizlik əməkdaşlığını genişləndirə, eyni zamanda, Azərbaycanın balanslı xarici siyasət kursunu daha da möhkəmləndirə bilər. Azərbaycan üçün əsas prioritet isə dəyişməz qalır: milli maraqların qorunması, regional sabitliyin təmin edilməsi və müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi. Mövcud geosiyasi şəraitdə bu yanaşma ölkənin strateji mövqeyini daha da gücləndirən əsas amillərdən biri hesab olunur”.

Chosen
57
50
azertag.az

10Sources