EN

Cənubi Qafqaz “postsovet məkanı”ndan çıxarıldı: ABŞ-ın Azərbaycanla imzaladığı sənəd qlobal güc balansını dəyişir

ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası onu göstərir ki, Ağ Ev Cənubi Qafqazdan qətiyyən geri çəkilmək niyyətində deyil və əksinə, öz maraqlarını daha da strukturlaşdırır... Azərbaycan Cənubi Qafqazın əsas geoiqtisadi mərkəzinə çevrilir, Ermənistan iqtisadi inteqrasiya modeli ilə regional proseslərə cəlb olunur, Rusiya isə ənənəvi dominantlıq dövründən rəqabət mərhələsinə doğru sıxışdırılır...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Cənubi Qafqazda geopolitik proseslərin inkişaf dinamikası sürətlə dəyişir. ABŞ və Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası regionda geopolitik güc balansının yenidən formalaşmaqda olduğunu göstərən önəmli faktordur. Ağ Evin yüksəksəviyyəli nümayəndə heyətinin həm Bakı, həm də İrəvana səfəri isə ABŞ-ın Cənubi Qafqazda artıq ehtiyatlı və ləng diplomatiyadan uzaqlaşaraq, daha strukturlaşmış və uzunmüddətli strateji model qurmağa başladığını göstərir.

Bütün bunları nəzərə aldıqda, Prezident İlham Əliyevin Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə daxil olduğunu vurğulaması ümumi situasiyanı tam aydınlığı ilə ifadə edir. Çünki Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədi həm də konkret mexanizmlər, işçi qrupları və yol xəritələri ilə gücləndirilərək, strukturlaşdırılmış önəmli əməkdaşlıq platformasıdır. Və belə anlaşılır ki, ABŞ Cənubi Qafqazda Azərbaycanla strateji ittifaq çərçivəsində, eləcə də Rusiya ilə “səssiz rəqabəti” də ön plana keçirə biləcək yeni geopolitik mərhələnin başladılmasında birbaşa maraqlıdır.

Məsələ ondadır ki, Ağ Evin yeni Cənubi Qafqaz siyasətinin inkişafina diqqət yetirdikdə, ABŞ-ın bu regiondakı strategiyasının üç əsas istiqamətdə üzrə formalaşdığını ehtimal etmək olar. Belə ki, Tramp administrasiyası Rusiyanın Cənubi Qafqaza təsir imkanlarının zəiflədilməsində, enerji nəqli və nəqliyyat-kommunikasiya marşrutları üzrə risklərin azaldılmasında, eləcə də, regionun Qərb iqtisadi və təhlükəsizlik arxitekturasına inteqrasiyasında maraqlı görünür. Və Bakıda imzalanmış Xartiyanın məzmunu da onu göstərir ki, ABŞ Azərbaycanı yalnız enerji tərəfdaşı deyil, həm də regional tranzit və texnoloji mərkəz kimi də qəbul edir.

Bu baxımdan, həmin sənəddə Orta Dəhliz və TRIPP layihəsi ilə bağlı məqamların xüsusi olaraq, vurğulanması qətiyyən təsadüfi deyil. Çünki bu layihələr məhz Çin-Avropa ticarət xəttinin Rusiya ərazisindən yan keçən alternativ marşrutunu gücləndirir. Və bu, Rusiyanın effektiv tranzit ötürücülük imkanlarını zəiflədə, Cənubi Qafqazı isə qlobal logistika xəritəsində strateji qovşağa çevrilə bilər.

Digər tərəfdən, TRIPP-in “sülh və rifah marşrutu” kimi təqdim olunması isə iqtisadi inteqrasiya prosesinin ümumi regional təhlükəsizlik mexanizminə çevrildiyini göstərir. Azərbaycanın Ermənistan istiqamətində tranzit məhdudiyyətlərini aradan qaldırması və hətta neft məhsulları ixracına başlaması regionda yeni iqtisadi rasionalizmin formalaşmaqda olduğunu təsdiqləyir. Və bu, ABŞ-ın da Cənubi Qafqazda mövcud təhlükəsizlik modelini məhz iqtisadi əməkdaşlıq sistemi ilə əvəz etməyə çalışdığını biruzə verir.

Maraqlıdır ki, enerji təhlükəsizliyi və bu sahə üzrə əməkdaşlıq Azərbaycanın-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasında əsas mərkəzi məqamların sırasına daxildir. ABŞ üçün Azərbaycan Avropanın enerji təhlükəsizliyində və Rusiya qazından asılılığının azaldılmasında alternativ mənbə, eləcə də, bütövlükdə Xəzəryanı regionun Qərb bazarına inteqrasiyasında əsas həlledici aktor kimi görülür. Və bu kontekstdə Azərbaycan yalnız enerji ixracatçısı deyil, həm də Avropa təhlükəsizlik sisteminin mühüm iştirakçısı kimi də çıxış edir.

Eyni zamanda, ABŞ və Azərbaycan arasında Bakıda imzalanmış sənəddə təhlükəsizlik və müdafiə əməkdaşlığının da yer alması Rusiya üçün ən həssas məqamlardan biridir. ABŞ Cənubi Qafqazda açıq hərbi iştirakdan danışmasa da, strukturlaşmış təhlükəsizlik mexanizmlərinin qurulması Rusiyanın uzun illər bu regionda davam edən təhlükəsizlik dominantlığını ciddi şəkildə zəiflədə bilər. Bu baxımdan, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun “suveren dövlətlər istənilən ölkə ilə münasibətlər qura bilərlər” açıqlaması siyasi-diplomatik balans yaratmaq cəhdi kimi görünür. Ancaq real geopolitik müstəvidə ABŞ-ın paralel olaraq, həm Azərbaycan, həm də Ermənistanla yaxınlaşması Rusiyanın strateji maraqlarına qətiyyən adekvat deyil.

Belə anlaşılır ki, Cənubi Qafqazda ABŞ-Rusiya rəqabəti artıq geriyədönməz istiqamət alıb. Üstəlik, bu rəqabət tranzit marşrutları uğrunda mübarizə, enerji xəritəsinin yenilənməsi, regional təhlükəsizlik arxitekturasının transformasiyası üzərində qurulmaqdadır. Və bu rəqabətdə ABŞ birbaşa konfrontasiya deyil, məhz iqtisadi və texnoloji inteqrasiya modelini seçir. Və bu isə daha uzunmüddətli və davamlı təsir mexanizminin yaranmasına yol açır.

Azərbaycan isə çoxvektorlu münasibətlər strategiyası daha intensiv şəkildə reallaşdırır. Belə ki, bu Xartiya rəsmi Bakı üçün geopolitik manevr imkanlarını daha da genişləndirir. Azərbaycan ABŞ-la yaxınlaşmaya paralel olaraq, Türkiyə ilə strateji müttəfiqliyi, Avropa ilə enerji təhlükəsizliyi üzrə tərəfdaşlığı, Çinlə Orta Dəhliz əməkdaşlığını, Rusiya ilə ilə praqmatik əlaqələri davam etdirir. Və bu, klassik balans siyasətindən daha çox çoxtərəfli münasibətlər modelinə bağlı sistemdir.

ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası həm də onu göstərir ki, Ağ Ev Cənubi Qafqazdan geri çəkilmir, əksinə öz maraqlarını daha da strukturlaşdırır. Azərbaycan Cənubi Qafqazın əsas geoiqtisadi mərkəzinə çevrilir. Ermənistan iqtisadi inteqrasiya modeli ilə regional proseslərə cəlb olunur. Rusiya ənənəvi dominantlıq dövründən rəqabət mərhələsinə doğru sıxışdırılır. Cənubi Qafqaz artıq postsovet məkanına aid coğrafiya olmaqdan çıxaraq, tədricən qlobal tranzit, enerji və təhlükəsizlik xəritəsinin aktiv tərkib hissəsinə çevrilməkdədir. Və bu proses nəticəsində regionda başlayan yeni mərhələ qlobal güc balansına da birbaşa təsir göstərə bilər.

Chosen
26
1
olke.az

2Sources