EN

20 ölkəni təmsil edən əcnəbi tələbələr ADAU-nun qonağı olmuşlar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində təhsil alan və 20 ölkəni təmsil edən əcnəbi tələbələr Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olmuşlar. 

Səfər zamanı əcnəbi tələbələr Gəncə Memorial Kompleksini ziyarət etmişlər. Burada qonaqlara bildirilmişdir ki, Prezident İlham Əliyevin 2025-ci ildə açılışını etdiyi kompleks İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş mülki insanların xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədilə inşa edilmişdir.

Sonra əcnəbi tələbələr Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazası, tədris mühiti və elmi-tədqiqat imkanları ilə yaxından tanış olmuşlar. Qonaqlar universitetin onlayn televiziyası ADAU TV-nin studiyası, İnnovasiya Mərkəzi və müasir laboratoriyalarına da baş çəkmişlər. Onlarla görüşən ADAU-nun rektoru Zəfər Qurbanov ölkəmizin kənd təsərrüfatı mütəxəssisi hazırlayan yeganə dövlət ali təhsil müəssisəsi olan universitetin beynəlxalq əməkdaşlığa, akademik mübadiləyə və mədəni müxtəlifliyə xüsusi önəm verdiyini diqqətə çatdırmışdır. ADNSU-nun əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva  əcnəbi tələbələr adından səmimi qarşılandıqları üçün təşəkkürünü bildirmişdir.

Görüşdə əcnəbi tələbələrin region universitetləri ilə tanışlığının əhəmiyyəti, onların akademik və sosial inteqrasiyası, eləcə də ali təhsil müəssisələri arasında beynəlmiləlləşmə istiqamətində əməkdaşlıq imkanları müzakirə olunmuşdur.

S.YUNİSOĞLU,

 "Azərbaycan"

Chosen
24
1
azerbaijan-news.az

2Sources