Alkoqol psixi pozuntusu olan insanlar üçün çox vaxt özünü müalicə vasitəsinə çevrilir. O, müvəqqəti olaraq narahatlığı azaldır, mənəvi ağrını zəiflədir, rahatlıq və nəzarət hissi, yaxud ən azı gərginlikdən qısa fasilə yaradır.
Editor.az xəbər verir ki, bunu psixiatr-narkoloq, Müstəqil Narkologiya Assosiasiyasının prezidenti Ruslan İsayev bildirib. Onun sözlərinə görə, bəzi hallarda alkoqolizm psixi sağlamlıq problemlərinin əlaməti kimi qiymətləndirilə bilər.
“Depressiya zamanı alkoqol daxili boşluq, melanxoliya, ümidsizlik və emosional keyləşməni azaltmaq məqsədilə istifadə olunur. Bipolyar pozuntu zamanı isə alkoqol çox vaxt hallar arasındakı qeyri-sabitliyin tərkib hissəsinə çevrilir: depressiv mərhələdə kədər və ümidsizliyi yüngülləşdirmək, manik mərhələdə isə subyektiv olaraq cəlbedici görünən coşqu hissini itirmədən daxili gərginliyi, narahatlığı və yuxusuzluğu azaltmaq vasitəsi kimi qəbul edilir. Maniya əksər hallarda xəstəlik kimi deyil, ‘əsl mən’, məhsuldarlıq, güc və zehni aydınlıq halı kimi dərk olunur. Bu səbəbdən müalicəyə motivasiya tamamilə itə bilər”, – deyə mütəxəssis vurğulayıb.
Həkim əlavə edib ki, təşviş (anksiyete) pozuntuları zamanı alkoqol sürətli anksiolitik təsir göstərir, fiziki gərginliyi azaldır, narahatlığı zəiflədir və yuxuya getməyi asanlaşdırır. Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusunda (DÇHP) isə o, diqqət və impulsivliyin primitiv tənzimləyicisi kimi çıxış edir: insan qısa müddətlik “fokuslanmış” və ya əksinə, rahatlamış vəziyyət yaşayır.
“Klinik praktikada bu kimi hallar adətən ‘ikili diaqnoz’ adlandırılır. Bu zaman alkoqolizm çox vaxt müstəqil xəstəlikdən daha çox, digər psixi pozuntunun əlaməti və ya nəticəsi kimi çıxış edir. Söhbət iki ayrı xəstəlikdən deyil, bir-birini gücləndirən proseslərdən gedir. Psixi pozuntu alkoqol istifadəsinə qarşı həssaslığı artırır, müntəzəm alkoqol qəbulu isə zamanla əsas problemi daha da ağırlaşdırır və müalicəni çətinləşdirir. Alkoqol yalnız qısamüddətli rahatlama verir, lakin neyrotransmitter sistemlərinə müdaxilə edərək nəticədə depressiyanı, təşvişi, emosional qeyri-sabitliyi və yuxu pozuntularını dərinləşdirir”, – deyə İsayev izah edib.
Nəticədə qapalı bir dövrə yaranır: psixi ağrı maddə asılılığına səbəb olur, maddə asılılığı isə mövcud pozuntunu daha da şiddətləndirir. Bu səbəbdən yalnız asılılığın müalicəsi kifayət etmir. Depressiya, təşviş və özünütənzimləmə çatışmazlıqları aradan qaldırılmadıqca, alkoqol daxili gərginliklə mübarizənin yeganə yolu kimi qalır. İnsan zahirən ayıq olsa belə, onu asılılığa sürükləyən eyni psixi ağrını yaşamaqda davam edir.
//Gülnarə Abasova, Editor.az