O, məndən yuxarı kursda oxuyurdu, mənsə birinci kursda idim. Hündür, iri bədənli sadə tələbəydi. Səhərlər əlində diplomat çanta dərsə gələrdi. Hələ o vaxtdan respublika mətbuatında maraqlı yazılarla çıxış edirdi. Həmin illər tələbələrin respublika mətbuatında çıxan yazıları kəsilib fakültənin divara vurulmuş xüsusi lövhəsində asılardı. O lövhədə Elşad Yolçu oğlu Həsənovun yazılarına tez-tez rast gəlirdik. Biz, aşağı kurslarda oxuyan tələbələr Elşada və onun kimi müntəzəm yazıları dərc olunan tələbələrə xüsusi rəğbətlə yanaşırdıq. Tələbələr arasında da, professor-müəllim heyətinin yanında da böyük hörməti vardı. Görkəmli filosof, fəlsəfə elmləri doktoru, professor Camal Mustafayev da onun xətrini çox istəyirdi.
İlk tanışlığımız jurnalistika fakültəsinin keçmiş Yefim Saratov küçəsində yerləşən köhnə binasında oldu. O gündən, 1977-ci ilin sentyabrından bir-birimizi yaxından tanıdıq. Hər dəfə rastlaşanda köhnə dostlar kimi öpüşüb görüşürdük. Beləliklə, get-gedə münasibətlərimiz daha da isti müstəviyə keçdi. Ləhcəmiz eyni, hər ikimiz əyalətdən gəlmişdik, bəlkə də ona görə tez uyuşduq bir-birimizə, aramızda böyük hörmət, izzət yarandı. Universiteti bitirəndən sonra Elşad Azərbaycan Dövlət Nəşriyyatına, redaktor vəzifəsinə təyinat aldı. Nəşriyyat işini bilənlər bu qurumda işləməyin nə qədər çətin, mürəkkəb olduğunu bilirlər. O dövrdə çapa gedən kitabların redaktəsi xüsusi zəhmət, məsuliyyət tələb edirdi. Redaktor kitabı əməlli redaktə etməli, hətta korrekturasına qədər baxmalı və nəşrə hazırlamalı idi. Redaktorluq həmin dövrlərdə ağır peşə sayılırdı. Hətta müəlliflər onlarla razılaşırdılar. Müəllifin görmədiklərini, unutduqlarını və səhvlərini redaktorlar görürdü. Ona görə də müəlliflər arxayın idilər. Bilirdilər ki, sonda redaktor məsuliyyəti var, hər şey qaydasına düşəcək. Adaşım belə bir məsuliyyətli, çətin sahədə işləyirdi. Elşad Həsənov bu sahədə işlədiyi dövrlərdə onlarla kitabın redaktoru oldu, onlara həyat verdi. Onu da deyim ki, o illərdə kitabın redaktoru olmaq, az qala həm də müəllif səviyyəsində olurdu. Müəllifdən çox, kitabın redaktoru məsuliyyət daşıyırdı. Elşad gənc işçi kimi dəfələrlə mükafatlandırılmışdı. Bir dəfə bunun şahidi olmuşdum. Nəşriyyatlar idarəsinin rəhbərliyi onu yanına dəvət etmişdi. Həmin söhbəti xatırlayıram. Mən də orada idim. Müdiriyyət onun bacarıqlı, zəhmətkeş redaktor olduğunu söylədi və mütləq vəzifə pillələrində irəli çəkiləcəyini söylədi. Dostumuzun uğuruna mən də sevindim. Onun zəhməti hədər getməmişdi. Redaktoru olduğu kitablar qüsursuz, yüksək keyfiyyətlə çap edilib oxucuların ixtiyarına verilmişdi. Gənc yaşında belə uğurları əldə etmək asan iş deyildi. Onun bir uğurunu da xatırlayıram. Bu uğur onun gələcək taleyinə də təsir göstərəcəkdi. Azərbaycan və rus dillərində çapa hazırlanan “Azərbaycan çekistləri” kitabının redaktorluğunu da ona tapşırmışdılar. Nəşriyyat rəhbərliyinin bu qərarı təsadüfi deyildi. Bilirdilər ki, Elşad Həsənov bu işin öhdəsindən ləyaqətlə gələcək. Gəldi də. O, nəşriyyata verilən materialları bir-bir oxudu, bacarıqla, məsuliyyətlə redaktə edərək rəhbərliyə təqdim etdi. Hətta bədii redaktorla birlikdə kitabın tərtibatını da köməklik göstərdi. Rəhbərlik tərəfindən qəbul edilən kitab iri tirajla, yüksək poliqrafiq səviyyədə çap olundu və oxuçuların böyük marağına səbəb oldu. Onu da demək lazımdır ki, gözə görünməyən cəbhənin, yəni, xüsusi xidmət orqanlarının və onun əməkdaşlarının fəaliyyəti həmişə, xüsusən də gənc oxucular üçün maraq kəsb edib. Bu səbəbdən həmin kitab respublikada sürətlə yayıldı.
Elşadın bu uğuru onun gələcək taleyinə birbaşa təsir göstərdi. Gənc, savadlı, bacarıqlı mütəxəssis kimi onu dövlət təhlükəsizliyi orqanlarına qəbul etdilər. O illərin ən mükəmməl xüsusi təhsil verən ali kurslarda oxudu. Azərbaycana, dövlət təhlükəsizliyi orqanlarına təyinat aldı və uzun müddət bu qurumda qüsursuz fəaliyyət göstərdi. Yerli strukturlarda çalışdı, neçə-neçə idarələrə rəhbərlik elədi. Yenə də yadımda qalan ötən günlərdən biri düşdü... 1988-ci ilin noyabr ayında doğma elim-obam, Qərbi Azərbaycanın Körpülü kənd sakinləri öz doğma vətənlərindən didərgin düşdülər. Ermənistan rəhbərliyi orada, öz tarixi torpaqlarında yaşayan azərbaycalıları silah gücünə doğma ocaqlarından qovdular. Körpülü camaatı da digər həmvtənləri kimi Azərbaycanımızın müxtəlif bölgələrinə sığındılar. Valideyinlərim, bacımın ailəsi və qohumlarımın əksəriyyəti Qazax rayonunun 2-ci Şıxlı kəndinə, orada yaşayan qohumlarımızın evlərinə yerləşmişdilər. Bir neçə gün Şıxlıda qaldım və hadisələrin inkişafını gözləməyi qərara aldıq. Onlarla sağollaşıb Bakıya qayıtmalı idim. Qəfil ağlıma gəldi ki, həmin illər dostumuz Elşad Qazaxda, dövlət təhlükəsizliyi orqanlarının yerli şöbəsində çalışır. Birbaşa oraya getdim, növbətçi Elşad müəllimin iclasda olduğunu və gözləməyimi söylədi. Gözlədim, təxminən yarım saatdan sonra növbətçi məni qəbul otağına dəvət etdi. Bir neçə dəqiqədən sonra Elşad gəldi. Görüşüb öpüşdük. Dedi ki, elə indi rəhbərliklə yaranmış vəziyyəti müzakirə edirdik, üzürlü say, ona görə gecikdim. Mən vəziyyəti ona danışdım, diqqətlə mənə qulaq asdı və valideyinlərimin vəziyyəti ilə maraqlandı. Və mənə bildirdi ki, sən işində ol, rahat get Bakıya, burada valideynlərinin nəyə ehtiyacları olsa mənə zəng elə, nə lazımsa köməklik göstərəcəyəm. Bir neçə məsləhətlər verdi. Ümumiyyətlə, Elşadın Qazax rayonunda işlədiyi illərdə böyük çətinliklər vardı. Həm Qazaxda çoxlu qaçqınlar, həm də Ermənistanla uzun sərhəd müəyyən problemlər yaradırdı. O, işinin öhdəsindən bacarıqla gəlirdi. Bir neçə vacib istiqamətlərdə işlər görürdü. Elşadın işinə məsuliyyətlə yanaşması və ən kritik məqamlarda doğru qərar qəbul etmək bacarığı rəhbərliyin də diqqətini cəlb etmişdi. Bir müddət sonra onu Mingəcevir şəhər şöbəsinə rəis vəzifəsinə təyin etdilər. Tale elə gətirdi ki, mən də dövlət təhlükəsizliyi orqanlarına xidmətə qəbul olundum. Mənim iş yerim nazirlikdə olduğundan o, müşavirələrə gəldikcə görüşür, söhbət edir, köhnə xatirələri yada salırdıq. Elşad sonralar Bakıya dəvət aldı, bir müddət Binəqədi rayon şöbəsində, mərkəzi aparatın müxtəlif məsul idarələrində çalışdı. Ümumi dostumuz, rəhmətlik Seyfulla Qasımov aparatda yüksək vəzifədə çalışırdı, aradabir onun xidməti otağında görüşüb söhbət edirdik. Çox təəssüf ki, dövlət təhlükəsizliyi orqanlarının ən kamil, səriştəli, bacarıqlı əməkdaşı olan Seyfulla gənc yaşlarında dünyasını dəyişdi. Elşad əsil dost kimi daim onun ailəsi ilə, balaları ilə əlaqə saxladı, onların qayğıları, problemləri ilə yaxından maraqlandı. Seyfulla Qasımovun oğlu Şamilin toy məclisi yadıma düşür. Dostlar adından Elşad və mən danışdıq, sağlıq dedik, gənc ailəyə səadət, xoşbəxtlik arzuladıq. Umumiyyətlə, adaşım dostlarına, qohumlarına, iş yoldaşlarına olduqca qayqıkeş münasibət göstərirdi. Təsadüfi deyil ki, bu gün həyatda olan gənclik, tələbəlik, uşaqlıq dostları yenə də onun ətrafındadırlar. Bunun əsas səbəbi onun etibarlı, canıyanan olmasıdır, dost qədri bilməsidir. Onun tələbə yoldaşlarına olan xüsusi münasibəti də xatirimdədir. Bu gün də tələbə yoldaşları ona xeyirxah dost kimi etibar edirlər, hörmət göstərirlər. Onlara edilən hörmət, qayğılarının həll olunması, problemlərinin yoluna qoyulması tamamilə təmənnasız, əsil dost köməyi olur. Uzun illər dostluq etdiyi, bir qurumda çalışdığı Yarməmməd müəllimlə, Bahadır müəllimlə və adını çəkə bilmədiyim onlarla dostları bu gün də onunla birlikdə, çiyin-çiyinədir.
Biz Elşadla uzun müddət bir qurumda, ayrı-ayrı sahələrdə çalışdıq. Ancaq işimiz, vəzifəmiz bir oldu, Vətənə, ölkəmizə layiqincə xidmət etdik. Qarabağ problemi başlayandan üzübəri hadisələrin içində olduq, üzərimizə düşən tapşırıqları lazımı qaydada yerinə yetirdik. Dəfələrlə Qarabağ və ona bitişik bölgələrdə ezamiyyətdə olduq. Birinci Qarabağ müharibəsinin iştirakçısına çevrildik. Bütün bunlar Elşadı mətinləşdirdi, daha da gücləndirdi. O, polkovnik rütbəsində Vətənə borcunu ödəyib yaşa görə istefaya getdi. Bir həqiqəti söyləməyə borcluyam, fikrimcə bu həqiqət Elşadın xarakterini, Vətən sevgisini çılpaqlığı ilə göstərəcək. 2015-ci ildə “MTN olayları” respublikada hamını silkələdi. Xüsusən də qurumun bəzi əməkdaşları öz yaramaz əməllərinin qurbanı oldular. Ancaq polkovnik Elşad Həsənov özünü təmiz və vicdanlı təhlükəsizlik əməkdaşı kimi apardı, qəti şəkildə özünü on bir ildə çirkin işlərdən uzaq tutdu. Ona görə də bu gün alnı açıqdır, Vətən, Xalq, Millət, Ali baş Komandan qarşısında qürurludur. Bu, yüksək rütbə daşıyan təhlükəsizlik zabiti üçün böyük xoşbəxtlikdir. Elşad Həsənov Ulu Öndər Heydər Əliyev məktəbinin layiqli davamçısı, Ali Baş Komandanın hər an əmrinə hazır olan, bir əlində qələm, bir əlində silah tutmağı bacaran döyüşçü polkovnikdir.
Hazırda hər ikimiz də pensiyadayıq. O, xüsusi xidmət orqanları veteranlar təşkilatının tədbirlərində yaxından iştirak etməklə yanaşı, daim öz üzərində çalışır. Publisistik yazılar yazır, televiziya və radio kanallarında siyasi şəhrçi, təhlükəsizlik üzrə ekspert, politoloq kimi çıxışlar edir, müsahibələr verir. Onun təhlilləri, analizləri, proqnozları olduqca maraqlıdır. Zarafat deyil, Elşad uzun illlər dövlət təhlükəsizliyi orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Onun bu qurumda qazandığı təcrübə bu gün kara gəlir. Dostumuzun publisistikası da maraqlıdır. Arada mənə unudulmaz xalq şairimiz Zəlimxan Yaqub haqqında yazdığı xatirələri göndərmişdi. Bir nəfəsə oxudum xatirələri. Xatirələr o qədər səmimi qələmə alınıb ki. Zəlimxan Yaqublu günlərin hər anı, hər günü, hər ayı, hər ili yazılarda öz əksini tapıb. Xatirə yazıları təsadüfən qələmə alına bilməz. Mən belə yazıları daha çox ürəkdən süzülüb gələn tər-təmiz irmaq suyuna bənzədirəm. Bu irmaq suyu ürəklərdə özünə yer eləməsə, qələm o anları, o günləri yaza, təsvir edə bilməz. Elşadın dost haqqında sözlərində təmiz niyyət var, səmimiyyət var. Zəlimxan Yaqubla möhkəm dost idilər, elə tədbir olmazdı ki, onlar bir yerdə olmasınlar. Elşad dostluqda sadiq qardaşdı, deyirdi, rəhmətlik Zəlimxan Yaqub. Zəng elədim, təbrik etdim və bu xatirələri genilşləndirib, yeni əlavələrlə ayrıca kitab çap etməyi məsləhət gördüm. Razılaşdıq. İnanıram ki, Elşadın Zəlimxan Yaqub haqqında xatirələr kitabı oxucuların böyük marağına səbəb olacaq.
Birinci Qarabağ müharibəsinin veteranı, istefada olan polkovnik, istedadlı jurnalist, təhlükəsizlik üzrə ekspert, siyasi şəhrçi, politoloq Elşad Yolçu oğlu Həsənovun 70 yaşı tamam olur. Vallahi-billahi deməsələr, bilməzdim. Elşad gənclik həvəsi ilə işləyir, yaşayır. Ona sağlam və gümrah olmaq şərtilə 29 il 10 ay ömür arzulayıram. Daim ailəsinin, balalarının, nəvələrinin əhatəsində böyüklüyünü davam etdirsin. Ətrafı üçün diqqətini, qayğısını, nəvazişini heç vaxt əsirgəməsin. Uca Allah həmişə köməyin olsun, əziz dost, gözəl insan!
Elşad Qoca,
Yazıçı-jurnalist, istefada olan polkovnik,
AR dövlət təhlükəsizliyi orqanlarının Fəxri Əməkdaşı, Birinci Qarabağ müharibəsinin veteranı.
P.S.Yanvar ayında Azərbaycan Yazıçılar Birliyində Elşad Həsənovun və Azər Hacıbəylinin birlikdə qələmə aldıqları və mənim də redaktoru olduğum “Aydın Rəhimov” kitabının təqdimatı keçirildi. Bu, “Azərbaycan fədakarlıq məktəbi” seriyasından sayca ikinci kitab idi. Birinci kitab polkovnik Seyfulla Qasımova həsr olunmuşdu. Seyfulla müəllimin də, Aydım müəllimin də dövlət təhlükəsizliyi orqanlarında kifayət qədər peşəkar, təcrübəli əməkdaş kimi nüfuzları vardı. “Azərbaycan fədakarlıq məktəbi” seriyasının ilk olaraq Seyfulla Qasımova, Aydın Rəhimova həsr olunması da təsadüfi deyildi. Elşad müəllim onların hər ikisi ilə böyük yol keçmişdi, dostluq etmişdi, yüzlərlə tapşırıqların icrasında, eləcə də döyüş bölgələrində birlikdə olmuşdu. Mənim fikrimcə, hər iki kitabın uğurlu alınmasında bu faktorun əhəmiyyəti az deyil. Həm Elşada, həm də Azərə bu yolda daha böyük uğurlar arzulayıram. Çünki onların gözəl qələmi, ən vacibi də isti ürəkləri var.