EN

National Interest: İran İŞİD-Xorasan terror qruplaşmasını Azərbaycana qarşı istifadə edə bilər...

Təzyiqlər qarşısında çarəsiz qalan Tehran Cənubi Qafqazda kölgə müharibəsinin yeni mərhələsinə keçə bilər...

Poliqon xəbər verir ki, The National Interest nəşri Bakıda ötən həftə həyata keçirilən həbslərin İranın Azərbaycana qarşı mümkün yeni strategiyasından xəbər verdiyini yazıb. Məqalədə iddia olunur ki, Tehran bundan sonra təzyiq aləti kimi İŞİD-in Əfqanıstan qolu sayılan İŞİD-Xorasan (İŞİD-K) qruplaşmasından istifadə edə bilər.

Nəşrin məlumatına görə, respublikanın paytaxtında İsrail səfirliyinə qarşı hücum planlaşdırmaqda şübhəli bilinən şəxslər bu terror təşkilatına mənsub olduqlarını etiraf ediblər. Qeyd olunur ki, İŞİD-Xorasan 2024-cü ildə Moskva şəhərində “Crocus City Hall” konsert zalında törədilmiş və 145 nəfərin ölümü ilə nəticələnmiş terror aktına görə məsuliyyət daşıyıb.

Məqalədə vurğulanır ki, “zəifləmiş və çıxılmaz vəziyyətə düşmüş İran daha təhlükəli İrandır”. Bildirilir ki, Tehran öz maraqlarını irəli sürmək üçün İŞİD-Xorasandan istifadə etməklə “məntiqi inkar imkanı” (plausible deniability) əldə edə bilər. Bu isə rəsmi şəkildə məsuliyyəti üzərinə götürmədən regionda sabitliyi pozmaq aləti kimi qiymətləndirilir. Nəşr hesab edir ki, Cənubi Qafqaz İran və onun rəqibləri arasında kölgə qarşıdurmasının yeni cəbhəsinə çevrilir.

Məqalədə xatırladılır ki, İran əvvəllər Azərbaycanda sabitliyi pozmaq məqsədilə “Qafqaz Hizbullahı” kimi tanınan şiə yönümlü “Hüseyniyyun” qruplaşması vasitəsilə təsir göstərməyə cəhd edib. Lakin son bir il ərzində Azərbaycan hüquq-mühafizə orqanlarının hesabatlarında və rəsmi açıqlamalarında daha çox Pakistan-Əfqanıstan sərhədində hazırlıq keçmiş və İŞİD-Xorasanla əlaqəli olduğu bildirilən sünni radikal elementlərin adı hallanır.

Qeyd edilir ki, 2025-ci ilin may ayında Azərbaycan hakimiyyəti belə şəxslərdən dördünü ekstradisiya edib. Həmin ilin oktyabrında isə İŞİD-Xorasan üzvü Bakıda sinaqoqa qarşı hücum hazırlamaqda təqsirli bilinərək məhkum olunub.

The National Interest yazır ki, İŞİD-Xorasan vasitəsilə fəaliyyət göstərmək İran üçün şiə yönümlü proksi qruplarla müqayisədə daha geniş “inkar imkanı” yaradır. Məqalədə iddia olunur ki, Tehran oxşar taktikalardan daha əvvəl HƏMAS, “İslami Cihad” və Talibanın ayrı-ayrı elementləri ilə münasibətlərində də istifadə edib.

Nəşr artan təhlükənin ABŞ-nin və onun dəstəklədiyi regional layihələrin maraqlarına birbaşa təsir göstərdiyini bildirir. Xüsusilə Mərkəzi Asiyanı Avropa ilə birləşdirməyi hədəfləyən TRIPP təşəbbüsünün strateji əhəmiyyəti vurğulanır. Bildirilir ki, regionda sabitliyin pozulması transmilli enerji və nəqliyyat infrastrukturuna risk yarada bilər.

Məqalənin sonunda Vaşinqtona Azərbaycan və İsraillə təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək, sərhəd nəzarətini gücləndirmək və Transxəzər infrastruktur layihələrinə dəstəyi artırmaq tövsiyə olunur. Nəşr hesab edir ki, Bakıda baş verən həbslər ciddi xəbərdarlıq siqnalıdır və İranın zəifləməsi onun daha riskli və dolayı metodlara əl atması ehtimalını artırır.

Poliqon.info

Chosen
69
1
poliqon.info

2Sources