Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.
Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında geniş tərkibdə görüş keçirilib. Görüş zamanı tərəflər Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsində əldə olunan irəliləyişi yüksək qiymətləndiriblər və normallaşma prosesində müsbət dinamikanın qorunmasının vacibliyini vurğulayıblar.
Həmçinin hər iki xalqın sülhün faydalarını real həyatda görməsi, ikitərəfli ticarətin başlanması, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı, həmçinin digər ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildiriblər. Tərəflər iqtisadi əməkdaşlığı genişləndirmək və vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini davam etdirmək barədə razılığa gəliblər.
Eyni zamanda, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan TRIPP və digər bağlantı layihələrinin həyata keçirilməsini müzakirə ediblər və ikitərəfli normallaşma prosesinə dəstək məqsədilə təmasları davam etdirməyə hazır olduqlarını bir daha bildiriblər.
Eyni gün Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan təltif ediliblər. Mükafat BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən təqdim olunub.
Prezident İlham Əliyev çıxışında 30 ildən çox müharibə aparan ölkələrin artıq altı aydır ki, sülh şəraitində yaşadıqlarını, Azərbaycan-Ermənistan münasibətlərində əməkdaşlığın genişləndirilməsi, ticarət əlaqələrinin inkişafı və sülh şəraitində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb:

“Dəfələrlə qeyd etdiyim kimi, biz sülh şəraitində yaşamağı öyrənirik. Sizə deyə bilərəm ki, bu, xüsusi bir hissdir. Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik. ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur”, – deyə Azərbaycanın lideri vurğulayıb.
Dövlət başçısının Əbu-Dabidəki səfəri, həmçinin burada keçirdiyi görüşlər dünya mediasının diqqət mərkəzində olub. Türkiyə, Rusiya, İtaliya, Vatikan və BƏƏ mediasında Prezident İlham Əliyevə mükafatın təqdim olunması və Ermənistanın Baş naziri ilə görüşü geniş işıqlandırılıb.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli Bakupost.az -a açıqlamasında bildirdi ki, Əbu-Dabidə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş Cənubi Qafqazda formalaşmaqda olan yeni siyasi reallığın və sülh arxitekturasının konkret təzahürü kimi qiymətləndirilməlidir:

“Bu görüş, Vaşinqton Sülh Sammitində ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə əldə olunmuş razılaşmaların praktik müstəviyə keçməsinin, yəni siyasi bəyanatlardan real iqtisadi, humanitar və nəqliyyat əməkdaşlığına keçidin göstəricisidir.
Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi artıq yalnız təhlükəsizlik və sərhəd məsələləri kontekstində deyil, iqtisadi qarşılıqlı asılılıq, ticarət əlaqələri, tranzit imkanları və cəmiyyətlərarası təmaslar üzərində qurulmağa başlayır. Bu isə klassik münaqişəsonrası mərhələdən post-münaqişə inteqrasiyası mərhələsinə keçidin əlamətidir”.
Deputat vurğulayıb ki, tərəflərin ikitərəfli ticarətin başlanması, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı və üçüncü ölkədən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitini xüsusi vurğulamaları siyasi baxımdan son dərəcə mühüm siqnaldır:
“Bu faktiki olaraq o deməkdir ki, Ermənistan ilk dəfə olaraq Azərbaycanı regional iqtisadi sistemin mərkəzi elementi kimi qəbul edir və öz iqtisadi təhlükəsizliyinin müəyyən hissəsini Azərbaycan üzərindən təmin etməyə başlayır. Bu, illər boyu formalaşdırılmış düşmənçilik ritorikasının yerini rasional dövlət maraqlarının tutduğunu göstərir.
Sülh prosesinin ən mühüm dayaq nöqtələrindən biri məhz qarşılıqlı iqtisadi asılılıqdır.
Azərbaycan tərəfindən Ermənistana enerji məhsullarının ixracı və Ermənistanın Azərbaycan üzərindən tranzit imkanlarından istifadə etməsi gələcəkdə mümkün gərginliklərin qarşısını alan təbii mexanizmə çevrilir. Bu, sülhün kağız üzərində deyil, iqtisadi maraqlar üzərində qurulması deməkdir.

Görüşdə vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərinin alqışlanması və etimad quruculuğu tədbirlərinin genişləndirilməsi ilə bağlı razılıq isə prosesin yalnız hökumətlər səviyyəsində deyil, cəmiyyətlər səviyyəsində də aparılmasının vacibliyini ortaya qoyur. Münaqişələr siyasi qərarlarla dayandırıla bilər, lakin düşmənçilik stereotipləri yalnız sosial təmaslar vasitəsilə aradan qaldırılır. Bu baxımdan, cəmiyyətlərarası dialoqun təşviqi uzunmüddətli sülhün əsas sütunlarından biridir.
TRIPP və digər bağlantı layihələrinin müzakirəsi isə bu prosesin geoiqtisadi ölçüsünü ön plana çıxarır. Azərbaycan artıq regionda nəqliyyat və logistika qovşağı kimi formalaşıb. Ermənistanın bu layihələrdə iştirak etmək marağı onun regiondan təcrid siyasətindən imtina etdiyini və yeni regional əməkdaşlıq modelinə inteqrasiya olunmaq niyyətini göstərir. Bu, eyni zamanda Zəngəzur dəhlizi və digər kommunikasiya xətlərinin açılması ilə bağlı perspektivlərin daha real müstəviyə keçdiyini göstərən mühüm siqnaldır”.
E.Mirzəbəylinin sözlərinə görə, bu görüşün başqa bir mühüm tərəfi isə normallaşma prosesinin ikitərəfli əsasda aparılmasının xüsusi vurğulanmasıdır:
“Bu, kənar vasitəçilərin rolunun minimuma endirilməsi və Azərbaycan-Ermənistan münasibətlərinin birbaşa dialoq üzərində qurulması deməkdir. Prezident İlham Əliyevin xarici siyasət kursunda prioritet olan prinsip – regional problemlərin region ölkələri tərəfindən həll edilməsi – bu prosesdə aydın şəkildə özünü göstərir.
Eyni zamanda, ABŞ-ın Vaşinqton Sülh Sammiti vasitəsilə prosesə verdiyi siyasi dəstək göstərir ki, beynəlxalq aktorlar artıq regionda reallığı qəbul edir və sülh gündəliyini təşviq edən tərəf kimi çıxış edirlər. Bu, Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın beynəlxalq legitimlik qazandığını təsdiqləyir.
Əbu-Dabi görüşü göstərir ki, Azərbaycan-Ermənistan münasibətləri artıq “münaqişənin idarə olunması” mərhələsindən “sülhün idarə olunması” mərhələsinə keçməkdədir. Bu mərhələdə əsas prioritetlər təhlükəsizlik ritorikası deyil, iqtisadi əməkdaşlıq, nəqliyyat bağlantıları, humanitar təmaslar və qarşılıqlı fayda prinsipləridir.
Nəticə etibarilə, bu görüş Cənubi Qafqazda yeni regional düzənin formalaşdığını nümayiş etdirir. Bu düzəndə Azərbaycan təşəbbüskar, Ermənistan isə inteqrasiya etməyə çalışan tərəf kimi çıxış edir. Sülh artıq diplomatik bəyanat deyil, gündəlik iqtisadi və sosial praktikaya çevrilməkdədir. Bu isə uzun illər davam etmiş münaqişənin həqiqi və geri dönməz şəkildə arxada qalmasının ən mühüm göstəricisidir”.
Millət vəkili Arzu Nağıyev isə bildirdi ki, 2019-cu ildən təsis edilmiş “Zayed İnsan Qardaşlığı” mükafatı bir neçə dini konvensiyanın birgə və sülh şəraitində yaşaması üçün nəzərdə tutulan və bir sıra dövlət və ictimai xadimlərin sülh istiqamətindəki fəaliyyətlərini qiymətləndirmək məqsədilə verilir:

“Cənab Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı” mükafatına layiq görülməsi çox mühüm hadisədir, çünki dövlət başçısı kimi sülhün bərqərar olunması istiqamətində ciddi addımlar atıb. Azərbaycan yalnız hərbi baxımdan deyil, eyni zamanda sülhün təmin olunması sahəsində də önəmli siyasət yürüdüb və Prezidentin dünya ictimaiyyəti tərəfindən sülhsevər lider kimi tanınması bunun təsdiqidir.
Bu mükafatın Azərbaycan və Ermənistan rəhbərlərinə verilməsi hər iki dövlətin sülh istiqamətindəki fəaliyyətlərinin zəruri sübutudur. Eləcə də 2025-ci il avqustun 8-dən etibarən sülhün təmin olunması istiqamətində iqtisadi, siyasi və yük daşımaları sahəsində aparılan işlərin nəticəsidir.

Artıq Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması istiqamətində ciddi işlər görülür. Bu, mühüm bir məsələdir.
Cənab Prezident çıxışında qeyd edib ki, 30 ildən çox davam edən müharibə və münaqişələr – 1991-ci ildən, müstəqilliyimizdən bəri qarşılaşdığımız problemlər artıq arxada qalıb. Azərbaycan indi sülh şəraitindədir. Sərhədlərimizdə atışma yoxdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimiz tezliklə dinc həyata qayıtsın. Şəhid vermirik və hər iki tərəfdən bu istiqamətdə ciddi addımlar atılır.
Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan Prezidentinin apardığı siyasət məhz suverenlik, ərazi bütövlüyü və hər bir ölkə vətəndaşının rifahına xidmət edir. Cənab Prezidentin layiq olduğu bu mükafat eyni zamanda Azərbaycan xalqının mükafatıdır”.

Millət vəkili Pərvanə Vəliyeva qeyd etdi ki, Cənubi Qafqazda yaranmış sülh reallığı fonunda Əbu-Dabidə Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında geniş tərkibdə keçirilən görüş regionda hazırkı vəziyyəti və etimad quruculuğu tədbirləri çərçivəsində irəliləyişlər müzakirə olub:

“Xatırlatmaq istərdim ki, Əbu-Dabi iki ölkə arasında sülh danışıqlarına ikinci dəfə evsahibliyi edir. Məhz, Vaşinqton razılaşmalarından öncə geniş tərkibdə keçirilən görüşdə sülhün başlıca prinsipləri burada razılaşdırılmışdı.
Qeyd edim ki, TRİPP marşrutunun işə düşməsi ilə əlaqədar hüquqi mexanizmlər qismən müəyyənləşib. Azərbaycan tərəfi də bu istiqamətdə Naxçıvanın dəmiryolunun tikintisi üzrə Avropa İttifaqı ilə əməkdaşlığa başlayıb. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) burada dəmiryolunun çəkilişinin texniki-iqtisadi əsaslandırmasını aparacaq.
Avropa Komissiyasının verdiyi açıqlamalardan aydın olur ki, onlar da Zəngəzur dəhlizi layihəsində maraqlıdır. Azərbaycan Aİ və donorları gözləmədən artıq işə başlayıb. Dəmiryolunun Zəngilanadək olan hissənin tikintisi davam edir. Ölkəmiz dəfələrlə belə böyük layihələri uğurla icra edib. Bakı-Tbilisi-Qars dəmiryolu buna misaldır.
Digər tərəfdən Zəngəzur dəhlizinə təkcə Azərbaycanın gündəliyi kimi baxılmamalıdır. Bundan nəinki bizim region, eləcə də Çindən Avropaya qədər olan coğrafiyada yerləşən dövlətlərin hər biri faydalanacaq.
Düşünürəm ki, bu görüşün nəticəsi olaraq, normallaşma kontekstində yeniliklər ola bilər. Ticarət, iqtisadi əlaqələr şaxələnərək, təkcə enerji və tranzit deyil, daha yeni sahələrdə əməkdaşlıq özünü göstərə bilər.
ABŞ vitse-prezidentinin regiona səfəri kontekstində TRİPP marşrutunun işə düşməsi istiqamətində növbəti addımlar müzakirə oluna bilər. Regionun ABŞ-la əməkdaşlığının strateji səviyyəyə çatması və Vaşinqtonla yeni əməkdaşlıq sahələrinin başladılması bu ölkənin Cənubi Qafqazda mövcudluğunu artıracaq. Azərbaycanın hərbi və müdafiə sahəsində ABŞ-la iqtisadi əlaqələr qurması da yenilikdir.
Bütövlükdə, Azərbaycanla Ermənistan arasında normallaşma sahəsində əldə olunan istənilən irəliləyiş regionda dayanıqlı sülhə, sabitliyə və rifaha xidmət edir”.
Lalə, BakuPost
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.