EN

Bu qadağaya görə evlər BAHALAŞACAQ

Azərbaycanda mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı genişləndirilir. Bu məsələ Milli Məclisin iclasında müzakirə edilən “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, asbest və tərkibində asbest olan materiallar Mülki Məcəlləyə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına əlavə ediləcək. Bəs bu hal evlərin maya dəyərinə necə təsir edəcək?

Asbest - incə liflərdən ibarət mineral maddədir. Onun yüksək istilik müqaviməti, kimyəvi maddələrə dayanıqlığı və uzunömürlülüyü səbəbindən uzun illər tikinti materialları, izolyasiya məhsulları, sement və şifer istehsalında geniş istifadə olunub. Azərbaycanda da bu material xüsusilə dam örtüklərində tətbiq olunub.

Son elmi araşdırmalar göstərir ki, asbestin lifləri insan orqanizminə daxil olduqda ağciyər xərçəngi, mezotelyoma və xroniki ağciyər xəstəlikləri kimi ciddi sağlamlıq problemlərinə yol açır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, asbest bütün formalarda kanserogen hesab olunur. Liflər nəfəs yolu ilə daxil olduqda xəstəliklərin inkişafı illərlə davam edə bilər və müalicəsi çətindir.
 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə 1 045 ton asbest və 27 634 ton tərkibində asbest olan təbəqələr idxal edilib. Asbest tərkibli dam örtükləri (şifer) ölkədə ümumi dam örtüyü fondunun 29 faizini təşkil edir və təxminən 190 milyon m² sahəni əhatə edir. Ölkədə şifer istehlakı 2,6 milyon m² və ya 1,5 milyon list təşkil edir. Hazırda ölkənin dam örtüyü bazarının 15-20 faizi şiferin payına düşür.

Vurğulanıb ki, elmi araşdırmalar onun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını sübut etdikdən sonra bir sıra ölkələrdə asbest və asbest tərkibli məhsulların istifadəsi qadağan edilib. Asbest liflərinin havaya qarışaraq nəfəs yollarına daxil olması müxtəlif xəstəliklərin, o cümlədən ağciyər xəstəliklərinin yaranma riskini artırır. Bu səbəbdən asbestin istifadəsinin məhdudlaşdırılması və tamamilə qadağan edilməsi ictimai sağlamlığın qorunması baxımından mühüm addım hesab olunur.

BMT-nin “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyası ilə asbest təhlükəli maddə kimi təsnifatlandırılıb.



“Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üçün əvvəlcədən məlumatlandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”nda (ölkəmiz bu konvensiyaya 30 sentyabr 2025-ci il tarixli qanunla qoşulub) asbest məhsulu təhlükəli kimyəvi maddə kimi təsnif edilib və onun beynəlxalq ticarəti müəyyən məhdudiyyətlərə tabedir. Sənədə əsasən, məhsul insan sağlamlığı üçün ciddi təhlükə yaradır, ticarəti müəyyən prosedurlarla tənzimlənir.

Asbestdən istifadə bir çox ölkələrdə qadağan edilib. Avropa Birliyi ölkələri, Yaponiya, Avstraliya və Kanada bu materialdan tam imtina edib. Qadağan olunan ölkələrdə məqsəd işçilərin və ictimaiyyətin sağlamlığını qorumaqdır. Hələ də bəzi ölkələrdə - Çin, Hindistan, Rusiya və ABŞ müəyyən tətbiqlərdə asbestdən istifadə davam edir.

Daşınmaz əmlak eksperti Elnur Azadov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Şifer artıq kanserogen maddələr siyahısına salınıb. Avropa ölkələri bu materialın istifadəsini illər əvvəl dayandırıb. Azərbaycanda da gecikmiş olsa da, şiferin dövriyyədən çıxarılması istiqamətində müəyyən addımlar atılır”.

Ekspertin sözlərinə görə, şifer əsasən Sovet dövründə tikilmiş fərdi yaşayış evlərinin dam örtüklərində geniş tətbiq olunub: “Bu material uzun illər açıq mühitə məruz qaldığından hazırda mövcud tikililərin damında qalması əlavə risk yaratmır. Azərbaycanda şiferə daha çox dam örtüklərində və köhnə kanalizasiya xətlərində rast gəlinir. Son on ildən artıq müddətdə isə ondan istifadə faktiki olaraq dayandırılıb. Kanalizasiya sistemlərində şifer borular mərhələli şəkildə polietilen borularla əvəz olunur. Fərdi yaşayış evlərində isə daha yüngül metal konstruksiyalar və alternativ örtük materialları seçilir. Bu səbəbdən şiferin qadağan olunması tikinti bazarında ciddi qiymət artımına gətirib çıxarmayacaq”.

Chosen
25
13
moderator.az

10Sources