EN

"Nərimana məsləhət görərdim ki, çox qısa zamanda ingilis dilini öyrənsin" - ABŞ-da məşqçi kimi çalışan həmyerlimiz

Vaxtı ilə “Neftçi”, “Simurq”, AZAL, “Zirə”, “Samtrediya” kimi klublarda oynamış Nicat Qurbanov hazırda ABŞ-də yaşayır. Kaliforniya ştatında yaşayan Qurbanov okeanın o tayında futbola yeni-yeni addım atan uşaqların məşqçisi kimi çalışır. O, Sportal.az saytına müsahibəsində milli komandamızın hücumçusu Nəriman Axundzadənin “Qarabağ”dan “Kolumbus Kryu”ya keçidi ilə bağlı danışıb.

- Nəriman Axundzadənin "Kolumbus Kryu" klubuna keçidi artıq rəsmiləşdi. Sənin üçün gözlənilməz və ya təəccüblü transfer oldu? Bu transferə necə şərh verərdin?

- Nərimana uğurlar arzulayıram. Ümid edirəm ki, bu keçid onun karyerasında irəliyə doğru atılmış addım olar. Əlbəttə ki, Nərimanın "Kolumbus Kryu"ya keçidi gözlənilməz oldu. Bir azərbaycanlının MLS-də oynaması, məncə, hamı üçün gözlənilməz idi. Ümidvaram ki, hər şey istədiyi kimi alınacaq.

- Ümumiyyətlə, bir azərbaycanlı futbolçu ABŞ-da, MLS-də hansı problemlərlə qarşılaşa bilər? Hansı baryerlər ola biləcəyini ehtimal edirsən?

- Problemlər deməzdim, sadəcə həyatında ciddi dəyişikliklər olacaq. Ümid edirəm ki, bu dəyişikliklər yalnız müsbət tərəfə doğru olar. Əgər bu müsahibəni oxusa, məsləhət verərdim ki, çox qısa zamanda ingilis dilini öyrənsin. Amerikalılar kommunikasiyanı çox sevirlər və həmişə fikirlərini bölüşməyə açıqdırlar. O ki qaldı, oyun baxımından çətinliklərə, düşünürəm ki, adaptasiya dövrünü keçəndən sonra daha rahat olacaq.

- Nərimanın oyun stilini və nəyə qadir olduğunu bilirsən. Səncə, o, "Kolumbus Kryu"ya uyğun futbolçudur, oyun stili baxımından və orada özünü təsdiq edəcəyinə əminsən?

- Əsas məsələ odur ki, Nəriman gəncdir və bu onun üstünlüyüdür. Komandanın heyətinə baxsaq, orta yaş həddi 25-26-dır. Əsas heyətin daimi üzvü olmaq üçün də məşqlərdə ən yaxşılardan olmalı və oyunlarda məşqçinin verdiyi tapşırıqları yerinə yetirməlidir.

- O, MLS-də oynayacaq ilk azərbaycanlı futbolçu olacaq. Bunun da müəyyən məsuliyyəti olacaq. Bu, onun üçün təzyiq yaratmazki? Çünki "Qarabağ"da çox tənqid olunan futbolçu idi və sanki bunlardan da uzaqlaşmaq üçün ayrıldı Azərbaycandan..

- Ümumiyyətlə, Nərimanın bu qədər tənqid olunması yersiz idi. 22 yaşlı futbolçu hələ çox şeyi öyrənməlidir. Nəriman təcrübə yığa-yığa gedirdi. Sadəcə basqı çox oldu və buna tab gətirmək, əlbəttə, çətin idi. Burada isə rahat, sakit başla yeni bir səhifə açıb öz yoluna davam edəcək.

- Onun özünü MLS-də özünü göstərəcəyi təqdirdə, Avropanın güclü liqa klublarının diqqətini çəkməsi mümkündür?

- Düşünürəm ki, mümkündür. "Kolumbus Kryu"nun futbolçusu bu qış "Tuluza"ya transfer oldu. Deməli, stabil oynasa, hər şey mümkündür. Ümid edirəm ki, hər şey istədiyi kimi alınacaq.

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Chosen
35
1
sportal.az

2Sources