EN

Azərbaycana gələn turistlərin bir qismi yalnız oteldə qalmaqla kifayətlənib, restoranlardan istifadə etməyib

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci ildə Körfəz ölkələri Azərbaycana gələn turistlərin sayında və onların xərclərində geriləmə ilə yadda qalıb. İl ərzində bu regiondan ölkəyə 195 min turist səfər edib və ümumi xərclər 399 mln. manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü illə müqayisədə turist axını 6 faiz, xərclər isə 12 faiz azalıb. Maraqlı məqam ondan ibarətdir ki, Səudiyyə Ərəbistanından gələn turistlərin həm sayı, həm də xərcləri yüksələrək 8 faiz olub. Digər Körfəz ölkələrində isə azalma tendensiyası üstünlük təşkil edib. Xüsusilə BƏƏ, Küveyt və Oman üzrə həm turist sayı, həm də xərclərdə daha ciddi eniş qeydə alınıb. Bu da ümumi göstəricilərə birbaşa təsir göstərib.

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına turizm eksperti Ceyhun Aşurov açıqlamasında bildirib ki, turist xərclərinin sürətlə azalmasının əsas səbəbi yan xərclərin azalması və ya olmamasıdır: “2025-ci ildə Azərbaycana gələn turistlərin ümumi sayında azalma müşahidə olunub. Bu azalma əsasən Körfəz ölkələrindən gəlişlərin çətinləşməsi ilə bağlıdır. Xüsusilə yay mövsümündə - Körfəz ölkələrindən turist axınının ən yüksək olduğu dövrdə - İran və İsrail arasında baş verən müharibə regionda hava məkanının bağlanmasına səbəb oldu. Hərçənd müharibə təxminən 10 gün davam etsə də, hava məkanının uzun müddət qapalı qalması birbaşa uçuşlara və uçuş müddətlərinə ciddi mənfi təsir göstərdi. Normalda təxminən 3 saat çəkən uçuşlar 6-7 saata qədər uzandı ki, bu da xüsusilə Körfəz ölkələrindən gələn turistlərin sayının kəskin azalmasına gətirib çıxardı”.

Ceyhun Aşurov

“Turist xərclərinin sürətlə azalmasının əsas səbəbi, yan xərclərin azalması və ya olmamasıdır. Azərbaycana gələn turistlərin bir qismi yalnız oteldə qalmaqla kifayətlənib, restoranlardan istifadə etməyib, regionlara səfər etməyib və əyləncə xərclərini minimuma endirib. Xüsusilə, tədbir və qısa müddətli səfər üçün gələn turistlər məhdud və az çeşidli xərclər ediblər. Turist sayındakı azalma nisbətən məhdud olsa da, əlavə xərclərin azalması səbəbindən ümumi xərclərdə daha kəskin azalma müşahidə olunub”-deyə turizm eksperti Ceyhun Aşurov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
82
bizimyol.info

1Sources