EN

“Turizm bazarında daha çox orta və aşağı xərcli turistlərin üstünlük təşkil etməsi ümumi xərclərin azalmasına səbəb olur”

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

2025-ci ildə Körfəz ölkələrindən Azərbaycana təxminən 195 min turist gəlib və onların xərcləri 399 mln. manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü illə müqayisədə Körfəz regionu üzrə turist axını 6 faiz, xərclər isə 12 faiz azalıb. Səudiyyə Ərəbistanından gələn turistlərin sayı 102 min nəfər olub və bu, illik müqayisədə 7 faiz artım deməkdir. Onların xərcləri 208 mln. manat təşkil edib (8 faiz artım). Digər Körfəz ölkələrində isə azalma müşahidə olunub. BƏƏ-dən gələn turistlərin sayı 43 min (−5%), xərclər 90 mln. manat (−18%) olub. Küveytdən 26 min turist gəlib (−16%), xərclər 55 mln. manat (−22%) təşkil edib. Omandan gələn turistlərin sayı 16 min (−33%), xərclər 29 mln. manat (−35%) olub. Bəhreyndən 5 min (−10%) turist gəlib və 10 mln. manat (−15%) xərclənib. Qətərdən isə 3 min turist qeydə alınıb (−16%), xərclər 6 mln. manat (−18%) azalma təşkil edib.Turistlərin sayı ilə müqayisədə xərclərin daha sürətlə azalması nə ilə bağlıdır?Azərbaycan Körfəz ölkələrində turizm potensialını kifayət qədər effektiv tanıda bilirmi?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına turizm üzrə ekspert Rəhman Quliyev açıqlamasında bildirib ki, əgər turistə fərqli və əlavə təcrübələr təklif olunmursa, xərcləmə səviyyəsi aşağı qalır: “Turizm bazarında daha çox orta və aşağı xərcli turistlərin üstünlük təşkil etməsi ümumi xərclərin azalmasına səbəb olur. Büdcə turizminin genişlənməsi, qısa müddətli səfərlərin artması turistlərin fərdi xərclərini minimuma endirir. Bundan əlavə, bəzi turistlər ölkəyə tranzit və ya qısa istirahət məqsədilə gəldiklərindən alış-veriş və əlavə xidmətlərə az vəsait ayırırlar”.

Rəhman Quliyev

“Digər mühüm faktor, turizm məhsullarının məhdud çeşidlənməsi ilə bağlıdır. Əgər turistə fərqli və əlavə təcrübələr - mədəni tədbirlər, regional turlar, əyləncə və alış-veriş imkanları təklif olunmursa, xərcləmə səviyyəsi aşağı qalır. Bu da ümumi gəlirlərin azalmasına birbaşa təsir göstərir.

Körfəz ölkələrində turizm potensialının daha effektiv tanıdılması üçün hədəfli marketinq, qarşılılı reklam turların, media turların təşkili yerli mədəniyyətin düzgün təqdimatı və yüksək xidmət standartlarına uyğun məhsulların təşviqi vacibdir. Bu istiqamətdə atılacaq ardıcıl addımlar həm turistlərin xərclərini artırmağa, həm də ölkənin turizm gəlirlərini yüksəltməyə imkan verə bilər”,- deyə Rəhman Quliyev qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
67
bizimyol.info

1Sources