EN

Dua edin, nə qədər ki o var…

Azərbaycanlı gənc futbolçular hələ bir neçə il rahat nəfəs ala bilərlər.

Nə qədər ki Ayxan Abbasov məşqçi karyerasını davam etdirir, «qırmızı işığ»a düşməyəcəklər.

Odur ki, getsinlər Allaha dua eləsinlər. Uca Tanrıya yalvar-yaxarsınlar ki, o, bu tezliklə məşqçilik həyatıtını bitirməsin.

«Qarabağ»la oyunda qol vuran Oruc Məmmədovu artıq tanımayan yoxdur. Topa bir toxunuşla adını tarixə yazdı.

Ayxan Abbasov olmasa, kimdir bu gəncləri tapıb üzə çıxaran, şans verən?

Allahla danışaq da, dərdi Premyer Liqada qalmaq olan hansı komandanın baş məşqçisi «Qarabağ» kimi rəqiblə oyunda belə təcrübəsiz cavana əsas heyətdə forma geyindirər?

Ümumiyyətlə, Ayxan Abbasov hər mövsüm kiminsə ulduzunu parıldadır. I Liqada, Əvəzedicilər Liqasında bir bəndənin yadına düşməyən gəncləri Premyer Liqaya qazandıran məşqçi hələ onlardan «diş»li və ürəkli komanda düzəldirsə,

«Qarabağ»ın ödünü ağzına gətirirsə, vallah, qəhrəmandır, billah, qəhrəmandır!

Gərək futbolumuz və futbolçumuz bu cür qətiyyətli mütəxəssislərin qədrini bilə, qiymətini verə.

Edqar Ədilxanov I Liqadan qalmış oyunçudur. Keçən mövsüm hamı ondan danışırdı, bu gün də Oruc Məmmədovun adı dillər əzbəridir.

«Şamaxı»nın dünənədək futbola qram da xeyri dəyməyib. Amma bu gün var.

Yenə də Ayxan Abbasovun sayəsində. Dörd ay sonra o da buranı tərk edəcək.

Görək, ondan sonra gələcək baş məşqçi Oruc Məmmədov, Emil Süleymanov, Ramiz Muradov kimi cavanlara bu qədər güvənəcəkmi? Çox az inandırıcıdır.

KAMİL

Chosen
29
sportinfo.az

1Sources