EN

Ukrayna savaşı Rusiya ilə NATO arasında birbaşa toqquşmaya çevrilə bilər ŞƏRH

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukrayna savaşının səngimə ehtimalı getdikcə azalır. Hətta yay aylarında savaşın daha da qızışa biləcəyi bildirilir

NATO ilə Rusiya arasında gərginliyin yeni mərhələyə keçə biləcəyi ilə bağlı mesajlar fonunda alyansın rəhbərliyi həm Şərqi Avropada mümkün risklərə, həm də Ukrayna cəbhəsindəki vəziyyətə dair açıq mövqe sərgiləyib. NATO-nun baş katibi Mark Rütte Suvalkı dəhlizinə yönələ biləcək istənilən təhdidin cavabsız qalmayacağını və belə bir halda alyansın reaksiyasının “dağıdıcı” olacağını bəyan edib. Eyni zamanda, NATO rəsmiləri Ukraynada cəbhə xəttinin çökməsi ilə bağlı proqnozları əsassız sayaraq, Rusiyanın informasiya müstəvisində apardığı kampaniyanın real hərbi-strateji vəziyyəti əks etdirmədiyini vurğulayırlar. Bu açıqlamalar alyansın həm şərq cinahında hərbi mövcudluğunu gücləndirmək niyyətini, həm də Ukraynaya dəstək kursunu davam etdirməkdə qərarlı olduğunu göstərir.

Politoloq Elçin Xalidbəyli “Sherg.az”a deyib ki,Ukraynanın müdafiə sisteminin tab gətirmə potensialı Qərbdəki müttəfiqlərinin dəstəyindən asılıdır:

“Hazırda bu dəstək ciddi şəkildə zəifləməyə başlayıb. Amerika Birləşmiş Ştatları demək olar ki, dəstək vermir. Avropa Birliyi ölkələrinin dəstəyi də ciddi şəkildə azalıb. Çünki Amerika bu yükü tam şəkildə Avropa Birliyinin üzərinə yükləyib və birlik ABŞ-siz bu addımları atmaqda çətinlik çəkir. Digər tərəfdən Avropa Birliyini və ölkələrini düşündürən əsas məsələ məkanlarının təhlükəsizlik sisteminin yenidən qurulmasıdır. Çünki son proseslər ABŞ-nin artıq Avropanın müttəfiqi sayılmadığını göstərir. Yəni daha çox Rusiya ilə ortaq mövqedə durur və Avropa ölkələrini bəhanələrlə və müxtəlif sahələr üzrə ciddi şəkildə təhdid edir. Bu məntiqdən çıxış edən Avropa ölkələri də özlərinin yeni təhlükəsizlik arxitekturasını qurmağa çalışırlar. Yeni modeldə isə ABŞ-nin iştirak etmədiyi alternativin yaradılmasına üstünlük verirlər.

Analitik qeyd edib ki, belə situasiyada NATO-nun önəmi ön plana keçir:

“NATO üzvlərinin sırasında böyük əksəriyyəti məhz Avropa ölkələri təşkil edir. Avropa ölkələri də hazırda Rusiyadan müdafiə olunmaq xəttini seçiblər. Deməli, bu məsələdə Avropa ölkələri NATO-nun dəstəyindən, hərbi potensialından istifadə etməyə cəhd göstərə bilərlər. Əslində, son vaxtlar NATO Rusiya sərhədləri boyunca öz mövqelərini ciddi şəkildə gücləndirib və bununla əlaqədar genişmiqyaslı təlimlər də keçirib. Vaxtaşırı NATO-nun baş katibi Rutte Rusiyaya nüvə zərbəsi ilə bağlı xəbərdarlıq da edir. O bildirir ki, əgər Rusiya nüvə silahına əl atarsa, NATO adekvat cavab verəcək. Bu isə iki tərəf arasında gərginliyin ciddi şəkildə artdığını göstərir. Həmçinin nəzərə almaq lazımdır ki, Ukrayna savaşının səngimə ehtimalı getdikcə azalır. Hətta yay aylarında savaşın daha da qızışa biləcəyi bildirilir. Əgər bütün bunlar baş verərsə, hansısa mərhələdə Ukrayna savaşı Rusiya ilə NATO arasında birbaşa toqquşmaya da çevrilə bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
sherg.az

1Sources