Son illər Azərbaycanda rinoplastika əməliyyatlarına maraq sürətlə artır. Estetik görünüşlə yanaşı, nəfəsalma problemləri və travmalar da insanları burun əməliyyatına yönəldən əsas səbəblərdən sayılır. Əməliyyatların sayının çoxalması ilə paralel olaraq, uğursuz nəticələr, ikinci dəfə müdaxiləyə ehtiyac və müxtəlif fəsadlarla bağlı şikayətlər də gündəmdədir. Bəs burun əməliyyatlarına bu qədər tələbat niyə yaranıb? Hansı hallarda rinoplastika zəruridir və kimlər üçün risklidir? Əməliyyatdan sonrakı sağalma prosesi nə qədər çəkir və pasiyentlər həkim seçərkən nələrə diqqət etməlidirlər? Bu və digər suallara aydınlıq gətirmək üçün Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, plastik və rekonstruktiv cərrah Vaqif Qələndərlə həmsöhbət olduq.
– Burun əməliyyatlarının artmasına səbəb nədir?
– Burun əməliyyatlarının artmasının bir neçə əsas səbəbi var. Birinci səbəb bizim Qafqaz regionuna məxsus burun anatomiyasıdır. Burada burun quruluşu ilə bağlı həm obyektiv xüsusiyyətlər, həm də müxtəlif deformasiya halları daha çox müşahidə olunur. Yəni burunun böyük olması, sümük və qığırdaq hissələrində əyriliklər, burun çəpəri problemləri, travma sonrası yaranan dəyişikliklər bu regionda daha geniş yayılıb. Bu səbəbdən də Qafqaz bölgəsində rinoplastika əməliyyatına ehtiyac özünü daha çox göstərir.
Digər tərəfdən, son illərdə rinoplastika sahəsində müasir metodların tətbiqi genişlənib. Texnologiya və tibbin inkişafı nəticəsində əməliyyatlar daha dəqiq, daha təhlükəsiz və daha komfortlu şəkildə aparılır. Bu da insanlarda qorxu və tərəddüd hissini azaldır, əməliyyata qərar verməyi asanlaşdırır. Amma əsas məsələ odur ki, insanlar mütləq peşəkar mütəxəssisə müraciət etməlidirlər. Çünki qeyri-peşəkar müdaxilə ciddi problemlərə gətirib çıxara bilər.
– Rinoplastika əməliyyatlarının artması ilə yanaşı, şikayətlərin də artdığı müşahidə olunur. Sizcə, bunun səbəbi nədir?
– Şikayətlərin artmasının əsas səbəbi keyfiyyətlə bağlıdır. Bəzən, insanlar düzgün seçim etmirlər, əməliyyatı peşəkar mütəxəssisə yox, bu sahədə təcrübəsi və ixtisası olmayan şəxslərə həvalə edirlər. Bu isə nəticədə böyük fəsadlara yol açır. Təəssüf ki, sonradan həmin problemləri aradan qaldırmaq çox çətin olur.
Rinoplastika əməliyyatı estetik əməliyyat kimi görünsə də, əslində çox incə və məsuliyyətli cərrahi müdaxilədir. Burada həm görünüş, həm də nəfəsalma funksiyası nəzərə alınmalıdır. Qeyri-peşəkar yanaşma burunun formasını pozmaqla yanaşı, nəfəsalma problemlərinə də səbəb ola bilər. Buna görə də insanlar həkim seçərkən çox diqqətli olmalıdırlar.
– Sizə daha çox hansı şikayətlərlə bağlı müraciət edirlər?
– Bizə daha çox travmatik burunlarla bağlı müraciətlər daxil olur. Məsələn, burun sınığı, burun əyriliyi, zərbə nəticəsində yaranan deformasiya və ya nəfəsalma problemləri olan pasiyentlər çox olur. Eyni zamanda, estetik baxımdan narazı olan pasiyentlər də müraciət edirlər. Qadınların bir çoxu Qafqaz tipli burun formasından razı qalmır, daha incə, daha simmetrik və estetik burun istəyirlər.
Digər mühüm məsələ isə budur ki, başqa yerdə əməliyyat olunub nəticədən narazı qalan pasiyentlərin sayı artıb. Bəzən burun formasında simmetriya pozulur, burun ucu düşür, burun çox kiçildilir, yaxud da nəfəsalma daha da çətinləşir. Bu cür hallarda pasiyentlər yenidən korreksiya üçün bizə müraciət edirlər.
– İkinci dəfə burun əməliyyatı etdirənlərin sayının artması daha çox uğursuz əməliyyatlarla bağlıdır?
– Bəli, əsasən belədir. İkinci dəfə rinoplastika etdirən pasiyentlərin böyük hissəsi uğursuz və qeyri-peşəkar əməliyyatların qurbanı olan insanlardır. Çünki burun əməliyyatında ən kiçik səhv belə sonradan ciddi problem yarada bilər. Burun anatomiyası çox həssasdır və burada hər millimetr önəmlidir.
Amma bəzən pasiyentlərin özləri də məsuliyyət daşıyırlar. Çünki əməliyyatdan sonra həkimin verdiyi tövsiyələrə əməl etmək vacibdir. Bəzi pasiyentlər sağalma dövründə diqqətsiz davranır, qoruyucu rejimə əməl etmir, buruna zərbə dəyir, ya da vaxtından əvvəl fiziki aktivliyə başlayırlar. Bu da nəticəyə mənfi təsir göstərə bilər.
– Burun əməliyyatından sonra tam sağalma müddəti nə qədər çəkir?
– Burun, adətən, 7-10 gün gipsdə qalır. Bu müddət ərzində burun ilkin formaya düşür və sabitləşir. Daha sonra gips çıxarılır, amma sağalma prosesi davam edir. Burunun yeni formasının tam oturması və yekun nəticənin görünməsi 3-5 aya qədər çəkə bilər. Çünki hər bir insanın orqanizmi fərqlidir, sağalma prosesi də fərdi şəkildə gedir. Bununla belə, pasiyentlər 10-12 gün sonra artıq gündəlik həyatına və iş fəaliyyətinə rahat şəkildə qayıda bilirlər. Sadəcə müəyyən müddət buruna diqqət etmək, qorumaq və tövsiyələrə əməl etmək lazımdır.
– Rinoplastika əməliyyatında ən riskli mərhələ hansıdır?
– Əgər əməliyyat peşəkar şəkildə aparılırsa, ciddi fəsad gözlənilmir. Amma rinoplastika əməliyyatından öncə mütləq düzgün laborator analizlər götürülməlidir. Pasiyentin ümumi sağlamlıq vəziyyəti dəqiq qiymətləndirilməlidir. Qan analizləri, laxtalanma göstəriciləri, ürək-damar sistemi və digər tibbi göstəricilər mütləq nəzərdən keçirilməlidir. Ən vacib məsələ peşəkar yanaşmadır. Pasiyent həkim seçərkən onun bu sahədə ixtisasına, təcrübəsinə və peşəkarlığına diqqət etməlidir. Virtual aləmdə hazırda aldadıcı reklamlar çoxdur. Sosial şəbəkələrdə paylaşılan şəkillər və videolar hər şeyi əks etdirmir. İnsanlar reklam xarakterli məlumatlara aldanmamalıdır. Həkimin kimliyi, təcrübəsi, fəaliyyəti araşdırılmalıdır.
– Rinoplastika üçün ideal yaş həddi varmı?
– Bəli, yaşla bağlı məhdudiyyət var. Biz 15 yaşdan tez rinoplastika əməliyyatı etmirik. Çünki bu yaşa qədər burun skeleti tam formalaşmır. Burun inkişafını tamamlamadan aparılan əməliyyat sonradan yenidən deformasiya və problemlərə səbəb ola bilər. Eyni zamanda, yaşlı pasiyentlərdə də əməliyyat qərarı ümumi sağlamlıq vəziyyətinə uyğun verilir. Yəni yaşdan daha çox orqanizmin vəziyyəti və analiz nəticələri əsas götürülür.
– Burun əməliyyatını kimlərə qətiyyən məsləhət görmürsünüz?
– Bu, pasiyentin ümumi sağlamlıq vəziyyətindən asılıdır. Biz pasiyentin yaşına, laborator göstəricilərinə, qan analizlərinə və varsa xroniki xəstəliklərinin dərəcəsinə baxırıq. Qan laxtalanma problemi olan şəxslər, ciddi ürək-damar xəstəliyi olanlar, ağır şəkərli diabet xəstələri və digər risk qrupları əməliyyat üçün uyğun sayılmaya bilər. Bizim əsas prinsipimiz sağlam pasiyentlərlə işləməkdir. Məqsəd odur ki, həm əməliyyat zamanı, həm də əməliyyatdan sonrakı dövrdə heç bir problem yaşanmasın. Pasiyentin sağlamlığı hər şeydən önəmlidir.
– Rinoplastika cərrahiyyəsi sahəsində dövlət nəzarəti yetərlidirmi?
– Ümumiyyətlə, tibbin bütün sahələrində müvafiq protokollar var. Hansı əməliyyatların necə icra olunması, kimlər tərəfindən aparılması və hansı qaydalara əməl olunması müəyyən olunub. Son zamanlar bu istiqamətdə vəziyyət daha da dəqiqləşdirilib. Artıq bu sahədəki qeyri-peşəkarlar tədricən sıradan çıxmağa başlayıblar. Amma yenə də bu sahədə qaçaq əməliyyat edən şəxslər mövcuddur. Təəssüf ki, bəzən elə estetik müdaxilələr olur ki, onları hətta kosmetoloji salonlarda edirlər. Bu, düzgün deyil və ciddi risk yaradır. Bu problemlərin aradan qaldırılması üçün Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən müvafiq addımlar atılır. Amma onu da qeyd etmək lazımdır ki, qaçaq əməliyyatlar dünyanın bir çox ölkələrində mövcuddur. Bu məsələdə ən vacib addımlardan biri insanların maarifləndirilməsidir. İnsanlar bilməlidir ki, estetik əməliyyat adı altında sağlamlıq riskə atılmamalıdır.
– Sonda oxuculara nə tövsiyə edərdiniz?
– Ən əsas tövsiyəm odur ki, insanlar rinoplastika əməliyyatına qərar verəndə tələsməsinlər. Düzgün araşdırma aparsınlar, həkim seçimini diqqətlə etsinlər. Ucuz qiymət və sosial şəbəkə reklamlarına aldanmaq olmaz. Burun əməliyyatı çox ciddi və məsuliyyətli bir cərrahi müdaxilədir. Düzgün aparılan əməliyyat həm estetik görünüşü yaxşılaşdırır, həm də nəfəsalma problemlərini aradan qaldırır. Əsas məqsəd sağlam və təhlükəsiz nəticə əldə etməkdir.