Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev ilə Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens arasında Bakıda keçirilmiş görüş və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması yalnız ikitərəfli diplomatik münasibətlərin genişlənməsi deyil, eləcə də Cənubi Qafqazda formalaşmaqda olan yeni geosiyasi və geoiqtisadi konfiqurasiyanın mühüm elementi kimi çıxış edir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, imzalanmış Xartiya klassik tərəfdaşlıq modelindən institusionallaşmış strateji əməkdaşlıq mərhələsinə keçidi ifadə edir. Həmçinin sənəd qarşılıqlı suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan münasibətlərin çərçivəsini normativ səviyyədə təsbit edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.
O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünə verilən açıq dəstək postmünaqişə dövründə formalaşan regional reallıqların beynəlxalq sistemin ən önəmli aktoru tərəfindən tanınması baxımından ciddi siyasi əhəmiyyət daşıyır. Bu isə öz növbəsində Azərbaycanın uzun illər ərzində həyata keçirdiyi beynəlxalq hüquqa əsaslanan diplomatik xəttin məntiqi nəticəsi kimi çıxış edir. Strateji sənədin məzmunu aydın şəkildə ifadə edir ki, iki dövlət arasında tərəfdaşlıq artıq yalnız siyasi dialoqla məhdudlaşmır, konkret strateji sahələr üzrə mexanizmlər vasitəsilə funksional əməkdaşlıq platformasına çevrilir. Beləliklə də baş verən bu hadisələr fonunda Cənubi Qafqazın təhlükəsizlik arxitekturasında Azərbaycanın rolunun artması xüsusi diqqət çəkir. Regionda sabitliyin təmin edilməsi məsələsi hər iki dövlət üçün strateji prioritet kimi müəyyən olunan mühüm məqamdır. Azərbaycan bu sabitliyi yalnız hərbi-siyasi balans üzərindən deyil, iqtisadi inteqrasiya və nəqliyyat-kommunikasiya xətlərinin açılması vasitəsilə möhkəmləndirməyə çalışır.
İnfrastruktur və enerji diplomatiyası strategiyasının uğurlu nəticəsi
“Xartiyada xüsusi vurğulanan Orta Dəhliz və Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) təşəbbüsü geoiqtisadi transformasiyanın əsas dayaqları kimi çıxış edir. Bu layihələr Avrasiya məkanında alternativ logistika marşrutlarının formalaşmasına və qlobal ticarət sistemində diversifikasiyanın güclənməsinə xidmət edir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan burada yalnız tranzit ölkə funksiyası daşımır, eləcə də regional nəqliyyat, logistika və enerji təhlükəsizliyi mərkəzi kimi öz mövqeyini sistemli şəkildə möhkəmləndirir. Bu isə dövlətimizin başçısının uzunmüddətli infrastruktur və enerji diplomatiyası strategiyasının ardıcıl icrasının nəticəsidir. Təchizat marşrutlarının şaxələndirilməsi, yeni interkonnektor layihələri və bərpa olunan enerji sahəsində əməkdaşlıq isə ölkənin enerji siyasətinin strateji çevikliyini artırır. Heç şübhəsiz ki, bu addımlar həm milli iqtisadi maraqların qorunmasına, həm də ölkəmizin qlobal enerji bazarında dayanıqlı mövqeyinin təmin edilməsinə xidmət edir.
Xartiyanın texnoloji modernləşməni prioritet istiqamət kimi müəyyən etməsi isə Azərbaycanın inkişaf modelinin postneft mərhələsinə keçidinin institusional dəstək ilə təmin olunması deməkdir. Süni intellekt, rəqəmsal infrastruktur və innovasiya sahəsində əməkdaşlıq daxili iqtisadi transformasiyanın sürətləndirilməsi baxımından mühüm resurs rolunu oynayır. ABŞ şirkətləri ilə qurulan tərəfdaşlıq yeni bilik transferi, texnologiya axını və insan kapitalının inkişafı üçün əlavə imkanlar yaradır. Həmçinin bu proses Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi perspektivini gücləndirir”, - deyə A.Qurbanova vurğulayıb.
Politoloq əlavə edib ki, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi isə strateji tərəfdaşlığın hərtərəfli xarakter aldığını göstərən mühüm məqamdır. Terrorla mübarizə, kibertəhlükəsizlik və humanitar minatəmizləmə sahəsində birgə təşəbbüslər regionda təhlükəsizlik mühitinin sabitləşdirilməsinə yönəlmiş praktiki mexanizmlərdir. Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı və qlobal təhlükəsizlik təşəbbüslərinə töhfəsi ölkəmizin məsuliyyətli aktor kimi qəbul edilməsini gücləndirən mühüm amillərdir. Beləliklə də, Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycanın balanslaşdırılmış və praqmatik xarici siyasət kursunun davamlılığını bir daha aydın və konkret şəkildə təsdiqləyən mühüm sənəddir. Bununla bir daha aydın oldu ki, ölkəmiz yalnız regional proseslərin iştirakçısı deyil, eyni zamanda onların formalaşmasında fəal iştirak edən əsas aktordur.