Az sənəd, az növbə, sürətli cavab: “Azərbaycanın yeni rəqəmsal arxitekturası” nə vəd edir? - Tahir Mirkişili ilə MÜSAHİBƏ
Fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib Müşavirədə ölkənin rəqəmsal inkişaf strategiyası və informasiya-kommunikasiya texnologiyaları sahəsində gələcək prioritetlər müzakirə olunub. Dövlət başçısı bu sahədə atılacaq addımlarla bağlı tapşırıqlar verib. Prezident süni intellekt, rəqəmsallaşma və data mərkəzlərinin qurulmasını ölkənin gələcək inkişafını müəyyən edən ən mühüm amillər kimi önə çəkdi. 1news.az “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə ilə bağlı Milli Məclisin deputatı Tahir Mirkişilidən müsahibə alıb. - “Yeni rəqəmsal arxitektura” nə deməkdir? - Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” üzrə müşavirə onu göstərdi ki, ölkə rəqəmsallaşmanı artıq ayrı-ayrı xırda layihələr kimi yox, vahid plan və vahid idarəetmə ilə həyata keçirmək mərhələsinə keçir. Məqsəd çox sadədir: dövlət xidmətləri daha sürətli, daha rahat, daha təhlükəsiz olsun; biznesin işi yüngülləşsin; süni intellekt real fayda versin. Bu, dövlətin rəqəmsal sistemlərinin bir-biri ilə daha yaxşı işləməsi deməkdir. Yəni hər qurum öz-özünə ayrı sistem qurmasın, hamı eyni qaydalar və eyni platformalar üzərindən işləsin. Xidmətlər də “kağız, arayış, möhür” məntiqi ilə yox, insanın ehtiyacına görə qurulsun. Tahir Mirkişili- Dövlət başçısının bu məsələyə xüsusi diqqət ayırması nədən xəbər verir? - Bu, rəqəmsallaşmanın artıq “IT məsələsi” deyil, ölkənin inkişaf məsələsi olduğunu göstərir. Dövlət idarəçiliyinin keyfiyyəti, iqtisadiyyatın rəqabət gücü, investisiya, şəffaflıq və təhlükəsizlik bu mövzudan birbaşa asılıdır. Ona görə də Prezident bu sahəni ən yüksək səviyyədə prioritet edir. - Rəqəmsallaşma sahibkara nə verəcək? - Sahibkar üçün ən vacib nəticə budur: vaxt itirməyəcək, artıq sənəd dalınca getməyəcək, proseslər tezləşəcək. Qeydiyyat, icazə, hesabat, arayış kimi işlər daha rahat, daha şəffaf olacaq. Dövlət–biznes münasibətləri bir neçə platformada toplanacaq və insan faktoru azaldıqca “süründürməçilik” də azalacaq. - Bəs kibertəhlükəsizlik və məlumatların qorunması necə olacaq? - Rəqəmsallaşma artdıqca kiberrisklər də artır. Buna görə yeni modeldə təhlükəsizlik sonradan əlavə olunan yox, sistemin öz içində qurulan əsas şərt olmalıdır. Yəni məlumatların qorunması, girişlərin nəzarəti, şifrələmə, mərkəzləşdirilmiş nəzarət və kiberhücumlara cavab mexanizmləri gücləndiriləcək. - Süni intellekt sahəsində nəyi daha yaxşı etməliyik? - Burada əsas məsələ tək “Süni İntellekt tətbiq edirik” demək deyil. Bunun üçün, keyfiyyətli və etibarlı data, qaydalar (hüquqi çərçivə) aydın olmalı, yaxşı kadr hazırlanmalı və ən önəmlisi isə süni intellekt real xidmətlərdə nəticə verməlidir. Yəni pilot layihələrdən çıxıb, ən çox fayda verən sahələrdə geniş tətbiqə keçmək lazımdır. - Vətəndaşlar yeni rəqəmsal modelin, suni intellektin dövlət qurumlarında tətbiqini gündəlik həyatlarında necə hiss edəcəklər? - Ən sadə dillə desək - vətəndaş daha az sənəd toplayacaq, daha az növbəyə dayanacaq, daha sürətli cavab alacaq, bir çox xidmətləri evdən, telefondan edəcək, bəzi proseslər isə avtomatik işləyəcək (məsələn, məlumatlar qurumlar arasında ötürüləcək). Yəni dövlət vətəndaşı gəzdirən yox, vətəndaşa işi asanlaşdıran tərəfə çevriləcək. - Bu müşavirənin rəqəmsal inkişafımızda rolu nədir?
- Bu müşavirə bir şeyi rəsmiləşdirdi: rəqəmsal inkişaf, süni intellekt və kibertəhlükəsizlik ölkənin prioritetidir və bu işlər vahid planla, vahid koordinasiya ilə sürətləndirilməlidir. Əsas məqsəd budur ki, rəqəmsallaşma kağız üzərində qalmasın — vətəndaş və biznes bunu real həyatda hiss etsin.