EN

İnformasiya təhlükəsizliyi dərsi ayrıca fənn kimi tədris oluna bilər - DEPUTAT

Ötən gün Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə zamanı bir sıra vacib məsələlərə toxunub. O, xüsusilə kadr hazırlığının əhəmiyyətini vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, təhsil sistemində bu sahəyə daha böyük diqqət yetirilməli, həmçinin orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına müəyyən dəyişikliklər edilməlidir.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, hər zaman olduğu kimi, cənab Prezident müşavirədə son dərəcə vacib və əhəmiyyətli mesajlar səsləndirib:

177525

“Xüsusilə kiber təhlükəsizlik və informasiya təhlükəsizliyi ilə bağlı məsələlərin ön plana çəkilməsi mövzunun aktuallığını və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Dövlət başçısı bu istiqamətdə davamlı olaraq öz mövqeyini bildirir, çağırışlar edir və aidiyyəti qurumlar qarşısında konkret vəzifələr müəyyənləşdirir.

Bu gün dünyada rəqəmsallaşma prosesinin sürətlənməsi, informasiya texnologiyalarının həyatın bütün sahələrinə nüfuz etməsi kiber və informasiya təhlükəsizliyi məsələlərini milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevirib. İnformasiya məkanında baş verən risklər, kiberhücumlar, dezinformasiya kampaniyaları və digər təhdidlər dövlətlər üçün ciddi çağırışlar yaradır. Bu baxımdan, cənab Prezidentin məsələni xüsusi vurğulaması tam əsaslı və zamanın tələblərinə uyğun yanaşmadır”.

Deputat qeyd edib ki, bu sahədə sistemli və ardıcıl addımların atılmasına ciddi ehtiyac var:

“Əks təqdirdə, gələcəkdə daha mürəkkəb və çətin mərhələlərlə üzləşə bilərik. Xüsusilə həssas dövrlərdə informasiya təhlükəsizliyi əsas prioritet məsələlərdən birinə çevrilir. Məhz buna görə də təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi, kiber müdafiə imkanlarının artırılması və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.

Bu istiqamətdə həyata keçirilən tədbirlərlə yanaşı, insan resurslarının hazırlanması da xüsusi əhəmiyyət daşıyır. Peşəkar kadrların yetişdirilməsi, müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanması üçün təhsil sistemində müvafiq dəyişikliklər aparılmalıdır. Dərsliklərə yenidən baxılmalı, tədris proqramları müasir çağırışlara uyğunlaşdırılmalı və məktəblərdə şagirdlərə erkən yaşlardan informasiya təhlükəsizliyi ilə bağlı ilkin biliklər verilməlidir.

Bu, yalnız texniki biliklərin aşılanması baxımından deyil, həm də uşaqların və yeniyetmələrin informasiya mühitində təhlükələrdən qorunması baxımından vacibdir. Ona görə də hesab edirəm ki, informasiya və kiber təhlükəsizlik mövzusunda ayrıca dərsliyin hazırlanması, xüsusi tədris proqramının və metodik vəsaitlərin işlənib hazırlanması bu prosesə ciddi və mühüm töhfə verə bilər.

Nəticə etibarilə, cənab Prezidentin bu sahə ilə bağlı səsləndirdiyi çağırışlar olduqca vacibdir və qarşıda duran vəzifələrin vaxtında və effektiv şəkildə icrası üçün strateji yol xəritəsi rolunu oynayır. Biz bu istiqamətdə gecikməməli, ardıcıl və məqsədyönlü addımlar ataraq informasiya təhlükəsizliyinin təmin olunmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlamalıyıq”.

Chosen
15
1
azedu.az

2Sources