EN

Çin ABŞ-dan Venesuela nefti alıb? - İDDİA

Çin Venesuelaya məxsus neftin bir hissəsini ABŞ-dan alıb. Bu barədə ABŞ-ın energetika naziri Kris Rayt Karakasda keçirdiyi mətbuat konfransında bildirib. Nazir Venesuela prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodriqes ilə danışıqlar aparmaq üçün paytaxta səfər edib.

“İki sahil” xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

“Çin artıq ABŞ hökuməti tərəfindən satılmış neftin bir hissəsini alıb”, – deyə Rayt jurnalistlərə bildirib. O, əlavə edib ki, “qanuni biznes əsasları ilə Çinlə aparılan qanuni kommersiya əməliyyatları” ABŞ üçün məqbul sayıla bilər. Nazir bu fikri mümkün birgə müəssisələrlə bağlı suala cavab olaraq səsləndirib.

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tsyan isə brifinqdə ABŞ energetika nazirinin açıqlamalarına münasibət bildirərkən, “mövcud vəziyyətlə bağlı məlumatı olmadığını” deyib.

Yanvarın əvvəlində Kris Rayt bəyan etmişdi ki, ABŞ Venesueladan ixrac olunan bütün neftin satışına qeyri-müəyyən müddətə nəzarət etməyi planlaşdırır və ilk mərhələdə ölkədə saxlanılan ehtiyatların realizəsinə başlayacaq. Bu gün Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib ki, Venesueladan 31 milyon barel neft ABŞ-a göndərilir. Onun sözlərinə görə, Latın Amerikası ölkəsini yalnız Vaşinqton tərəfindən təsdiqlənmiş tankerlər tərk edə bilər.

ABŞ-ın Nikolás Maduronu saxlamasından əvvəl Çin Venesuela neftinin ən böyük alıcısı idi və idxalın əsas hissəsi özəl şirkətlərin payına düşürdü. Yanvarın sonunda Reuters mənbələrə istinadən yazmışdı ki, Çin dövlət şirkəti PetroChina, ABŞ-ın ixraca nəzarəti ələ keçirməsindən sonra treyderlərə Venesuela neftini almağı və onunla ticarət etməyi qadağan edib.

Buna baxmayaraq, Kris Rayt yanvar ayında Fox News-a müsahibəsində ABŞ-ın Çinin Venesuelanın neft resurslarına çıxışına mane olmayacağını bildirmişdi.

Chosen
25
ikisahil.az

1Sources