EN

"Bəzi karqo şirkətləri Temu bağlamalarını özündə saxlayır"

Son günlər Temu onlayn mağazası üzərindən sifariş edilən bağlamaların gecikdirilməsi ilə bağlı sosial şəbəkələrdə narazılıqlar artıb.İddialara görə, gecikmiş məhsullar üzrə Temu tərəfindən ödəniş geri qaytarılsa və bəzi hallarda bağlamalar alıcılara kompensasiya xarakterli təqdim edilsə də, müəyyən karqo şirkətləri həmin bağlamaları təhvil verməkdən imtina edir. Alıcılar bildirirlər ki, geri qaytarma qərarı platforma tərəfindən verilsə belə, bağlamaların çatdırılmaması onların istehlakçı hüquqlarının pozulmasına səbəb olur. Mövcud vəziyyət tərəflərin açıqlamaları arasında ziddiyyət yaradıb və ictimaiyyətdə suallar doğurub. Metbuat.az xəbər verir ki, bu barədə Kredit.az-a açıqlama verən tanınmış marketoloq Nicat Manafov qeyd edib ki, bəzi karqo şirkətləri Temu tərəfindən kompensasiya edilən bağlamaları özlərində saxlamağa başlayıblar. Onun sözlərinə görə, bu, qanunvericiliyin pozulması kimi qiymətləndirilə bilər və vətəndaşlar hüquqlarını müdafiə etməlidirlər:“Temu gecikmələrə görə istifadəçi razılaşmasına uyğun şəkildə ödənişi müştərilərə qaytarsa da, bəzi karqo şirkətləri guya bağlamaların geri tələb olunduğunu əsas gətirərək onları alıcılara təhvil verməkdən imtina edirlər. Vətəndaşlar istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi-nə müraciət edə bilərlər. Bu halda qanun pozuntusuna yol verən şirkətlər barədə tədbir görülə bilər”.Ekspert əlavə edib ki, əsas çətinlik Temu-nun Azərbaycanda hüquqi şəxs kimi qeydiyyatdan keçməməsidir. Bu səbəbdən istehlakçılar platforma ilə bağlı birbaşa yerli qurumlara şikayət etməkdə çətinlik çəkirlər. Onun sözlərinə görə, yeni qanun layihəsi qəbul olunarsa, Temu Azərbaycanda hüquqi şəxs kimi qeydiyyata alınacaq və fəaliyyəti yerli qanunvericiliyə uyğun tənzimlənəcək.Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sorğu ünvanlansa da, qurumdan hələlik rəsmi cavab alınmayıb.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti isə Kredit.az-a bildirib ki, Temu daxil olmaqla bir sıra xarici onlayn ticarət platformaları Azərbaycanda fəaliyyət göstərmək üçün qeydiyyatdan keçməli olacaqlar.Qeyd olunub ki, elektron ticarət qaydasında Azərbaycan ərazisində xidmət göstərən qeyri-rezident şirkətlərin illik dövriyyəsi 10 000 ABŞ dollarının manat ekvivalentini keçərsə, onlar 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar.

Rəqəmsal ticarətin sürətli inkişafı fonunda qeyri-rezident şirkətlərin vergiyə cəlb olunması mexanizminin təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər təklif edilib və qanun layihəsi hazırda Milli Məclisdə müzakirə olunur.

Chosen
20
15
metbuat.az

10Sources