EN

Strateji tərəfdaşlıq, TRIPP dəhlizi və İrana mesaj – Vensin Bakı səfərinin geosiyasi kodları

“ABŞ-nin vitse-prezidenti Vensin Azərbaycana səfəri region üçün son illərin ən önəmli diplomatik hadisələrindən biridir. Bu səfər Ermənistandan dərhal sonra reallaşıb. Səfər Azərbaycan-Ermənistan sülh müqaviləsinin möhkəmləndirilməsi, TRIPP layihəsi, İran ətrafındakı gərginlik kimi məsələlərdən başqa daha dərin geosiyasi məzmun daşıyır”.

Bu sözləri NOCOMMENT.az-a Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib.

Onun sözlərinə görə, səfərin ən böyük konkret nəticəsi ABŞ və Azərbaycan arasında “Strateji Tərəfdaşlıq Xartiyası”ın imzalanması oldu:

Bu sənəd iqtisadi, təhlükəsizlik, enerji və müdafiə sahələrində əməkdaşlığı nəzərdə tutur.

Xartiyada Azərbaycanın Türkiyə və İsraillə yaxşı münasibətləri əsas tutularaq regionda balanslaşdırıcı rolu vurğulanır.

ABŞ-nin təklif etdiyi TRIPP layihəsi regionda sülhün iqtisadi bazasını formalaşdırmaq məqsədi daşıyır. Bu layihənin reallaşması Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birbaşa əlaqələrini bərpa edəcək. Türkiyə ilə əlaqələri gücləndirməklə regionda yeni ticarət yolları açacaq. Həmçinin Avropanın enerji təchizatında Azərbaycanın rolunu artıracaq.

Mütəllim Rəhimli

Səfərin arxa planında çox güman ki, İran faktoru yer alır. ABŞ-nin İranla münasibətləri gərgin olduğu bir dövrdə Azərbaycanın dəstəklənməsi prioritetdir. TRIPP dəhlizi İrandan yan keçərək Şərqlə Qərb arasında alternativ ticarət və enerji yolları yaradır. Bu rəsmi Tehranın regiondakı təsirini məhdudlaşdırdığından onu qıcıqlandırır.

Hərbi-texnoloji əməkdaşlığın da müzakirələrin mərkəzində olduğu görünür. Azərbaycana ABŞ istehsalı müdafiə avadanlıqlarının satışı artıq elan olunub. Lakin daha ciddi silah sistemləri, pilotsuz uçuş aparatları və kəşfiyyat texnologiyalarının da masada olması istisna deyil. Azərbaycanın hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsi və dron texnologiyalarında əməkdaşlıq da müzakirə predmeti ola bilər.

ABŞ açıq şəkildə Cənubi Qafqazda Moskvanın təsirini azaltmağa çalışır. Azərbaycanın da Rusiyadan asılılığının minimuma endirilməsi Vaşinqtonun strateji marağındadır. Vensin səfərində bu prosesin sürətlə aparılması hədəf kimi seçilə bilər. Azərbaycan isə özünün bitərəfliyini qoruyub saxlamaq niyyətindədir.

Vensin səfəri Azərbaycanın təhlükəsizliyinin artması, ABŞ silah bazarına çıxış, TRIPP vasitəsilə iqtisadi inteqrasiya və gəlir artımı, İran və Rusiya təzyiqlərinə qarşı balanslaşdırıcı dəstək deməkdir.

Bu səfər həm Azərbaycanın mövqeyini gücləndirir, həm də regionu qlobal geosiyasi oyunların yeni mərkəzinə çevirmək potensialı daşıyır.

Əgər TRIPP layihəsi və strateji tərəfdaşlıq praktikada reallaşsa, bu, 2020-ci illərin sonu üçün Cənubi Qafqazın ən mühüm dönüş nöqtələrindən biri olacaq”.

Atilla Rzasoy

Chosen
30
nocomment.az

1Sources