EN

Rəqəmsal transformasiya artıq seçim deyil, zərurətdir – Tənzilə Rüstəmxanlı yazır

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə fevralın 11-də “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunan müşavirənin keçirilməsi ölkəmizin rəqəmsal transformasiya strategiyasında yeni mərhələnin başlanğıcıdır.

media-whatsapp-image-2025-11-25-at-14-11-55

Azərbaycanın qarşısına qoyduğu əsas məqsədlərdən biri – rəqəmsal dövlət modelinin formalaşdırılması respublikamızın uzunmüddətli inkişaf strategiyasının mühüm komponentidir ki, Prezident İlham Əliyev müşavirədəki çıxışında buna xüsusi önəm verib.

Dövlət başçısı süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma islahatlarının qlobal miqyasda ölkələrin gələcək inkişafını müəyyən edən amillər olduğunu vurğulamaqla Azərbaycanın da bu istiqamətdə ardıcıl və sistemli fəaliyyət göstərməli olduğunu açıq şəkildə ifadə edib.

Dövlət başçısı həmçinin çıxışında kibertəhlükəsizlik məsələsinin əsas hədəflərdən biri olduğunu diqqətə çatdırıb. Ölkəmizin çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalması da bu məqamın önəmini bir daha təsdiq edir.

Prezident tərəfindən dövlət qurumları arasında sıx koordinasiyanın təmin edilməsi, qısa müddətdə vahid fəaliyyət planının hazırlanması və hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslərin müəyyənləşdirilməsi ilə bağlı tapşırıqlar bu prosesin institusional çərçivədə həyata keçiriləcəyini göstərir.

Prezident İlham Əliyevin süni intellekt və rəqəmsal infrastrukturu prioritet elan etməsi həm daxili idarəetmə islahatı, həm də beynəlxalq tərəfdaşlara yönəlmiş strateji mesajdır.

Amerika Birləşmiş Ştatları ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında süni intellekt, data mərkəzləri və rəqəmsal infrastruktur üzrə əməkdaşlıq istiqamətlərinin ayrıca əksini tapması, eyni zamanda Avropa İttifaqına üzv ölkələr və Çin Xalq Respublikası ilə mövcud strateji tərəfdaşlıq formatları bu sahədə çoxtərəfli əməkdaşlıq imkanlarını genişləndirir. Bu o deməkdir ki, Azərbaycan Amerika texnologiyası, Çin istehsal və texniki həlləri, Avropa normativ standartları arasında neytral, etibarlı və təhlükəsiz platforma rolunu oynaya bilər.

Azərbaycanda süni intellekt və rəqəmsal texnologiyaların tətbiq edilməsi, bu sahədə strateji baxış ortaya qoyması birbaşa Prezident İlham Əliyevin ölkəmizin gələcəyinə hesablanmış inkişaf kursunun tərkib hissəsidir.

“Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planı da dövlətimizin bu istiqaməti inkişaf hədəfi kimi seçdiyini bir daha sübut edir. Prezident bu istiqamətdə vahid dövlət siyasətinin müəyyən edilməsinin əsasını qoyub.

Chosen
27
1
interpress.az

2Sources