EN

Venesuela "Chevron" və "Repsol" şirkətlərinə yeni neft sahələri ayıracaq

Venesuela "Chevron" və "Repsol" şirkətlərinə yeni neft sahələri ayıracaq

Venesuela hökuməti ABŞ-ın "Chevron" və İspaniyanın "Repsol" şirkətlərinə neft hasilatı üçün əlavə ərazilər ayırmaq niyyətindədir.

AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, Karakas rəsmiləri kəşfiyyat və hasilat üçün nəzərdə tutulan yeni sahələri artıq bu həftə sözügedən şirkətlərin istifadəsinə verməyə hazırdırlar.

Bu addım ölkənin neft sənayesinin bərpası və xarici investisiyaların cəlb edilməsi strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.

Xatırladaq ki, yanvarın 3-də Vaşinqton Karakasda keçirilən hərbi əməliyyat nəticəsində Venesuela prezidenti Nikolas Maduro və xanımı Siliya Floresin ABŞ hərbçiləri tərəfindən ələ keçirildiyini açıqlayıb. Yanvarın 5-də onlar Nyu-York ştatının Cənub dairəsi üzrə federal məhkəməsi qarşısına çıxarılıblar. Cütlüyə qarşı narkotik ticarətində iştirak ittihamı irəli sürülsə də, Maduro və Flores günahlarını boyunlarına almayıblar.

Hazırda Venesuelada dövlət başçısı funksiyalarını Maduronun dövründə icraçı vitse-prezident postunu tutan Delsi Rodriqes yerinə yetirir. ABŞ administrasiyası Venesuelanın müvəqqəti idarəçiliyinin Birləşmiş Ştatlar tərəfindən həyata keçiriləcəyini bəyan edib.

Chosen
47
afn.az

1Sources