EN

Spiker ABŞ-ın Vitse-prezidentinin Azərbaycana rəsmi səfərindən danışıb

Yazını böyüt
Yazını kiçilt

"Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti cənab Cey. Di. Vens bu günlərdə Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Tarixi əhəmiyyət daşıyan bu səfər, Azərbaycan ilə ABŞ arasında münasibətlərin inkişafında yeni mərhələ açmışdır".

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı spiker Sahibə Qafarova bildirib.

Spiker qeyd edib ki, səfər çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası birgə əməkdaşlığın uzunmüddətli prioritetlərini müəyyən edir və energetika, iqtisadiyyat, investisiya qoyuluşu, kosmik sənaye, rəqəmsal infrastruktur, müdafiə, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın dərinləşməsinin möhkəm təməlini yaradır:

"Xartiya sülh, sabitlik və dayanıqlı inkişaf sahəsində ümumi maraqlara əsaslanır, tərəflərin suverenliyə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına və milli maraqlara hörmət əsasında iş birliyini genişləndirmə niyyətini əks etdirir.

Xüsusi qeyd edilməlidir ki, dünyanın ən qüdrətli dövləti ilə ölkəmizin əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi bir çox cəhətdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən və ardıcıl siyasəti sayəsində mümkün olmuşdur. Onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, regional enerji-nəqliyyat layihələrinin əsas iştirakçısı və müstəqil xarici siyasət aparan bir dövlət kimi böyük nüfuz qazanmışdır.

Bu gün bölgəmiz dərin dəyişikliklərə məruz qaldığı bir şəraitdə Azərbaycan konstruktivlik və məsuliyyətli tərəfdaşlıq prinsiplərinə əsaslanır. Biz Ermənistanla Azərbaycan arasında sülhün yaradılmasına Birləşmiş Ştatların, xüsusən Prezident Donald Trampın verdiyi töhfəni yüksək qiymətləndiririk. ABŞ-ın dəstəyi Cənubi Qafqazda möhkəm və ədalətli sülhün bərqərar edilməsində müstəsna rol oynayır və iqtisadi inteqrasiya ilə əməkdaşlıq üçün yeni imkanlar açır".

S.Qafarovanın sözlərinə görə, vitse-prezident Vensin səfəri göstərdi ki, Azərbaycanın və ABŞ-ın Cənubi Qafqaz regionunun gələcək inkişafı ilə bağlı baxışları bir-birinə yaxındır:

"Bu əməkdaşlıq təkcə iki ölkənin deyil, həm də Xəzər dənizindən Avropaya qədər geniş bölgənin maraqlarına xidmət edir. Əminliklə söyləmək olar ki, səfər çərçivəsində əldə edilmiş razılaşmalar Amerika–Azərbaycan münasibətlərinin ardıcıl və dinamik inkişafını təmin edəcək, dövlətimizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə şərait yaradacaqdır".

Tahirə Qafarlı

Chosen
28
7
hafta.az

10Sources