EN

İnnovativ inkişafın yeni mərhələsi: gələcəyin yol xəritəsi

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı ölkənin inkişaf strategiyasında yeni mərhələnin başlandığını nümayiş etdirir. Müasir dövrdə süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma ilə bağlı islahatlar artıq dövlətlərin gələcək inkişafını müəyyən edən əsas amillərdir. Qlobal miqyasda formalaşan yeni iqtisadi düzən texnologiya və innovasiyalara əsaslanır. Bu reallıq şəraitində rəqəmsal transformasiya məsələsi Azərbaycanın uzunmüddətli inkişaf modelinin əsas komponentlərindən birinə çevrilib.

Dünyada gedən proseslər göstərir ki, süni intellekt iqtisadiyyatın bütün sahələrinə nüfuz edir, idarəetmə mexanizmlərini dəyişir, dövlət xidmətlərinin keyfiyyətini artırır və məhsuldarlığı yüksəldir. Bu baxımdan rəqəmsal inkişaf artıq zərurətdir. Prezident İlham Əliyev müşavirədəki çıxışında vurğulayıb ki, ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir.

Azərbaycanın mühüm üstünlüklərindən biri ölkəmizin əlverişli coğrafi mövqeyidir. Ölkəmiz Asiya ilə Avropa arasında strateji məkanda yerləşir və Şimal–Cənub, eləcə də Şərq–Qərb nəqliyyat dəhlizlərinin üzərində dayanır. Bu üstünlük uzun illər ərzində həyata keçirilmiş nəhəng enerji və nəqliyyat layihələri ilə real iqtisadi gücə çevrilmişdir. Dövlətimiz neft-qaz layihələrinin icrası, beynəlxalq şirkətlərlə əməkdaşlıq və mürəkkəb infrastruktur layihələrinin idarə olunması sahəsində böyük təcrübə qazanmışdır. Bu layihələr yalnız iqtisadi deyil, eyni zamanda texniki, hüquqi və diplomatik baxımdan da ciddi peşəkarlıq tələb etmişdir. Bu gün artıq formalaşmış platformalar və qurulmuş beynəlxalq əlaqələr yeni mərhələdə – rəqəmsal infrastrukturun inkişafında da mühüm rol oynayır.

Prezident İlham Əliyev müşavirədəki çıxışında qeyd edib ki, nəqliyyat, energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərinə də çevrilməlidir. Bu istiqamətdə müəyyən işlər görülüb, mövcud potensial sözügedən sahədə infrastrukturu daha da təkmilləşdirməyə imkan verir. Xəzər dənizinin Şərq sahilləri ilə Azərbaycanı birləşdirəcək fiber-optik kabel layihəsi regionun rəqəmsal xəritəsində ölkəmizin rolunu gücləndirəcəkdir. Gələcəkdə Qərb istiqamətində də yeni bağlantıların qurulması Azərbaycanın rəqəmsal tranzit mərkəzinə çevrilməsinə şərait yaradacaqdır. Dövlətimizin başçısı vurğulayıb ki,

Azərbaycanın iqtisadi sabitliyi və müsbət investisiya iqlimi rəqəmsal transformasiya üçün mühüm əsasdır. Son 20 il ərzində ölkə iqtisadiyyatına 350 milyard dollardan çox sərmayə qoyulmuşdur. Xarici investisiyaların hüquqi təminatı və praktik müstəvidə qorunması Azərbaycanın etibarlı tərəfdaş kimi imicini möhkəmləndirmişdir.

Neft-qaz layihələrinin 30 ildən artıq müddətdə stabil şəkildə icra olunması dövlətin uzunmüddətli öhdəliklərinə sadiqliyini sübut edir. Bu təcrübə indi rəqəmsal sahədə fəaliyyət göstərən transmilli şirkətlərlə əməkdaşlıqda da özünü göstərir. Data mərkəzlərinin yaradılması, süni intellekt sahəsində birgə layihələrin həyata keçirilməsi və qabaqcıl texnologiyaların transferi üçün etibarlı və sabit mühit əsas şərtdir. Dövlət Neft Fondunun qlobal maliyyə institutları ilə əməkdaşlığı və dünyanın ən böyük fondları ilə qurulmuş əlaqələr yeni texnoloji layihələrin maliyyələşdirilməsi baxımından əlavə imkanlar yaradır. Bu fondlarla aparılan danışıqlar nəticəsində rəqəmsal sahəyə investisiyaların cəlb olunması istiqamətində konkret layihələr üzərində iş aparılır.

Rəqəmsal iqtisadiyyatın əsas şərtlərindən biri güclü və dayanıqlı enerji təminatıdır. Son 20 il ərzində Azərbaycanın generasiya gücü təxminən iki dəfə artaraq 10 min meqavata çatmışdır. Qaz, hidro, Günəş və külək elektrik stansiyaları ölkənin enerji təhlükəsizliyini təmin etməklə yanaşı, ixrac potensialını da artırmışdır. Hazırda ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücünün mövcudluğu data mərkəzlərinin yaradılması üçün mühüm üstünlükdür. Çünki böyük həcmli məlumatların emalı və saxlanılması yüksək enerji tələbi yaradır. Eyni zamanda, bərpaolunan enerji layihələri üzrə imzalanmış müqavilələr gələcəkdə generasiya gücünün daha da artacağını göstərir. Artan əhali, qeyri-neft sənayesində müşahidə olunan dinamika və sənayeləşmə planları fonunda enerji potensialı ölkənin ümumi inkişafını dəstəkləyir. Rəqəmsal iqtisadiyyat və yaşıl enerji sinerjisi Azərbaycanın regional lider mövqeyini gücləndirəcəkdir. Dövlətimizin başçısının vurğuladığı kimi, bizim bərpaolunan enerji növlərinin yaradılması istiqamətində planlarımız göz önündədir, - bu barədə dəfələrlə danışılıb, - gələcəkdə bizim generasiya gücümüz imzalanmış kontraktlar əsasında daha da artacaq: “Ona görə biz bu üstünlükdən səmərəli şəkildə istifadə etməliyik. Təbii ki, ölkə daxilində elektrik enerjisinə artan tələbat nəzərə alınmalıdır. Xüsusilə bizim sənaye inkişafı ilə bağlı böyük planlarımız var. Həm əhali artır, həm sənaye istehsalı xüsusilə qeyri-neft sektorunda artır və bu ilin yanvar ayında qeyri-neft sənayemiz təqribən 8 faiz artmışdır. Ona görə bizim enerji güclərimiz ölkənin inkişafını dəstəkləməlidir”.

Azərbaycan nadir ölkələrdəndir ki, dünyanın aparıcı güc mərkəzləri ilə strateji tərəfdaşlıq formatında əməkdaşlıq edir. ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, Avropa İttifaqına üzv 10 ölkə ilə strateji sənədlər və Çin Xalq Respublikası ilə hərtərəfli strateji tərəfdaşlıq ölkənin balanslaşdırılmış və praqmatik xarici siyasətinin nəticəsidir. Bu sənədlər rəqəmsallaşma, data mərkəzləri və süni intellekt sahəsində əməkdaşlıq üçün geniş imkanlar yaradır. Dünyanın aparıcı texnologiya şirkətlərinin böyük maliyyə fondları ilə əlaqəli olması və həmin fondlarla ölkəmizin əməkdaşlığı yeni investisiya axınlarını stimullaşdıracaqdır.

Rəqəmsal transformasiyanın effektiv həyata keçirilməsi üçün dövlət qurumları arasında sıx koordinasiya vacibdir. Prezident İlham Əliyev bu istiqamətdə vahid fəaliyyət planının hazırlanmasını tapşırmışdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi əlaqələndirici rol oynamalı, qısa müddət ərzində konkret tədbirlər planı təqdim etməlidir.

Dövlət xidmətlərinin “mygov” platforması üzərindən vahid mərkəzdən təqdim olunması idarəetmədə şəffaflıq və səmərəliliyi artıracaq. Müxtəlif qurumlar tərəfindən yaradılmış ayrı-ayrı platformaların vahid sistemdə birləşdirilməsi vətəndaşlar üçün rahatlıq yaradacaq və resursların daha optimal istifadəsinə imkan verəcək.

Rəqəmsal transformasiya insan kapitalına əsaslanır. Ali məktəblərdə informasiya texnologiyaları, süni intellekt və kibertəhlükəsizlik ixtisaslarına diqqət artırılacaq, xaricdə təhsil proqramları bu sahələrə yönəldiləcəkdir. Orta məktəblərdə ilkin rəqəmsal bacarıqların aşılanması gələcək nəsillərin texnoloji savadlılığını təmin edəcək. Süni intellektin dövlət qurumlarında tətbiqi qərar qəbuletmə prosesini daha operativ və əsaslandırılmış edəcəkdir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, süni intellekt agentləri dövlət qulluqçularına gündəlik fəaliyyətlərində dəstək verir və idarəetmənin keyfiyyətini yüksəldir. Rəqəmsallaşma ilə yanaşı kibertəhlükəsizlik məsələsi də xüsusi önəm kəsb edir. Ötən il Azərbaycanın mütəşəkkil kiberhücuma məruz qalması bu sahənin strateji əhəmiyyətini bir daha təsdiqləmişdir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən, Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti daim diqqət mərkəzində olmalıdır.

Prezident İlham Əliyevin çıxışı Azərbaycanın rəqəmsal inkişaf strategiyasının konturlarını müəyyən edir. Mövcud enerji potensialı, əlverişli coğrafi mövqe, sabit investisiya mühiti və geniş beynəlxalq tərəfdaşlıq şəbəkəsi ölkənin rəqəmsal mərkəzə çevrilməsi üçün möhkəm zəmin yaradır. Qarşıdakı əsas vəzifə bu üstünlükləri vahid və sistemli fəaliyyət planı çərçivəsində birləşdirərək süni intellekt, data mərkəzləri və rəqəmsal idarəetmə sahəsində keyfiyyətcə yeni mərhələyə keçməkdir. Azərbaycanın yeni rəqəmsal arxitekturası yalnız texnoloji yenilənmə deyil, həm də gələcəyin dayanıqlı və rəqabətqabiliyyətli inkişaf modelidir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
3
modern.az

5Sources