EN

Putin ABŞ və Çin münasibətlərindən narahat olmalıdır

ABŞ ilə Çin arasında mümkün yaxınlaşma Moskva üçün ciddi geosiyasi nəticələr vəd edir...

Müəllif: Mixail Xodorkovski - Yeni Avrasiya Strategiyaları Mərkəzinin təsisçisi və Rusiya Müharibə Əleyhinə Komitəsinin həmtəsisçisi.
Politico nəşri

Rusiya ilə Çin arasında tərəfdaşlıq - iki ölkə liderinin bəyanatlarına inansaq, guya sərhəd tanımır. Lakin reallıq bu qədər ideal deyil.

Bu, məqsədləri zidd olan tərəflər arasında rahat olmayan, hesablanmış nikahdır. Vladimir Putinin Rusiyası soyuq müharibədən sonra formalaşmış beynəlxalq nizamın qalıqlarını dağıtmağa və onu Kremlin baxışına uyğun yenidən qurmağa çalışır. Çin isə sinomərkəzli qlobal sistemin tədricən formalaşdırılması kursunu seçib ki, bu da sabitliyin, proqnozlaşdırıla bilənliyin və ən azı qaydalar görüntüsünün qorunmasını nəzərdə tutur.

Putin tələsir, çünki onun fikrincə, “kollektiv Qərb” adlandırdığı düşərgə daxilindəki fikir ayrılıqlarından yararlanmaq üçün məhdud zaman pəncərəsi mövcuddur. Lakin Rusiyanın zəiflikləri getdikcə daha aydın görünür: ABŞ-nin Venesuelaya müdaxiləsi, Kremlin İranı aktiv şəkildə müdafiə etmək istəməməsi və 2024-cü ilin sonunda Suriyada Bəşər Əsəd rejiminin süqutu Moskvanın yorulmuş və zəifləmiş vəziyyətdə olduğunu göstərir. Bu isə Rusiyanı hətta Qlobal Cənubdakı müttəfiqləri üçün də daha az etibarlı tərəfdaşa çevirir.

ABŞ prezidenti Donald Trump zaman-zaman Rusiyanı və Çini - məsələn Qrenlandiya ilə bağlı siyasətini əsaslandırarkən ABŞ üçün vahid təhlükə kimi təqdim edir. . Lakin reallıqda Vaşinqton qlobal dinamikanı Moskva ilə deyil, daha çox Pekinlə birlikdə formalaşdırmaqda maraqlıdır.

2025-ci ildə Seulda Tramp ilə Çin Xalq Respublikasının sədri Xi Jinping arasında keçirilən görüş göstərdi ki, Tramp administrasiyası “Rusiya məsələsi” ilə “Çin məsələsi”ni ayırmağın və Pekinlə iqtisadi əməkdaşlıq və güc siyasəti üzərində qurulan praqmatik münasibətlər formalaşdırmağın dəyərini görür. Bir çox ekspertlər belə ehtimalı rədd etsə də, Kremldə bu proses narahatlıq doğurur və əsassız deyil.

Rusiya üçün ABŞ-Çin yaxınlaşmasının nəticələri, hətta bu, sırf praqmatizmə əsaslansa belə, ciddi ola bilər.

Belə dönüş Putinin Rusiyasını beynəlxalq arenada ikinci dərəcəli mövqeyə itələyər və onun təsir rıçaqlarını, xüsusən də Ukrayna məsələsində, kəskin şəkildə zəiflədər. Rusiya liderinin müharibəni davam etdirmək üçün zəruri olan avadanlıq, texnika və tranzit malları üzrə Çin təchizatından asılılığı görünməmiş səviyyəyə çatıb.

Çin olmadan Putinin hərbi maşını, böyük ehtimalla, bir il ərzində, bəlkə də daha tez dayanardı.

Məhz buna görə Moskvanın Tramp–Si görüşünə reaksiyası gözlənildiyi kimi aqressiv oldu: Kremlyönlü telekanallar yeni Rusiya nüvə raketlərinin ekoloji fəlakətə səbəb ola və ya bir anda milyonlarla insanı məhv edə biləcəyini xatırladırdı. Bu isə Putinin əsəbiliyinin açıq göstəricisidir.

Şübhəsiz ki, 2022-ci ildən sonra Çinlə Rusiya arasında münasibətlər əhəmiyyətli dərəcədə möhkəmlənib və Pekin hələlik Putinin aqressiyasını cilovlamaq üçün ciddi addımlar atmayıb. Çinin xarici işlər naziri Van İ Aİ-nin ali nümayəndəsi Kaya Kallasla görüşdə bildirdiyi kimi, Çin Ukraynada Rusiyanın məğlubiyyətində maraqlı deyil. Çünki bu halda ABŞ bütün diqqətini Pekinə yönəldə bilər.

Lakin Moskva ilə Pekin arasında tərəfdaşlığın qorunması ABŞ-yə qarşı birgə qarşıdurmanın hər iki tərəfə daha çox fayda gətirdiyi fərziyyəsinə əsaslanır. İndi isə bu fərziyyə sual altındadır.

Vaşinqton əvvəlcə səhvən hesab edirdi ki, güzəştlər təklif etməklə və Çinlə güc mövqeyindən dialoq aparmaqla Moskvanı Pekindən ayıra biləcək. Ancaq strategiya dəyişib: Tramp Si ilə son görüşünü “10 üzərindən 12” adlandırıb və apreldə Çinə səfər dəvətini məmnuniyyətlə qəbul edib.

ABŞ liderinin praqmatik yanaşması Sinin üslubuna daha yaxındır. Bu isə Pekinə ticarət məqsədlərinə nail olmaq və öz regionunda hegemonluğunu möhkəmləndirmək üçün imkanlar açır. Üstəlik, onların heç biri bir-biri ilə hərbi münaqişədə maraqlı deyil. Tramp ABŞ-nin “sonsuz müharibələrini” azaltmağa söz verib — hərçənd İrana zərbələr endirib və qonşu ölkələrə hədələr səsləndirib. Si isə Tayvan məsələsini diqqət mərkəzində saxlasa da, Çin iqtisadiyyatı üçün riskləri nəzərə alaraq ABŞ ilə müharibədən yayınmaqda maraqlıdır.

Bu mənzərə Putinin mövqeyi ilə kəskin ziddiyyət təşkil edir. O, hakimiyyətini qorumaq naminə müharibə məntiqinə qapanıb.

Putinin diplomatiyada maksimalist yanaşması Trampın yanaşmasına diametral ziddir. ABŞ Ukraynada danışıqlara başlamaq üçün atəşkəs ideyasını irəli sürdükcə, Kreml maksimalist tələblərini təkrarlayır və hava zərbələrini gücləndirir. Ən azı Tramp, görünür, anlayıb ki, mövcud sanksiyalar və məhdud hərbi təzyiq vasitəsilə Putini danışıqlar masasına oturtmaq mümkün deyil. Nə qədər “konstruktiv” telefon danışığı aparılsa da, real razılaşma görünmür.

Eyni zamanda, Trampın Ukraynadan “geri çəkilə biləcəyi” ilə bağlı Vaşinqtondakı müzakirələr əsasən səngiyib. ABŞ prezidenti hələ də sülh nizamlanmasına can atır və, görünür, Pekinin Moskvaya təsir imkanlarının bu məqsədə çatmaq üçün ən yaxşı şans olduğunu anlayır.

Sual ondan ibarətdir ki, Putinlə “sərhədsiz tərəfdaşlıq” Çinə hələ də daha çox fayda gətirirmi, yoxsa Pekinin maraqları artıq Vaşinqton və Avropa ilə praqmatik gərginliyin azaldılmasında yatır?

Avropa ABŞ administrasiyasını ehtiyatla izlədiyi bir vaxtda, Çin üçün Köhnə Qitə ilə uzunmüddətli kompromis əldə etmək imkanı yaranır. Bu isə Avropaya Pekini qeyri-sabit “müttəfiqdən” uzaqlaşdırmağa və Kremlin neoimperial aqressiyasını məhdudlaşdırmağa inandırmaq üçün potensial rıçaq verir. Nəticə etibarilə, Pekin Putinin Avropanı destabilizasiya etməsində maraqlı deyil.

Poliqon.info

Chosen
16
1
poliqon.info

2Sources