EN

Nəsimi Nəbizadə və Ceyhun Əsgərovun reabilitasiya mərkəzi açmasına icazə veriləcək? RƏSMİ

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Qəhrəman Salatın Əsgərovanın oğlu, tanınmış jurnalist Ceyhun Əsgərov yeni reabilitasiya mərkəzi açır. 

Ceyhun Əsgərov Azərbaycanda reabilitasiya sahəsinin yeni olduğunu və müəyyən çatışmazlıqların mövcudluğunu qeyd edib: 

“Bu sahə ölkəmizdə son 5-6 ildir ki, inkişaf etməyə başlayıb. İstəyirəm ki, diqqətimi bu sahədə olan mövcud çatışmazlıqların aradan qaldırılmasına cəmləyim və yeni reabilitasiya mərkəzi açım. Asılı gənclərimizin bu bəladan qurtulması üçün vasitəçi olmaq niyyətimdəyəm”.

Bununla yanaşı, Əməkdar jurnalist, bir zamanların tanınmış aparıcısı Nəsimi Nəbizadə də reabilitasiya mərkəzi açacağını deyib.

O bildirib ki, hazırda bununla bağlı danışıqlar aparır: 

"Müalicədə olanda fikrim var idi ki, reabilitasiya mərkəzi açım. Müalicədən qayıdandan sonra bu barədə məsləhətləşmələr apardım və qərar verdim. Yaxın vaxtlarda bu lahiyəni reallaşdırmağa çalışacağam. Artıq bununla bağlı təkliflər də almışam, iki şirkətlə danışıqlar gedir. Yəqin ki, yaxın vaxtlarda razılıq əldə olunacaq və reabilitasiya mərkəzinin açılışını elan edəcəyik. Ümid edirəm ki, bu mərkəz narkotik və alkoqol asılılığından əziyyət çəkən bir çox şəxsə yardım edəcək". 

Qeyd edək ki, Nəsimi Nəbizadə və Ceyhun Əsgərov bir müddət əvvəl "Qurtuluş" Reablitasiya Mərkəzində müalicə alıblar. Spirtli içki aludəçiliyi ilə bağlı müalicə alan Ceyhun Əsgərov və narkotik aludəçiliyi ilə bağlı müalicə almış Nəsimi Nəbizadənin reabilitasiya mərkəzi açması qanunauyğundurmu və həmin mərkəzlərə lisenziya veriləcəkmi? 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən “Cebheinfo.az”-a bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti növlərinin lisenziyalaşdırılması məsələləri “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir: 

“Həmin Qanunun 3-cü və 7-ci maddələrinə əsasən, lisenziyalaşdırılan fəaliyyət növlərinin siyahısı qanunla müəyyən edilir və lisenziyaların verilməsi səlahiyyəti aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Mövcud qanunvericiliyə əsasən, sahibkarlıq fəaliyyəti üzrə lisenziyalar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilir. 

“Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, özəl tibb fəaliyyəti (o cümlədən tibbi yardımın göstərilməsi, diaqnostika, müalicə və tibbi reabilitasiya xidmətləri) xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. 

Bununla əlaqədar olaraq bildiririk ki, əgər yaradılması nəzərdə tutulan reabilitasiya mərkəzində tibbi xidmətlər (xəstələrin müayinəsi, diaqnostikası, müalicəsi, tibbi reabilitasiya, psixoterapevtik və ya digər tibbi müdaxilələr) göstəriləcəksə, bu fəaliyyət “özəl tibb fəaliyyəti” hesab olunur və qanunvericiliyə uyğun olaraq lisenziya alınması məcburidir. 

Lisenziya isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilir. Əgər fəaliyyət yalnız sosial dəstək, maarifləndirmə, psixososial uyğunlaşma və qeyri-tibbi xidmətlərlə məhdudlaşacaqsa və tibbi müdaxilə həyata keçirilməyəcəksə, bu halda həmin fəaliyyət özəl tibb fəaliyyəti hesab olunmur və tibbi lisenziya tələbi yaranmır”.

Qeyd edilib ki, konkret müəssisənin fəaliyyəti onun faktiki göstərdiyi xidmətlərin mahiyyətindən asılı olaraq qiymətləndirilir: 

“Beləliklə, ayrı-ayrı şəxslərin reabilitasiya mərkəzi yaratması qanunvericiliklə qadağan edilmir. Lakin həmin mərkəzdə tibbi xidmət göstərilməsi nəzərdə tutulduğu halda qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq lisenziya alınmalıdır”. 

Nigar Abdullayeva 

“Cebheinfo.az”

Açar sözlər:

Nəsimi Nəbizadə Ceyhun Əsgərov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
1
cebheinfo.az

2Sources