EN

“Bu, mülkiyyət toxunulmazlığına qarşı ciddi təhdiddir” - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib, “İnvestisiya fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı fikirlərini bölüşüb.
 
Moderator.az xəbər verir ki, millət vəkili bildirib:
 
“Bu dəyişiklik ölkəyə investisiya qoyuluşuna ciddi şəkildə problemlər yaradacaq.
 
Hörmətli Azər Əmiraslanov bütün çıxışı boyu çalışdı əsaslandırsın ki, bu, əslində, mülkiyyəti qoruyur, burada beynəlxalq təcrübə də var və s. Əvvəla, biz beynəlxalq təcrübədən o zaman istifadə edə bilərik ki, o, bizim Konstitusiya ilə ziddiyyət təşkil etməsin.
 
Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsində qeyd olunur ki, yalnız dövlət ehtiyacları üçün mülkiyyət özgəninkiləşdirilə bilər. Elə indi, bundan bir az öncə həm Mülki Məcəlləyə, həm də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna dəyişiklik etdik və dedik ki, dövlət ehtiyacları üçün, həm də hava limanlarının genişləndirilməsi məqsədləri ilə torpaqlar alına bilər.
 
Bundan başqa, Konstitusiyanın 13-cü maddəsinə görə, mülkiyyətdən dövlətin mənafeləri əleyhinə istifadə oluna bilməz. Yəni o halda, əlbəttə ki, müvafiq dövlət orqanları tədbirlər görməlidir.
 
Bax, indi biz hazırlaşırıq ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycanda bir data bazası tikək. Bunun üçün Amerika Birləşmiş Ştatları tərəfindən müasir texnologiya gətiriləcək. Bu investisiya qoyuldu, yeni texnologiya gəldi, bir müddətdən sonra biz, məsələn dedik ki, bilirsiniz, burada informasiya toplanır və bu informasiyanı Amerika Birləşmiş Ştatları ələ keçirə bilər, ona görə də dövlət təhlükəsizliyi üçün biz bunu alırıq, pulunu al və get. Yaxud enerji sektoruna investisiya qoyulsun.
 
Mən xatırlayıram, 1992–1993-cü illərdə mən prokurorluq orqanlarında çalışanda o zaman Bakı şəhər prokurorluğu tərəfindən cinayət işi qaldırılmışdı. Bakı şəhərində bir çox yanacaqdoldurma məntəqələrində yanacaq ola-ola kütləvi narazılıq yaratmaq məqsədilə əhaliyə satılmamışdı.
 
Onda belə çıxır ki, bütün yanacaqdoldurma stansiyaları, çörək zavodları, dəyirmanlar, telekommunikasiya, nəqliyyat xidməti – hamısı strateji əhəmiyyət daşıyan sahələrdir. Tutaq ki, çörək zavodları çörək bişirməyi dayandırdılar, yaxud supermarketlər satışı dayandırdılar. Belə çıxır ki, biz istənilən biznes subyektinə, istər vətəndaş, istər xarici investor, istər azərbaycanlı investor olsun, fərq etmir – ona deyə bilərik ki, bilirsiniz, sizin fəaliyyətiniz dövlətin və xalqın mənafelərinə zərər vura bilər, ona görə də biz bunu sizin əlinizdən alırıq.
 
Belə olduğu halda kim Azərbaycana investisiya qoyacaq? Bir daha söyləyirəm ki, Azərbaycan Respublikasının Konstitusiyası da buna imkan vermir. Biz hansı halların dövlət ehtiyacları olduğunu qeyd etdik. Bundan başqa, hörmətli Azər Əmiraslanovun qeyd etdiyi kimi, rekvizisiya ilə bağlı məsələlər var. Yəni bundan kənar əlavə hallar da müəyyənləşdirilir.
 
Özü də Azər müəllim bir misal da çəkmədi. Misal üçün deyirəm tutaq ki, hansı hallarda bu qanunun tətbiqinə yol verilə bilər? Ona görə ki, dediyim kimi, bu kimi halların sayı-hesabı yoxdur. Bu, mülkiyyət toxunulmazlığına qarşı ciddi təhdiddir. İstənilən xarici investor başa düşəcək ki, onun əmlakı, qoyduğu investisiyanı istənilən vaxt onun əlindən almaq olar.
 
O cümlədən Azərbaycan Respublikasının vətəndaşları da. Onsuz da son illər biz görürük ki, ölkə iqtisadiyyatına investisiya qoyuluşu azalır, ölkəyə daxil olan və ölkədən çıxan vəsaitlər arasında nisbət bizim ziyanımızadır, yəni disbalans mövcuddur. Bunu da nəzərə almalıyıq.
 
Bu qanunu qəbul etməklə biz daha çox qapanmış oluruq. Təhlükəsizlik məqsədi ilə sərhədləri neçə illərdir bağlı saxlayırıq. İndi də təhlükəsizlik məqsədilə bu qanuna bu formada düzəliş edilməsi, hesab edirəm ki, əslində dövlətin maraqlarının, təhlükəsizliyinin qorunmasına yox, dövlətin təhlükəsizliyinə qarşıdır. Ona görə ki, dövlətin təhlükəsizliyi o vaxt təmin oluna bilir ki, dövlətin güclü iqtisadiyyatı olsun.
 
Biz isə bununla güclü iqtisadiyyat qurulmasına ciddi şəkildə maneə yaratmış oluruq.
 
Ona görə xahiş edirəm ki, növbəti iclasa bu qanunvericilik təşəbbüsü ilə çıxış edən icra hakimiyyətinin nümayəndələri dəvət olunsunlar. Onlar gəlsinlər və bizə daha ətraflı məlumat versinlər ki, məsələn, hansı sahələri onlar özəlləşdirə bilərlər”.
Chosen
14
4
moderator.az

5Sources