EN

Xəyanət, keyfiyyətsiz məhsul, vergi borcu Keçmişi unutdurmaq hüquqi qüvvə qazanır

Hurriyyet portalından verilən məlumata əsasən, ain.az bildirir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi unudulmaq hüququnu "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının şəxsi və ailə həyatına hörmət hüququnu ehtiva edən 8-ci maddəsi daxilində qəbul edib.

Oxu.Az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Qeyd olunub ki, Ali Məhkəmə tərəfindən "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Plenum Qərarında sözügedən hüquqla əlaqədar yeni və vacib yanaşmalar nümayiş etdirilib.

Unudulmaq hüququ nədir?

Unudulmaq hüququ - rəqəmsal məkanlarda əvvəllər paylaşılmış, fiziki və ya hüquqi şəxslərin maraqlarına zidd olan, lakin sonradan dövlət və cəmiyyət üçün əhəmiyyətini itirən və ya köhnələn ictimai məlumatların (mətn, səs, video və s.) silinməsini, anonim saxlanılmasını, gizlədilməsini, arxivə verilməsini və ya həmin məlumatlara əlçatanlığın məhdudlaşdırılması ilə əlaqədar digər tədbirlərin görülməsini tələb etmək səlahiyyətini nəzərdə tutur.

Müəyyən informasiyalar (təsvir, səs, şifahi və ya yazılı çıxış mətnləri və s.) ictimai və dövlət maraqları baxımından yayıla bilər və aktuallığını qoruyaraq cəmiyyətin legitim maraq dairəsində qala bilər. Bu cür məlumatların dərci qanunauyğundur və şəxsin razılığı olub-olmamasından, özü, yaxud başqası tərəfindən yayılmasından asılı olmayaraq, yayılması mümkündür. Belə hallarda, məlumat şəxsin mənafeyinə mənfi təsir göstərsə belə, o, istədiyi zaman həmin informasiyanın düzəldilməsini və ya silinməsini tələb edə bilməz.

Ali Məhkəmənin mövqeyinə əsasən, bu vəziyyət sonsuza qədər davam edə bilməz və ictimaiyyətə açıqlanmış bu tip məlumatlar yayıldıqdan sonra müəyyən şərtlər daxilində şəxsin unudulmaq hüququ yarana bilər.

Belə ki, həmin məlumatların yayılmasından müəyyən müddət keçdikdən sonra, əgər informasiya köhnələrsə, aktuallığını itirərsə və artıq dövlət, eləcə də ictimaiyyət üçün maraqlı olmazsa, şəxs bu barədə tələb irəli sürə bilər. Lakin bu tələblərin təmin edilməsi üçün məlumat rəqəmsal platformada yayılmış olmalı və şəxs məlumatın hələ də onun maraqlarına zidd olduğunu sübut etməlidir.

Məlumatların aktuallığının itirilməsi dedikdə əvvəllər cəmiyyətin gündəmində olan informasiyanın köhnəlməsi səbəbindən iddia qaldırılan zaman cəmiyyət üçün artıq hər hansı maraq və əhəmiyyət daşımaması nəzərdə tutulur.

Belə neqativ xarakterli məlumatların silinməsini istəyən şəxslər müxtəlif münasibətlər çərçivəsində (məsələn, iş axtarışında və ya biznes əlaqələrində) özlərinin keçmiş hərəkətləri və ya publik çıxışları ilə ömür boyu üz-üzə qalmaq istəmirlər. Ancaq tələb irəli sürdükləri təqdirdə, mənafelərinə olan mənfi təsiri əsaslandırmalı və sübuta yetirməlidirlər.

Nümunə olaraq, tanınmış bir musiqiçinin 2020-ci ildə həyat yoldaşı ilə xəyanət səbəbindən münasibətlərinin pozulması barədə mediada verdiyi müsahibənin sonradan övladlarının mənafeyi naminə informasiya resurslarından silinməsinin tələb edilməsi və ya fərdi sahibkarın 2010-cu ildə vergidən yayınması haqqında mediada qanuni şəkildə dərc olunmuş və onun işgüzar nüfuzuna xələl gətirən məlumatın vergi borcunun ödənildiyinə görə artıq ictimai maraq kəsb etməməsi səbəbindən sonradan informasiya resurslarından silinməsinin tələb edilməsi göstərilə bilər.

Şəxsin vəfatından sonra onun yaxınının da unudulmaq hüququ yaranır. Bu zaman həmin məlumatın iddiaçı ilə yanaşı, vəfat etmiş şəxsin sağlığında onun mənafeyinə də mənfi təsir etdiyi müəyyən olunmalıdır.

Unudulmaq hüququ yalnız fiziki şəxslərə aid deyil, eyni zamanda, hüquqi şəxslərə məxsus qeyri-əmlak hüququ sayılır. Məsələn, hüquqi şəxsin istehsal etdiyi məhsulun qüsurlu olmasına dair mətbuatda beş il əvvəl yayılmış məlumatın silinməsi tələb oluna bilər.

İddia tələbləri bu məlumatların yerləşdirildiyi operatorlara, o cümlədən onlayn rəqəmsal platformalara və media subyektlərinə qarşı qaldırılmalıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
32
14
hurriyyet.az

10Sources