EN

Utanmasan, söyməyə və şikayət etməyə nə var ki..? - VİDEO

AFFA İntizam Komitəsi "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyevi cəzalandırıb.

Cəzaya səbəb mütəxəssisin Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Kəpəz"ə qarşı görüşdə (1:0) etdiyi hərəkətlərdir.

Rusiyalı dördüncü hakim Elvin Bayramovu hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra briqada üzvlərini təhqir edib və 4 oyunluq cəza alıb.

Bu qərara əsasən, "Turan Tovuz" 10 min manat məbləğində cərimələnib.

Həmçinin K.Berdıyevin köməkçisi Yunis Hüseynov da cəzalandırılıb. O, hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyuna buraxılmayacaq. “Turan Tovuz” isə 2500 manat cərimə edilib.

Əmbə, "Turan Tovuz" tərəfi İntizam Komitəsinin mövqeyi ilə razılaşmır. AFFA-nın Apellyasiya Arbitraj Tribunalına şikayət edəcəklər.

Günah nə Berdiyevdədir, nə də onun rəhbərliyində. Burada əsas günahkar AFFA və hakimlərdir.

"Turan" Əliyar Ağayev, Elçin Məsiyev və Vüqar Həsənli kimi «fit sahibləri»nin olduğu çempionatda qızıl medal qazanmaq iddiasına düşməsin, neyləsin bəs?

Onlardan o qədər simpatiya görüblər, Əli Əliyev bir fərqli qərar verən kimi gözləri dörd olur, «nə baş verir» deyə, özləri-özlərinə sual ünvanlayır, aqressivləşirlər.

Nəymiş, Əliyev onların gözlədiyinin əksinə bir qərar çıxarmış. Məsiyevin «Qarabağ»la matçda İbrahima Vadjinin qırmıhı vərəqəlik kobudluğuna göz yummasını, Filipp Ozobiçin «Karvan»la qarşılaşmada rəqibin ayağına qəsdən zərbə endirməsi necə olsun bəs?

Bunları görmədilər yoxsa? Elə yaxşı görürlər ki… Sadəcə, sərf eləmir.

Öyrəşiblər hakimlərin belə «jest»lərinə. Üç-dörd tərəfkeş «ədalət təmsilçisi» ədalət meyarlarını bir kənara atmaqla pis öyrədib bunları.

Fərz edirlər ki, oyunlarına təyinat alan onlar kimi olmalı, onlar üçün fit çalmalıdır. «Turan» rəhbərliyi VAR-dan yapışıb. VAR-ın işləmədiyi stadionda meydana ayaq basmaq belə, istəmirlər.

Yadınızdadır yəqin, ötən mövsüm «Şamaxı» ilə səfər oyunu.

Güclü qara görə VAR-ın avadanlığının rayona yetişə bilməyəcəyini öyrənincə, özlərinə necə əl qatmıışdılar. Məlikməmmədin nağılı uzunluğunda bəyanat yaymışdılar.

Bu mövsüm «Qəbələ» ilə səfər oyunu da qara və qatı dumana kimi yarımçıq dayandırıldı, davamının ertəsi gün keçirilməsini gözləmədilər.

Dedilər, VAR yoxdursa, biz də yoxuq. PFL də sağ olsun, «Turan»a maksimum güzəştə getdi, elə o gncə avtobusa minib Qəbələni tərk etdilər.

Ehtiram Quliyev göydən zənbillə düşüb, nədir bu belə? Niyə hər işdə ona «yaşıl işıq» yandırılmalıdır? Digər klubların rəhbərlərindən nə üstünlüyü var ki? Onlar «olmaz» deyilən şeylər üçün «Turan»a «olar» deyilir.

Samir Abasov dəhlizdə işlətdiyi bir sözə, Kaxaber Sxadadze texniki zonada dilinə gətirdiyi söyüşə görə 4-5 oyunluq cəza alırsa, hakimi itələyən Kurban Berdiyevə «yaxşı eləmisən» söyləmək lazım imiş - «Turan»ın Apellyasiya Arbitraj Tribunalına şikayət etmək istəməsindən bu anlaşılır.

AFFA və PFL pis öyrəşdirib onları. Lap dəymə-düşər olublar, özlərini başqalarından üstün sayırlar.

Nəsimi Nəsibov

Chosen
20
sportinfo.az

1Sources