EN

Belə çevriliş və xaos planlarına hətta ermənilərdə belə rast gəlinmir Zahid Orucdan Ramiz Mehdiyevin əməllərinə reaksiya

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

“Müsadirə olunan vəsaitlər müvafiq qaydada dövlət büdcəsində konkret maddəyə yönəldilir və bundan sonra artıq həmin vəsait üzərindən büdcə sərəncamları icra olunur. Konkret olaraq, dövlətə xəyanət etmək, hakimiyyəti ələ keçirməyə cəhd göstərmək, xüsusilə bunu xarici kəşfiyyat orqanlarının və digər dövlətlərin təsiri ilə həyata keçirməyə çalışmaq, eyni zamanda uzun illər dövlət mövqeyi tutaraq etimada xəyanət etmək bütün bunlar həm hüquqi, həm də mənəvi baxımdan ciddi cəzalandırılmalı əməllərdir”.Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc bildirib. O deyib ki, qələbədən sonra millətin uğurunu görmədən köləlik ruhu nümayiş etdirmək cəmiyyət üçün böyük təhlükədir:“Açıq deyilsə, belə çevriliş və xaos planları hətta ermənilərdə belə rast gəlinmir. Bu onu göstərir ki, Mehdiyevin planları nə qədər təxribatçı və dövlətə qarşı yönəlmişdir. Oğurlanmış vəsaitlər və əmlak məsələsinə gəldikdə, dövlət onların təyinatını müəyyən edə bilər. Həmin vəsaitlərin “Qarabağ Dirçəliş Fondu”na yönəldilməsi, azad edilmiş torpaqlarda infrastruktur quruculuğuna cəlb olunması, bu yanaşma həm hüquqi, həm də ictimai baxımdan məntiqli və dəstəklənə biləndir. Hazırkı vəziyyətdə görünən məbləğ 17 milyon manata yaxın olsa da, ehtimal olunur ki, arxa planda daha böyük vəsaitlər mövcuddur. Dövlət Təhlükəsizliyi orqanlarının cəmiyyət tərəfindən qazandığı etimad və Prezidentin onlara olan yüksək inamı göstərir ki, tədqiqatlar və axtarışlar davam etdiriləcəkdir. Azərbaycan vətəndaşları tərəfindən bu çağırış və təkliflərə müsbət münasibət göstəriləcəyi gözlənilir, çünki söhbət birbaşa Azərbaycan millətindən oğurlanmış vəsaitlərdən gedir. Ən narahatedici məqam isə yalnız korrupsiya pullarının olması deyil, həm də bu vəsaitlərin ölkəmizin müstəqilliyi və azadlığı əleyhinə gizli ssenarilərdə istifadə edilmək istənilməsidir”. O bildirib ki, bəzi şəxslərin, o cümlədən Ramiz Mehdiyevin, dövlət qarşısında öhdəlik hissi və milli vicdanı zəif olub:“Bu səbəbdən müsadirə olunan vəsaitlərin təyinatının ən mühüm istiqamətlərindən biri azad torpaqlardır. Buraya məcburi köçkünlərin doğma yurdlarına geri qayıtmasının təmin edilməsi, minaların təmizlənməsi və infrastrukturun bərpası daxildir. Bu istiqamətdə görüləcək işlər həm hüquqi, həm də ictimai baxımdan ciddi əhəmiyyət daşıyır və şübhəsiz ki, cəmiyyət tərəfindən dəstəklənəcəkdir”.Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti Ramiz Mehdiyev, Əli Kərimli və bir neçə digər şəxs barəsində cinayət işi ilə bağlı məlumat yayıb. Bildirilib ki, onlar xarici xüsusi xidmət orqanları ilə əlaqədə olaraq hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun dəyişdirilməsinə cəhd etməkdə şübhəli bilinirlər. İttihama görə, 2013-cü il prezident seçkiləri ərəfəsində yaradılmış “Milli Şura” və “Milyarderlər İttifaqı” çərçivəsində xaricdən maliyyə və təşkilati dəstək alınıb. Həmin vəsaitlərin kütləvi iğtişaşların təşkili və siyasi sabitliyin pozulmasına yönəldildiyi iddia olunur. Eyni zamanda, bəzi şəxslərin xarici dövlət nümayəndələri ilə gizli danışıqlar apardığı və qarşılıqlı razılaşmalar əldə etdiyi qeyd edilir. Ramiz Mehdiyevin 2025-ci ildə xarici tərəflərə dövlət idarəçiliyi ilə bağlı sənəd göndərdiyi və dövlətə xəyanətdə ittiham olunduğu açıqlanıb. Ona həmçinin cinayət yolu ilə əldə edilmiş böyük məbləğdə vəsaiti leqallaşdırmaq ittihamı verilib.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
58
demokrat.az

1Sources