EN

Tom Kruz və Bred Pitt savaşı Hollivudu heyrətə gətirdi -VİDEO

Hollivudun aparıcı aktyorları Tom Kruz və Bred Pittin damda döyüşdüyü inanılmaz dərəcədə realistik 15 saniyəlik video film sənayesində narahatlıq yaradıb. Video Amerika Kino Assosiasiyasının (MPA) diqqətini çəkib və Hollivud ssenaristləri arasında geniş müzakirələrə səbəb olub.

Videonu irlandiyalı rejissor Ruairi Robinson yayımlayıb. Robinson bildirib ki, video TikTok-un ana şirkəti olan Çin şirkəti ByteDance-a məxsus Seedance 2.0 platformasından yalnız iki sətir mətndən istifadə etməklə yaradılıb. MPA sözçüsü Çarlz Rivkin isə şirkəti müəllif hüquqlarının kütləvi şəkildə pozulmasında ittiham edib və ByteDance-dan dərhal tədbir görməsini tələb edib.

“Çin Seedance 2.0 xidməti bir gündə ABŞ müəllif hüquqlarını pozub. Bu, milyonlarla iş yerini və yaradıcıları qoruyan qanunları gözardı etmək deməkdir. ByteDance pozuntulara dərhal son qoymalıdır,” – deyə Rivkin bildirib.

“Deadpool” və “Zombieland” filmlərinin ssenaristi Rhett Reese videoya baxdıqdan sonra X platformasında (əvvəllər Twitter) fikirlərini bölüşüb: “Bunu etiraf etmək çətindir, amma görünür ki, sonumuz gəlib çatıb.”

Reese fanatların videonun keyfiyyəti ilə bağlı tənqidlərinə cavab verərək bildirib: “Tezliklə bir insan kompüter arxasında oturub Hollivud səviyyəsində film yarada biləcək. Əgər həmin insanın istedadı yoxdursa, nəticə pis olacaq, amma əgər Kristofer Nolan səviyyəsindədirsə, heyrətamiz olacaq.”

Ssenarist həmçinin süni intellektin yaradıcı peşələrə təsirindən narahat olduğunu vurğulayıb: “Süni intellektin yaradıcılığa nüfuz etməsindən həyəcanlanmıram, əksinə dəhşətə gəlirəm. Sevdiyim bir çox insan karyeralarını itirmək riski ilə üzləşir. Pitt və Kruzun videosu o qədər peşəkardır ki, məni qorxudur. Hollivud ya inqilab, ya da məhv olmaq ərəfəsindədir.”

O, eyni zamanda gənc və istedadlı kadrların bu yeni texnologiyalardan istifadə edərək yaradıcı imkanlarını genişləndirəcəyini əlavə edib: “Yeni Nolanlar ortaya çıxacaq və nəticələr heyrətamiz olacaq.”

Chosen
27
veteninfo.az

1Sources