EN

Mehdiyev işi haqda inanılmaz ssenari: sürpriz adlar ortaya çıxır Yeni həbslər olacaq

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti (DTX) “Ramiz Mehdiyev işi”ndə adı keçən şəxslərlə bağlı məlumat yayıb. Lakin hələ də bu proseslə bağlı adları açıqlanmayan şəxslərin olduğu iddia edilir.

DTX-nin adını açıqladığı şəxslərdən başqa kimlər həbs oluna bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Azər Həsrət deyib ki, prosesin DTX-nin indiki an üçün açıqladığı adlarla yekunlaşacağı mümkünsüzdür:

“Fikrimcə, qarşıdakı mərhələdə daha çox adlara rast gələcəyik. Çünki söhbət dövlətə xəyanət və hakimiyyəti devirməyə cəhddən gedirsə, bu, 3-5 nəfərin işi ola bilməz. Belə proseslərə adətən yüzlərlə, bəzən minlərlə insan cəlb olunur və bu şəxslər çox vaxt sistemin içində yer alırlar. Bu baxımdan hesab edirəm ki, Ramiz Mehdiyev və Əli Kərimli cütlüyü ilə yanaşı, başqa şəxslərin də adlarını eşidəcəyik. Hətta gözlənilməz, sürpriz adlar da ortaya çıxa bilər. Hakimiyyətin müxtəlif qollarında vəzifə tutan şəxslərin də bu siyahıda yer alması istisna deyil. Ona görə hər kəsə səbirli olmağı və istintaqın nəticələrini gözləməyi tövsiyə edərdim. Araşdırmalar sakit və sistemli şəkildə aparılmalıdır.

Xatırlayırsınızsa, ötən il Ramiz Mehdiyevlə bağlı ev dustaqlığı qərarı veriləndə biz də narahat idik ki, niyə görüntülər paylaşılmır, niyə sübutlar ictimaiyyətə təqdim edilmir. Görünür, DTX və digər aidiyyəti qurumlar daha geniş şəbəkəni ifşa etmək üçün gözləmə mövqeyi seçiblər. İndi hiss olunur ki, işlər mərhələli şəkildə aparılıb, şəbəkə kifayət qədər araşdırılıb və yalnız bundan sonra görüntülər, məlumatlar ictimaiyyətə təqdim edilib. Bu da onu göstərir ki, proses emosional deyil, planlı şəkildə idarə olunur”.

Azər Həsrət

Siyasi şərhçi bildirib ki, həm müxalifət çevrələrindən, həm hakimiyyət strukturlarından, həm də vətəndaş cəmiyyəti və media nümayəndələri arasından adlar açıqlana bilər:

“Hətta dövlət qurumları və televiziya kanallarında çalışan şəxslərin də bu şəbəkə ilə əlaqəsi üzə çıxa bilər. Nəzərə almaq lazımdır ki, Ramiz Mehdiyev uzun illər yüksək vəzifədə olub. Əgər həqiqətən də belə plan və proqram mövcud olubsa, bu, əvvəlcədən müəyyən kadr yerləşdirmələri ilə müşayiət oluna bilərdi. Buna görə də nəticələri gözləmək və yekun qərarlara uyğun mövqe bildirmək daha doğru yanaşmadır”.

Hüquqşünas Əkrəm Həsənov qeyd edib ki, böyük ehtimalla yayılan məlumatlarda adları çəkilən şəxslərin, o cümlədən Ramiz Mehdiyev və digərlərinin ətrafında olan bəzi şəxslərlə bağlı da həbslər gözlənilə bilər:

“Çünki söhbət kifayət qədər ciddi ittihamlardan gedir və bu miqyasda iddiaların yalnız bir neçə nəfərlə məhdudlaşması inandırıcı görünmür. DTX ciddi və peşəkar qurumdur. Ehtimal etmək olar ki, adı hallanmayan şəxslərlə bağlı araşdırmalar da artıq aparılır və ya başa çatmaq üzrədir. Sadəcə, məlumatlar istintaqın gedişinə uyğun olaraq mərhələli şəkildə açıqlanır. Bununla belə, təqsirsizlik prezumpsiyasını qoruyuruq. Yəni heç kəsi əvvəlcədən cinayətkar adlandırmırıq. Hazırda söhbət yalnız ittihamlardan gedir”.

Əkrəm Həsənov

Hüquqşünasın sözlərinə görə, ittihamların səsləndirildiyi qurumun statusu və məsələnin ciddiliyi onu deməyə əsas verir ki, araşdırma daha geniş çevrələri əhatə edə bilər:

“Hələlik açıqlanmayan başqa adlar da var. Bu şəxslər arasında vaxtilə dövlət vəzifəsi tutmuş, hətta müəyyən strukturlarda çalışmış şəxslərin olması da istisna deyil. Bununla yanaşı, prosesin əsasən hazırda vəzifə daşımayan şəxsləri əhatə etməsi daha real görünür. Yekun nəticələr isə istintaqın rəsmi açıqlamalarından sonra məlum olacaq”.

Qeyd edək ki, DTX-nın yaydığı məlumata görə, cinayət işi üzrə təqsirləndirilən şəxslərə elan edilmiş ittihama əsasən, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə yaradılaraq 4 iyul 2012-ci ildə xarici ölkədə “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” adı altında qeydiyyatdan keçirilmiş və “Milyarderlər İttifaqı” adlandırılan təşkilatın həmtəsisçiləri və rəhbərləri olmuş Abbasov Abbas Aydın oğlu və İbrahimbəyov Rüstəm Məmməd İbrahim oğlu, eləcə də Mehdiyev Ramiz Ənvər oğlu, AXCP sədri Kərimli Əli Əmirhüseyn oğlu, partiyanın üzvləri – Qəhrəmanlı Fuad Əli oğlu, Zayıdov Qənimət Səlim oğlu və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşiblər.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
globalinfo.az

1Sources